"Tovuzda başladım, "İnter"də inkişaf elədim, "Qarabağ"da isə dönüş nöqtəsi oldu" MÜSAHİBƏ

01:15 - 23 Avqust 2014

"O vaxtdan istifadə edib harasa gəzməyə çıxırıq, onda da mağazalara gedib alış-veriş edirik"
 
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı "İnter"in futbolçusu Elvin Məmmədovdu.
 
Sportal.az həmin səmimi müsahibəni təqdim edir:

- Necə ailədə böyümüsən, Məmmədov? Sənə uşaqlıqda çoxmu Tovuz uşağı deyirdilər?
- Bəli, Tovuz uşağıyam. 1988-ci ildə iyulun 18-də Tovuzda anadan olmuşam. Ailəm atam, anam və qardaşlarımdan ibarətdi. 4 qardaşın ən kiçiyiyəm. Deyərdim ki, balacalıqdan tərbiyəli, sakit uşaq olmuşam, çox nadinc olmamışam.

- Bakıya nə vaxt gəlmisən?
- 9-cu sinifdə oxuyanda Bakıya gəldim. Elə olurdu ki, məşqlərə gəlirdim, sonra yenidən rayona qayıdırdım, yəni çətin olurdu, amma öhdəsindən gəlirdim. Məşğul olduğum işi sevirdim deyə o çətinliyə baxmırdım, belə desək, dözməyə çalışırdım.

Oxuyan uşaq olmamışam. 5-ci sinifdən sonra başladım oxumağa, daha çox tarix dərsini yaxşı oxuyurdum.

- Tarixdən hansı dərs yadında qalıb? Məsələn, Manna dövləti nə vaxt yaranıb?
- Səhv eləmirəmsə 9-cu əsrdə yaranıb.

- Tovuzda – rayon yerində futbola maraq hardan yaranmışdı?
- Böyük qardaşım futbola gedirdi, sonra məni də apardı. O davam eləmədi, amma mən davam elədim. İlk olaraq Tovuz futbolundan başladım. Tovuzda “Turan” komandasında oynamışam.

- Milliyə səni ilk dəfə kim gətirib?
- Deməli, Tovuzda oynayanda seçimlərə gəlmişdilər. Bizi İslam müəllim seçmişdi, elə o vaxtdan millidə oynamağa başladım.

- Məktəb illəri neçə keçirdi? Nə ilə fərqlənirdin?
- Məşğul olmadığım idman növü yox idi. (gülür) Həndbol, voleybol, üzgüçülük, hətta xora da gedirdim.

- Deməli, yaxşı səsin var?
- Xora seçmişdilərsə, deməli, nəsə var. (gülür)

- Məmmədov, səni cüdoda, güləşdə təsəvvür edə bilmirəm. Özün necə?
- Əslində, özüm də təsəvvür etmirəm. Bir ara güləşə getdim, maraqlı idi, həm də çox çətin idi. Bir hərəkəti öyrənmək üçün neçə dəfə təkrar etməlisən, mən isə iki dəfədən artıq etmirdim, gücüm çatmırdı.

- “İnter”-“Qarabağ” – “Bakı”- “İnter” – dönüş nöqtəsi hansında oldu?
- Tovuzda başladım, “İnter”də inkişaf elədim, uğurlarım oldu, “Qarabağ”da  isə dönüş nöqtəsi oldu. Bakıda özümü göstərə bilmədim, müəyyən zədələrim oldu, amma “İnter”də inanıram ki, özümü istədiyim kimi göstərəcəm.

- “Bakı”da zəif idin, amma daha sonra bir çoxları “Qarabağ”dan ayrılmağına həm üzüldü, həm də dedilər ki, o uğur qazanmayacaq.
- Düzdü, Bakının sistemi elə idi ki, məşqçilər tez-tez dəyişirdi, bu da pis təsir edirdi, öyrəşirdim, özümü nizamlayırdım ki, yenidən nəsə olurdu. “Qarabağ”dan ayrılmağım pis təsir göstərdi, çünki “Qarabağ” kimi komandaya, o sistemə öyrəşmişdim.

- Əvvəlki Elvin Məmmədov və indiki arasında fərq çoxdu məncə?!
- Düzünü desəm, haqlısan, yenidən o Elvin olmalıyam və karyerama diqqət etməliyəm, daha çox çalışmalıyam. İnanıram ki, alınacaq.

- “Bakı”dan niyə ayrıldın?
- “Bakı” ilə 3 illik kontraktım var idi və bitdi. Daha sonra başqa klublardan təklif gəldi, “İnter”dən də həmçinin. Bunu dəyərləndirdim. Artıq “İnter”lə razılaşmışdıq, başqa komandaya yox deməli idim.

- Məşqlərdə sevmədiyin hərəkətlər?
- Ayaq hərəkətləri var ki, onları sevmirəm, amma bir futbolçu üçün bu hərəkətlər mütləqdi.

- Ən yaxşı futbolçularımız kimlərdi?
- Araz Abdullayev, Rəşad Sadıqov, Ruslan Abışov, Rauf Əliyev, Cavid Hüseynov və s.

- Yaxşı, bəs ən çox sevdiyin yemək hansıdı
- Plovu, dolmanı sevirəm. Bu yeməkləri yeməmək mümkün deyil. (gülür)

- Sənin zövqün yoxdu desəm?
- Necə məsləhətdi. (gülür)

- Niyə hansısa ölkəyə oyuna gedəndə ilk olaraq mağazalara gedirsiz?
- Düzünü desəm, hansısa ölkəyə gedəndə oranın hər yeri maraqlı gəlir – havası, suyu, yeməyi, insanları, mağazaları, geyimləri və s. Biz oyuna gedirik, məşqlər öz yerində, amma istirahət də verilir. O vaxtdan istifadə edib harasa gəzməyə çıxırıq, onda da mağazalara gedib alış-veriş edirik. (gülür)

- Bizə sözün?
- Oxu.Az saytı, deyərdim ki, ən çox oxunan saytlardan biridi. Müsahibələrini  bəyənirəm, əsas da Mahirlə olan müsahibəni çox bəyəndim. İdmançıları düzgün tanıtmaq lazımdı, bu isə sizdə alınır. Uğurlar.

 

Xəbər xətti