Azərbaycanlı biznesmen 5 il kubu satmayacaq!
Rihanna futbola sərmayə buraxmaq barədə düşünür. Belə ki, məşhur müğənni dostu Didye Droqbanın məsləhəti ilə klub almaq istədiyini elan edibmiş. Bu xəbəri eşidən “Lans” azarkeşləri isə estrada ulduzundan pullarını bu kluba yatırmaq xahişində bulunub.
Xəbərdə bildirilirdi ki, Fransa klubunun səhmlərinin 2/3-sinə nəzarət eləyən H.Məmmədov müflis olduğundan, büdcəyə maliyyə vəsaiti verə bilmir. Sən demə, Rihanna əvvəlcə ingilis klublarından birini almaq istəyirmiş. Lakin tərəfdarların müraciətindən sonra o, “Lans”ı almaq üzərində düşünüb. Hətta bu barədə öz twitter səhifəsində yazıb. “Qırmızı-sarı” fanatların adından sosial şəbəkələrdə kampaniyaya - “#RihannaForRCLens” (Rihhana “Lans” üçün) haştaqı ilə paylaşımlar etməyə başlamışdılar.
Bu informasiya gündəmi tam işğal etməmiş İngiltərə mətbuatı bu dəfə fərqli bir iddia ortaya atdı. İndi də bildirildi ki, 26 yaşlı müğənni azərbaycanlı iş adamına məxsus klubunu almaq fikrində deyil. Belə ki, Rihanna "Liverpul"un səhmlərinə göz dikib və amerikalı sahibi ilə danışıqlara start verib. Axı "mersisaydılar" ABŞ-ın “Fenway Sports Group” şirkətinə məxsusdu. Dünyaca məşhur ulduz İngiltərə mətbuatında indidən “Qadın Abramoviç” kimi xatırlanmağa başlayıb. Çünki daha əvvəl "Çelsi"ni almaq fikirində olub. Nə istədiyini özü də bilməyən və pulunu xərcləməyə yer tapmayan Rihannanın sonda hansı seçimi edəcəyi ilə işimiz yoxdu.
İşimiz ondan ibarətdi ki, “Lans” yaxın 5 il ərzində sahibini dəyişməyəcək. Bu, öncədən tənzimləndiyi və təsdiqləndiyi halda, Rihanna və ya bir qeyrisi klubun səhmlər paketini ələ keçirə bilməz. Oyun-oyuncaq deyil ki, kimin pulu var, sinəsini irəli versin, ya da qapazlayıb alsın. Hər işin bir yolu, qaydası olduğu kimi, Fransada klub almağın da bir vasitəsi mövcuddu. “Lans”ın keçmiş himayədarları Hafiz Məmmədovun imkanından xəbər tutan kimi deməyib ki, buyur gəl, aha, «Ağ atlı oğlan»ımız sizsiz.
Fransanın ən köklü camiələrindən biri hər nə qədər maliyyə çətinliyinə uğrasa da, müştəriləri olmamış deyildi. Xüsusən ərəb oliqarxlarının üzünə bu qapılar həmişə açıq saxlanılıb. Hafiz Məmmədov «Lans»ı alıbsa, bu, Azərbaycan dövlətinin xeyir-duası və köməyi ilə mümkün hala gəlib. İcazə hər şey deməkdi. Rihannaya ünvanlanan «zəhmətkeş məktubları»nın anonim yiyələrini araşdıran lazımdı. Lap estrada ulduzu kluba maraq göstərə bilsəydi belə, səhmlər paketini almaq üçün minimum 100 milyon avro ödəməliydi. Hər halda azərbaycanlı milyarder bu 1 ilə yaxın müddətdə Fransa futboluna heç də bundan az vəsait xərcləməyib. “Lans”ı ona havayı verməyiblər ki…
Sportinfo.az-da belə informasiya var ki, “Lans”ın əl dəyişməsi ilə bağlı şayiələrə birdəfəlik nöqtə qoyulub. Yüksək səviyyədə yandırılan "yaşıl işıq" sayəsində “qırmızı-sarılar” bu yay yaşadıqları sıxıntılardan qurtulub. Necə? Hafiz Məmmədov maliyyə rıçaqlarını tədricən qaydasına salmağa başlayıb və bunun nəticəsini “Lans” da görəcək. Sadəcə, dəymiş ziyanı yerinə qaytarmaq üçün 3 ay da vaxt lazımdı. Daşlar hörüləndən sonra Liqa 1-ə yüksələn komandayla əlaqədar planlar təkrar müzakirəyə çıxarılacaq. Məmmədovun investorlarla danışıqlar apardığı bildirilir. İndiki mərhələdə “Lans”a dəstək olmaları üçün. Onunla bərabər.
Mənbə:Sportinfo.az
saytlarin hazirlanmasi