“Bakı” yavaş-yavaş toparlanıb çempionatda sözünü deyəcək”
“Bakı”nın baş məqçisi İbrahim Uzunca qarşıdakı turda komandasının “Qəbələ” ilə oyuna hazırlığını dəyərləndirib.
Sportal.az a açıqlamasında türkiyəli məşqçi komandada olan problemlərin artıq yoluna düşdüyünü bildirib:
“Şükürlər olsun ki, artıq problemlər həll olmaq üzrədir. “Neftçi” ilə oyunda komanda pis təsir bağışlamadı. Əslində məğlub olmalı deyildik. Futbolçular “Neftçi” ilə səfər oyunundan ən azı bir xal gətirmək üçün çox çalışdılar. Nəzərə alın ki, komanda qısa bir müddətdə yığılıb. Heç bir toplanış keçməyən komanda “Neftçi” kimi güclü rəqibə qarşı oynadı. “Bakı” yavaş-yavaş toparlanıb qarşıdakı oyunlarda sözünü deyəcək. İndi bizi “Qəbələ” ilə çətin oyun gözləyir. Artıq bu oyuna hazırlaşırıq və qələbə qazanıb çətin vəziyyətdən çıxmaq istəyirik”.
İbrahim Uzunca “Bakı”nın yeni transferlərə ehtiyacı olub-olmadığına da aydınlıq gətirib:
“Belə çətin məqamdan çıxmaq üçün əsas vəzifə biz məşqçilərin üzərinə düşür. Əslində hər bir komandanın transferə ehtiyacı var. İndi vəziyyət elədir ki, “Bakı”nın öz yetirmələrindən istifadə etməliyik. Onlar püxtələşdikcə, artıq kənardan futbolçu almağa o qədər də ehtiyac olmayacaq. Ola bilsin ki, zəif olan mövqelərə iki-üç əcnəbi gəlsin”.
Baş məşqçi “Bakı”nın aparıcı futbolçularından sayılan Elvin Əliyevi komandadan çıxarmasını da izah edib:
“Mənə futbolçunun oyunu ilə yanaşı nizam-intizamı da önəmlidir. Futbolçu ilə baş məşqçi arasında subardinasiya olmalıdır. Dəmir intizam olmayan yerdə istənilən hədəfə çatmaq mümkün deyil. Elvin Əliyevlə aramızda heç bir problem olmayıb. Mənim iş prinsipim əvvəl komanda da nizam-intizamı yaratmaqdır. Kimsə qaydalara əməl etməzsə, həmin futbolçuya komandamda yer yoxdur. Əgər beş barmağın biri digərinə mane olarsa, onu kəsib ataram”.
saytlarin hazirlanmasi