"Biz istənilən rəqiblə başabaş mübarizə aparmağa hazırıq”
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran” Topaz Premyer Liqasının ikinci turunda ilk ev oyununa çıxdı. Oğuz Çətinin başçılıq etdiyi komanda azarkeşləri önündə "Sumqayıt”a 0:1 hesabı ilə uduzdu.
Sportal.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis komandanın çıxışını dəyərləndirib:
"Məqsədimiz yaxşı komanda olduğumuzu azarkeşlərə göstərmək idi”
"Cari mövsümdə doğma meydançamızda ilk oyunumuza çıxdıq. Məqsədimiz yaxşı bir kollektiv olduğumuzu azarkeşlərə göstərmək idi. Bir həqiqət var ki, biz çox yaxşı komandayıq. Amma ilk iki matçda böyük şanssızlıqlar yaşayırıq. Bütün bunların fonunda qarşıdakı oyunlarla bağlı hər hansı bir həyəcanımız yoxdu. Futbolda belə bir anlayış var ki, ani bir səhv oyunun taleyini həll edir. "Sumqayıt”la oyunda da səhvə yol verdik. Bütün bunlara baxmayaraq, biz qalan vaxt ərzində oyunu çevirmək üçün çox çalışdıq. Lakin bunu bacara bilmədik. Son 2 həftədə 5 xal itirdik. Nəticə qənaətbəxş olmasa da, çox yaxşı oynadığımızı düşünürəm. Ona görə də qarşıdakı oyunlarda uğurlu nəticələr qazanacağıq. "Simurq”la oyunda 3 xalı aktivimizə yazmalıyıq”.
"Problemin ötən ildəki kimi olduğunu demək olmaz”
"Komanda olaraq, çox sayda qol epizodları yaradırıq. Bu, çox önəmli bir məqamdır. Amma qol vurmaq daha önəmlidir. Ötən ildəki problemlə indiki problem eyni deyil. İndi bizim komandamız topla çox yaxşı davranır, topu özündə daha çox saxlayır. Ən böyük problemimiz qol vura bilməməyimizdir. Futbolçularımın lazım olan yerlərdə daha dəqiq oynaması lazımdır. Ümid edirəm ki, onlar bunu bacaracaqlar”.
"Orxan Sadıqlı bu ölkə üçün önəmli bir dəyərdir”
"Biz qapıçı axtarışlarını yekunlaşdırmışıq. Yaxın günlərdə düşərgəyə yeni qapıçı cəlb olunacaq. İndiki məqamda onun kimliyi barədə geniş məlumat vermək istəmirəm. Orxan Sadıqlının səhvlərinə gəldikdə isə deməliyəm ki, gənc qapıçı startda iki şanssız oyun keçirdi. Amma unutmayaq ki, Orxan inkişaf etməkdə olan bir qapıçıdır. Azərbaycan üçün dəyərli bir futbolçudur. Biz ona hər zaman şans verəcəyik. Amma onunla rəqabət üçün təcrübəli, yükü daşıya biləcək bir qolkiper də gətirəcəyik.
"Bizi qınamağa haqları var”
"Son iki həftədə 5 xal itirmişik. Bir komandanın başına ancaq bu qədər şanssızlıq gələ bilər. Sözsüz, nəticədə biz məğlub olmuşuq. Buna görə azarkeşlərin bizi qınamağa haqları var. "Xəzər Lənkəran” kimi komandanın iki oyunda 5 xal itirməyə haqqı yoxdur”.
"Çempionatdakı hər bir komandanı üstələyə bilərik”
"Komandamız Azərbaycan çempionatında istənilən rəqibə qarşı mübarizə apara və qalib gələ bilər. Kimdənsə zəif oynadığımızı demək haqsızlıq olar. Biz istənilən rəqiblə - "Neftçi”, "Qarabağ” və "İnter” kimi komandalarla da başabaş mübarizə aparmağa hazırıq”.
"Tounkara komandamıza geri dönəcək”
"Yay transfer vaxtının bitməsinə qədər bir qapıçı gətirəcəyik. Bundan əlavə Sadio Tounkara da geri dönəcək. Onlar gələcək və biz transfer işlərimizi yekunlaşdıracağıq”.
Müsahibəni götürdü: Elgiz Abbasov
saytlarin hazirlanmasi