Qorxulu olan yıxılmaq deyil, yıxılandan sonra qalxa bilməməkdir
O, son illər mətbuatda gündəm yaradırdı. Elə son aylar da çox müzakirələrə sabəb oldu. Əvvəllər “Land of fire Azerbaijan” kimi layihə ilə hamının diqqətini üzərinə cəlb edirdisə, son aylar...
Son aylar kimisi Hafiz Məmmədovun müflis olduğunu, kimisi hər şeyinin əlindən alındığını iddia edirdi, hətta həbs edildiyini deyənlər də var idi. Bu haqda dəqiq nə isə demək çətindir. Görünən o idi ki, bu adam bəlkə də həyatının ən çətin dönəmini yaşayır.
Düzü, onun haqqında hər gün xoşagəlməz xəbərlər oxumaq ağır gəlirdi mənə. Hər şey bir kənara qalsın - futbol da, onun biznesi də, siyasi proseslər də. Mənim bu məsələyə yanaşmam ondan ibarətdir ki, Hafiz Məmmədov kimi insanlar bu cəmiyyətə lazımdır. Çox imkanlı və imkanlı olduğu qədər də çox sadə! Şəxsən tanımayanlar onun haqqında fərqli fikirdə ola bilərlər. Ancaq tanıyanlar bilirlər ki, o, bu ölkə və bu ölkə vətəndaşı üçün heç nəyini əsirgəməyib.
Onu cəmiyyətə mənfi obraz kimi təqdim etmək istəyənlər də var. Nə deyim? Zaman hər şeyi öz yerinə qoyur.
Bu həyatda qalxırsan, düşürsən, qalxırsan, düşürsən, ya qalxırsan daha düşmürsən, ya da düşürsən daha heç vaxt qalxa bilmirsən. Qorxulu olan yıxılmaq deyil, yıxılandan sonra qalxa bilməməkdir.
Uzun müddətdən sonra sükutu pozması, iddialı açıqlamalar verməsi, “Bakı”nı toparlaması o anlama gəlir ki, Hafiz Məmmədov problemlərini yoluna qoya bilib. Deyəsən, çoxlarının düşündüyü kimi son olmadı, sonun başlanğıcı oldu.
O, “Bakı” üçün çox iş görüb. Ancaq son illərdəki uğursuzluqlar onu göstərdi ki, yanlışlar da kifayət qədər olub. Məmmədov yola davam etməli deyil, yeni bir yola çıxmalıdır.
Hiss olunur ki, Hafiz Məmmədov komandanı tərk edən futbolçulara küskündür. 6 ay maaş almayan cavanların çörək pulusu yox idi, milli üzvləri heç toplanış belə keçməmişdilər, “Bakı”nın sabahı bəlli deyildi. Ona görə də, heç kimə küsmək yox, hər şeyə anlayışla yanaşmaq lazımdır. Hafiz Məmmədova bu yaraşır.
Emin ABBASOV
saytlarin hazirlanmasi