Yaşar Seyidov: "Qarabağ"la "Simurq"dan FİFA-ya da şikayət edəcəyik" QALMAQAL

11:40 - 13 Avqust 2014

"Akademiyamızın yetirməsi olan futbolçuları götürməyə nə haqqları var?"
 
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov komandanın yeni mövsüm üçün iştirak ərizəsi Peşəkar Futbol Liqasına təqdim olunub. Azerisport.az saytına açıqlamasında o, planlarını belə açıqlayıb:
 
"Bütün bank sənədlərini də bu quruma göndərmişik. Qoy "Bakı"nın Premyer Liqada oynayacağına heç kimin şübhəsi qalmasın. Komanda ikinci turun "Neftçi" ilə oyununa hazırlığı davam etdirir".
 
Seyidov klub prezidenti Hafiz Məmmədovun komanda üzvləri ilə görüşündən də danışıb: "O, komanda heyəti ilə görüşündə izah etdi ki, çempionatda iştirak etmək üçün heç bir problem yoxdu. Hafiz Məmmədov bu gecikməyə görə anlayış göstərən AFFA rəhbərliyinə təşəkkür etdi. Hərdən mətbuata yazılan bəzi informasiyalara təəccüblənirəm. Bəziləri deyəsən unudur ki, Hafiz Məmmədov AFFA İcraiyyə Komitəsinin üzvüdü".
 
Vitse-prezident "Bakı"nın bəzi futbolçularının "oğurlanmasına" da münasibət bildirib: "Bunun başqa adı yoxdu. "Qarabağ" və "Simurq"un akademiyamızın yetirməsi olan futbolçuları götürməyə nə haqqı var? "Qarabağ" Şəhriyar Əliyevlə Namiq Ələsgərovu ilk turda sifariş etmişdi. "Simurq" isə Vüqar Mustafayevlə Vadim Abdullayevi hələ sifariş etməyib. Onların hamısı bizim akademiyanın yetirməsidi və digər klubların belə davranmağa haqqı yoxdu.
 
Adi bir misal çəkim. Namiq Ələsgərov "Bakı"nın İspaniyadakı toplanışında olub. Təkcə ona görə həmin toplanış zamanı 30 min avro pul xərcləmişik. Hələ onun üçün bütün il ərzində Akademiyada xərclənən pulları demirəm. Ötən il "Bakı"nın heyətində akademiyanın yeddi futbolçusu meydana çıxmışdı. Amma "Qarabağ"la "Simurq" indi heç bizə bir zəng etməyə ehtiyac duymadan onları öz heyətinə qatır.
 
Artıq onların bu oğurluğu ilə bağlı AFFA-ya müraciət etmişik. Lazım gəlsə, FİFA-ya da müraciət edəcəyik. "Bakı"nın akademiyası ondan ötrü çalışmır ki, yetişdirdiyi futbolçular pulsuz olaraq başqa klublara keçsinlər".

Xəbər xətti