Dzyuba 5 turda 3 dubl eləyib
Müasir futbolda yaxşı hücumçu və ya elə futbol dilində desək “vuran ayaq” tapmaq hər məşqçinin qarşısında duran ən çətin tapşırıqlardan biridir. Azərbaycanda da bu problem çoxdandır ki, aktuallığını qoruyur. Son illər Premyer Liqamızda bombardir adını bir qayda olaraq legionerlər qazanırlar. Bizimkilər isə...
Bizimkilər sentyabrın 3-də, səfərdə Rusiya yığması ilə qarşılaşacaq. Yoldaşlıq matçında müdafiəçilərimizi çətin anlar gözləyəcək. Çünki Rusiya yığmasının heyətində Artyom Dzyuba meydana çıxa bilər. O, bu gün Rusiya futbolunda bir nömrəli “vuran ayaqdır”.
Dzyubanın karyerasını parlaq saymaq olmaz. Moskva “Spartak”ının yetirməsi olan Artyom 2009-cu ildə “Tom”a icarəyə verilir. Bir il sonra geri qayıdır. Lakin ötən mövsümün əvvəlində yenə icarəyə göndərilir: bu dəfə “Rostov”a. Cüssəli hücumçu “Rostov”da mövsümə 17 qol vurur və bombardirlər siyahısında ikinci olur.
Yeni mövsümə iddialı başlamaq niyyətində olan “Spartak”da nəhayət biriləri anlayır ki, kənarda yaxşı hücumçu axtarmaqdansa, öz istedadına sahib çıxmaq gərəkir. Və Dzyubanı Rostovdan Moskvaya qaytarırlar.
26 yaşlı forvard bu mövsüm fantastik çıxış eləyir. 5 turdan sonra onun aktivində 6 qol var. Dzyuba artıq 3 oyunda dubl eləyib. Maraqlıdır ki, qeyd olunan 5 oyundan birində iştirak etməyib, birində isə cəmi 28 dəqiqə meydanda olub və zədələnərək əvəz olunub.
Yeri gəlmişkən, onun Azərbaycan yığması ilə matçda iştirakı hələ dəqiqləşməyib. Dzyuba Kapellonun geniş siyahısına düşsə də, matça çıxacağını əminliklə söyləmək olmur. Çünki Kapellonun ona olan münasibəti birmənalı deyil!
Emin ABBASOV
saytlarin hazirlanmasi