Emin Nuri: "Azərbaycanla bağlılığım yoxdu" MÜSAHİBƏ

11:40 - 19 Avqust 2014

"Platye bizim komandada 4 ay qaldı"
 
Millimizin dünən təşkil olunan açıq məşqi zamanı İsveçin “Kalmar” klubunun müdafiəçisi Emin Nuri jurnalistlər üçün keçirdiyi brifinqdə sualları cavablandırıb.
 
- Klub və yığmanın məşqlərində iştirak etmək arasında hansı fərqlər var?
- Millinin tərkibində olanda digər futbolçularla az ünsiyyət qurmaq imkanımız olur. Burda klubdan fərqli, az məşq edirik. Ona görə də millidə qısa müddətdə çox şey etməyə çalışırıq.
 
- Sizi Azərbaycanla nə bağlayır?
- Mən Türkiyədənəm. Birbaşa Azərbaycanla bağlılığım yoxdu. Amma Türkiyə ilə Azərbaycan qardaş ölkə olduğu üçün mənə burda oynamaq rahatdı. Özümü burda yaxşı hiss edirəm.
 
- AFFA-dan dəvət alanda ilk hissləriniz necə oldu?
- Böyük şərəf hissi duydum. Sentyabrda start götürəcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycanı təmsil etmək çox qürurverici hissdi. Əlimdən gələni edəcəyəm ki, mərhələdə yığmaya köməyim dəysin.
 
- “Neftçi”yə məxsus olan Melvin Platye “Kalmar”da çıxış edir. O, özünü orda necə hiss edir?
- Platye bizim komandada 4 ay qaldı. 2 həftə əvvəl bizim klubdan ayrıldı. Yaxşı oyunçu olsa da, bizim komandada şansı heç gətirmədi. Hansı kluba keçdiyini bilmirəm. Amma bilirəm ki, Hollandiyaya qayıtdı.
 
- Vaxtlə Türkiyə mətbuatına açıqlamanızda demişdiniz ki, məqsədiniz qardaş ölkədə çıxış etməkdi. Hələ də bu fikirdə qalırsınız?
- Bunu demişdim. İlin əvvəlində belə bir şansım vardı. “Kalmar”la müqaviləm başa çatmışdı. Ancaq sərfəli təkliflər olmadığı üçün “Kalmar”la yenidən müqavilə bağladım.
 
- Milliyə necə dəvət almağınızı izah edərdiniz...
- Birbaşa Berti Foqtsla əlaqəm olmayıb. Onun köməkçisi Volfqanq Rolff mənim İsveçdə keçirdiyim oyunları izləyib bəyənmişdi. Rolff mənə Foqts haqqında danışmışdı. Belədə mənə dəvət gəldi.
 
- Yığmada müdafiənin sağında uzun müddətdi Mahir Şükürov çıxış edir. Onunla rəqabətdən qalib ayrılacağınıza əminsiniz?
- Millidə belə bir oyunçunun olduğunu bilirəm. Bütün oyunçulara hörmət edirəm. Amma çalışacağam ki, əlimdən gələnin yaxşısını edib əsas heyətdə möhkəmlənim.
 
- Çoxları deyir ki, siz milliyə İqor Ponomaryovun vasitəçiliyi ilə cəlb olunmusunuz. Bu, düzgün informasiyadı?
- Mən onun oğlu Anatolini “Östers”də bir yerdə oynadığımız vaxtdan tanıyıram. Amma İqorla tanışlığım sadəcə komanda yoldaşımın atası olduğu üçündür. O, mənim milliyə cəlb olunmağımda heç bir vasitəçilik etməyib.
 
Apasport.az

Xəbər xətti