"Dəvət olunan əcnəbiləri milliyə yaraşdırmıram"

14:43 - 22 Avqust 2014

Şahin Diniyev: “Qarabağ” bundan istifadə etsə...”

 

Avropa Liqasının pley-off mərhələsində ölkəmizi təmsil edən “Qarabağ” və “Neftçi” ilk oyununu keçirib. “Qarabağ” Bakıda Hollandiyanın “Tvente” klubu ilə heç-heçə (0:0), “Neftçi” isə Belqradda “Partizan”a (2:3) hesabı ilə məğlib olub. Milli komandamızın sabiq baş məşqçisi Şahin Dinyev komandalarımızın avrokuboklarda ilk oyunlardan şanslarını Sportal.az-da  dəyərləndirib.

 

“Hər iki komandamızın qrupa düşmək şansı var. “Neftçi” hesabda 2:0 irəlidə olsa da, nəticədə məğlub oldu. Ancaq səfərdə iki qol vurmaq dördə bərabərdir. “Qarabağ”ın “Tvente” ilə 0:0 oynaması da komandamızın şansını saxlayır. “Tvente” burda qapalı oynadı. Yəqin ki, hollandlar evdə qol vurmaq üçün açıq oyuna üstünlük verəcəklər. “Qarabağ” bundan istifadə etsə, səfərdə sərfəli nəticə əldə edə bilər. “Qarabağ”a səfərdə qollu heç-heçə bəs edir. Bu cütlüklərdə hər şey cavab oyunundan sonra bilinəcək. Dörd komandanın da qrupa vəsiqə qazanmaq şansları eynidir”.

 

Şahin Diniyev bir neçə gün öncə millimizin Özbəkistanla yoldaşlıq oyununu da dəyərləndirib:

 

Əslində yoxlama oyununa görə millinin oyunuina qiymət vermək düzgün deyil. Sözsüz ki, baş məşqçi belə oyunlarda yeni oyunçuları sınaqdan keçirir. Özbəkistan yığması ilə qarşılaşma da sıradan bir oyun idi. Millidə bir şeyi bəyənmədim ki, komandaya lazımsız əcnəbi oyunçular dəvət edirlər. Onlar millinin formasını geyinməyə haqq eləmirlər. İnanmıram ki, belə futbolçular seçmə oyunlarda yığma komandamıza fayda versinlər. Sadəcə bu futbolçuları klublarında nəzarət altında saxlamaq lazımdır ki, artıq püxtələşəndən sonra milliyə dəvət etsinlər. İndiki halda dəvət olunan əcnəbiləri milliyə yaraşdırmıram”    

      

Xəbər xətti