- Bu gün “Xəzər Lənkəran”la 1 illik müqavilə imzaladız. Keçidin təfərrüatı ilə bağlı danışmağınızı istərdik...
- Açığı, biz bir neçə gün əvvəl məsələni müzakirə etmişdik. “Xəzər Lənkəran” tərəfi mənə zəng vurub, hazırkı durumumla maraqlandı. Transfer vərəqimin özümdə olub-olmadığını soruşdular. Yekun danışıq isə bu gün oldu. Klub rəhbərliyi ilə görüşdük və 1 illik müqavilə imzaladıq.
- “Araz Naxçıvan”ın düşərgəsini tərk etdikdən sonra belə bir fikir söyləmişdiz ki, karyeramı bitirə bilərəm. Bu söz və çempionluğa iddialı “Xəzər Lənkəran”la müqavilə imzalamaq böyük təzad deyilmi?
- Bəli, mən yenə sözümü deyirəm. Əgər hansı bir uyğun təklif gəlməsəydi, karyeramı bitirəcəkdim. Bu məsələ gündəlikdə idi. Amma yaxşı təklif oldu və mən razılaşdım. 35 yaşım olmasına baxmayaraq, düşünürəm ki, yaxşı günlər irəlidədi. “Xəzər Lənkəran” kimi klubda oynayacağıma görə çox şadam.
- “Xəzər Lənkəran” karyeranızın sonuncu klubu olacaq?
- Onu Allah bilir. Mən çalışacağam ki, sonluğu yaxşı nəticə ilə gətirim.
- “Xəzər Lənkəran”ın qapıçı baxımından problem yaşadığı məlumdu. Bu mənada, sizin üzərinizə qarşıdakı oyunlarda məsuliyyət daha çox düşəcək. Buna hazırsızmı?
- Əlbəttə, “Xəzər Lənkəran”da oynamaq ikiqat çətindi. Çünki “Xəzər Lənkəran”ın azarkeşi var və onlar daim qələbə arzulayırlar. Azarkeşlərin sevgisinin qarşılığını qələbə ilə vermək lazımdı. Bəli, cənubda oynamaq çətindi. Amma mən yaxşı klublarda oynamışam və təcrübəm var, bütün bunlar mənə yardımçı olacaq. Heyətdə yer alan qapıçı Orxan Sadıqlıya dəstək və örnək olmağı düşünürəm. Kimin oynamağından asılı olmayaraq, məncə, əsas məsələ “Xəzər Lənkəran”ın uğur qazanmasıdı.
- “Xəzər Lənkəran”ın mütləq hədəfi çempionluqdu. Sizcə, bu heyət ən yüksək zirvədə olmağa qadirdi?
- Topaz Premyer Liqasında güclü komandalar az deyil. Çempionat uzundu. Bu marafonda mütləq şəkildə hər kəs bir nöqtəyə vurarsa, “Xəzər Lənkəran” çempion ola bilər.