"Qarabağ"ın mərhələ keçmək şansı daha çoxdur"
"Qarabağ" Avroliqanın pley-off-unda Respublika stadionunda "Tvente" ilə qolsuz heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib:
"Qarabağ"ın oyundan razı qaldım. Hollandiya futbolu ilə öz sözünü deyib."Tvente" Hollandiyanın ən güclü klublarından biridir. Buna baxmayaraq, oyun ərzində topa biz nəzarət edirdik.
"Qarabağ" günü-gündən Azərbaycanı şərəfləndirir. Oyundan sonra futbolçulara dedim ki, hələ işimiz bitməyib, səfərdə bu işi bitirəcəyik. Rəqib komandanın oyununa nəzərən deyə bilərəm ki, "Tvente" səddini keçə bilərik. Əsas odur ki, bu psixoloji gərginliyi başımızdan ataq və oyuna köklənək.
"Qarabağ"ın mərhələ keçmək şansı daha çoxdur. Hər şey özümüzdən asılıdır. Səfərdə bir qədər çətin ola bilər. Çünki azarkeş dəstəyimiz olmayacaq. Bu oyunda azarkeşlərimiz möhtəşəm idilər. İlk dəfə idi ki, Azərbaycanda bu atmosferi görürdüm. Avropada yaşayan azərbaycanlılara müraciət edərək deyirəm ki, səfər matçında bizə dəstək olsunlar. Qəlbimiz Azərbaycanın Avropa Liqasındakı digər təmsilçisi "Neftçi" klubu ilə birgədir. İstəyirik ki, hər iki komandamız Avroliqanın qrup mərhələsinə vəsiqə qazansın".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 28-də, Hollandiyada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
saytlarin hazirlanmasi