"Qarşıdakı 3-4 gün ərzində bütün işləri həll edəcəm"
Liqa 1-ə qayıdan "Lans" 4 illik fasiələdən sonra dönüşünü "Nant"la oyunda rəsmiləşdirdi. Son həftələrədək güclülər dəstəsinə buraxılması sual altında olan, Hafiz Məmmədovun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi sayəsində iştirakçılar arasında yer alan klub rahat nəfəs aldı. Şimali fransızlar artıq irəli baxmalıdı. Çünki azərbaycanlı sahibi «qırmızı-sarılar»ın maddi durumunun bundan sonra daha yaxşı olacağını açıqlayıb. Sportinfo.az-a danışan H.Məmmədov "Land of fire Azerbaijan" forması geyinən komandanın ölkəmizi layiqincə təmsil etdiyini deyib:
"Lans"ı təzə götürəndə söyləmişdim ki, Liqa 1-ə bir mövsümə çıxacaq. Dediyim kimi oldu. Liqa 2-də klubun imicini qorudular və azarkeşlərini sevindirdilər. Bu. Əlamətdar hadisəydi. Çünki Fransada bir çoxları inanmırdı ki, «Lans» belə tezliklə özünə gələr və Liqa 1-ə vəsiqə qazanar. Əlbəttə, bu uğurda məşqçilərin və futbolçuların rolu böyükdü. Ancaq mən azarkeşləri də xüsusi qeyd edərdim.
Şəhərin özündə 30-35 min insan yaşayır. Ancaq «Lans»ın hər oyununa 40 mindən çox azarkeş gəlir. Bir çox oyunlarda stadiona bilet tapmaq olmur. Bunlar göstərir ki, yerli əhali doğma komandalarına necə sevgi ilə yanaşır. Çox vətənpərvərdilər. Onlar arxayın olsun ki, «Lans»a yaxşı transferlər edəcəm. Hələlik ad çəkməyim. Baş məşqçinin istədiyi səviyyəli futbolçular bu komandanın şərəfini qoruyacaq. Qarşıdakı 3-4 gün ərzində bütün işləri həll edəcəm və yerdə qalan bütün ödəmələr də ediləcək. “Lans” Azərbaycan klubudu və belə qalmaqda da davam edəcək. Bu həftədəki oyuna qədər çox istəyirəm ki, “Lans”ın hesabına bütün ödəmələr yerinə yetirilsin".
Ünlü iş adamı bildirib ki, "Lans"la bağlı planları ciddi və bunları zamanı yetişdikcə hissə-hissə reallaşdıracaq. Hazırda isə "Felliks Bollart" stadionunda təmir gedir. Avro-2016-nın bir neçə oyunu bizim, yəni «Lans»ın stadionunda keçiriləcək. Onun dediyinə görə, məlum problemlər səbəbindən yay bazarlığında “Lans”ın transfer siyasətinə çox diqqət göstərmək mümkün olmayıb. Ancaq yerli publikaya elə gəlməsin ki, bu məsələyə yaxın zamanda baxılmayacaq. Stadion təmirə bağlandığından, “Lans” ev oyunların başqa stadionda keçirəcək. Təmiri qurtarandan sonra isə transferlərə güclü pul ayrılacaq:
"Mən baş məşqçi Antuan Kombuareya çox inanıram. Necə güclü məşqçi olmasını komandanı Liqa 1-ə çıxartmaqla sübuta yetirdi. "Lans"da işlər düzgün qurulub. Akademiyadan əsas komandayadək burda hər kəs öz işinin asıdı. Başa düşürük ki, Liqa 2-dəki heyətlə kifayət qədər güclü çempionatda mübarizə aparmaq çətindi. Az qalıb, bu çətinliklər də aradan qalxacaq. Mən "Lans"ı götürməmişəm ki, ondan da imtina edim. Uzunmüddətli planlarımız var. Yaxşı olacaq. Bu klub Azərbaycanın maraqlarına xidmət eləyir. "Lans"ın keçmişindən xəbərdaram və bilirəm ki, böyük klubdu. Belə bir klub daim öz iddiasını qorumalı və Fransanın futbol həyatına yeniliklər gətirməlidi. "Lans"ın uğuruna kölgə salmaq istəyənlər xatırlasın ki, biz bu klubu götürəndə nə vəziyyətdəydi. "Lans" Avropa arenasında da sözünü deyəcək. Nə lazımdısa, o dəstəyi də verəcəyik".
saytlarin hazirlanmasi