Həmin qayda daxili transferlərə şamil olunmur
AFFA-nın verdiyi sənədə əsasən, “Bakı” klubunun yetirmələri olan Şəhriyar Əliyev və Namiq Ələsgərov “Qarabağ”a, Vadim Abdullayev və Vüqar Mustafayev isə “Simurq”a keçiblər.
“Bakı” AFFA-nın bu addımından narazıdır və iddia edir ki, klubun yetirmələrinə görə təzminat ödənilməli idi. AFFA isə onların etirazını qəbul etmir.
Bu məsələdə kimin haqlı olduğunu aydınlaşdırmaq üçün araşdırma apardıq.
İlk növbədə onu deməliyik ki, əgər hər hansı futbolçu 2 ay maaş almırsa, o, AFFA-nın Oyunçuların Statusu və Keçidi Komitəsinə müraciət etmək ixtiyarındadır. Ki, “Bakı”nın futbolçuları da eyni addımı atıblar. Və həmin müraciətə əsaslanaraq AFFA onlara azad agent statusu verib.
Digər məsələ isə həmin futbolçuların “Bakı” klubunun yetirmələri olduğu üçün tələb edilən təzminatdır. Lakin FİFA-nın qaydalarına görə, akademiya yalnız yetirməsi ilk peşəkar müqaviləsini bağladığı zaman bunun müqabilində təzminat tələb edə bilər. Misal üçün, “Vətən” Futbol Məktəbi yetişdirir, futbolçu ilk peşəkar müqaviləsini başqa klubla bağlayır. Daha dəqiq izah etsək, həmin futbolçu “Vətən”lə ilk peşəkar müqaviləsini bağlasaydı, o zaman onun keçidindən heç kimə təzminat düşməyəcəkdi.
Qeyd edək ki, klubun yetirməsi yalnız xaricə transfer olunduğu halda 23 yaşına qədər həmin futbolçuya görə təzminat almaq mümkündür. Həmin qayda daxili transferlərə şamil olunmur.
saytlarin hazirlanmasi