Reynaldo və Kanales: Biri karyeranı, biri isə pulu seçdi YAZI

14:20 - 25 Avqust 2014

Aysberqin görünməyən tərəfləri 

 

Futbolçu olmaq möhtəşəm duyğudur. Oyununa sevinirsən, oyununla milyonları sevindirirsən, kifayət qədər pul qazanırsan, məşhurluğun zirvəsinə qalxırsan. Ancaq bilirsən ki, bütün bunlar daimi deyil. Ən möhtəşəm karyera belə bir gün sona çatır. Ona görə də ağıllı futbolçular qızıla bəbarər illəri səmərəli istifadə etməyə çalışırlar. Ki, sonra peşman olmasınlar.

 

Bir neçə gün əvvəl aydınlaşdı ki, Reynaldo “Qarabağ”da qalır. “Zalsburq”, “Ayntraxt” kimi klublardan ciddi təkliflər alan braziliyalı futbolçu “Qarabağ”la olan müqaviləsini daha 2 il uzatmaq qərarına gəldi. Kimsə onun qərarını yanlış hesab eləyə bilər. Ancaq bu, aysberqin görünən tərəfidir. Daha vacibi isə görünməyən tərəfdir.

 

Reynaldo hələ 2008-ci ildə Belçikanın “Anderlext” klubuna transfer olunub. Lakin bu 5 ildə “Anderlext”də cəmi 5 matça çıxıb. Qalan vaxt ərzində isə başqa klublara icarəyə verilib. Nəhayət tale onu “Qarabağ”a gətirib. Sonrasını danışmağa ehtiyac yoxdur. Bu gün Reynaldo buraların ən möhtəşəm futbolçusudur.

 

Bəzən biz unuduruq ki, futbolçu həm də insandır. Və onun oyununa hər şey təsir eləyir: ailəsi, yaşam tərzi, mühit və s. Məşhur ispan futbolçu Moryentes “Liverpul”dan “Valensiya”ya qayıdan kimi vətənində qolları sıralamağa başladı. Ona sual verdilər ki, necə olur ki, “Liverpul”da uzun müddətə 1-2 qol vurur, “Valensiya”da isə qolları sıralayır. O, çox maraqlı cavab verdi: Axı heç kim bilmir ki, mən İngiltərədə hansı məhəllədə yaşamışam, qonşum kim olub, həmin ölkənin cəmiyyəti mənə xoş idimi, komandada hansı xarakterli futbolçular toplaşmışdı... Bax, aysberqin görünməyən tərəfləri budur.

 

Reynaldo isə “Qarabağ”da xoşbəxtdir. Bu xoşxasiyyət oğlana baxanda heç hiss olunmur ki, komandanın bir nömrəsi odur. Olduqca sadə, sakit, gülərüz. Onun kimi insanların yaxşı futbol oynaması üçün özünü rahat hiss etməsi şərtdir. Reynaldo bunu yaxşı anlayır və xoşbəxtlikdən xoşbəxtlik axtarmaq istəmir! Həm də anlayır ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinə düşsə, Reynaldo daha iddialı klubların diqqətini cəlb edə biləcək.

 

Bu məqamda bir də Kanales nümunəsi yada düşür. O, Azərbaycana gəlib-getmiş ən səviyyəli futbolçulardan idi. Mükəmməl qol duyumu, vurduğu qollar, mövqe seçimi. Onun oyunundan həzz almamaq mümkün deyildi. Lakin Kanales Reynaldodan fərqli davrandı. Öz klubunu tapdığının fərqinə varmayaraq “Neftçi” ilə pul davasına çıxdı. Nəticədə düz 1 il futbolsuz qaldı (Çiliyə qayıtdıqdan sonra karyerasında eniş başladı). İndi Kanales yenə “Neftçi”dədir. Ancaq əvvəlki formasından çox uzaqdır. Kanalesin ümidi ona qalıb ki, yenə “Neftçi”də əvvəlki formasını bərpa eləsin.

 

Bu müqayisəni futbolçularımız üçün maarifləndirici yazı kimi hazırladım. Çünki bir səhv bütün karyeranın üstündən xətt çəkə bilər. Qərar verərkən yalnız pulu deyil, hərtərəfli düşünmək lazımdır. Unutmayın ki, ağıllı futbolçu cəmi bir neçə il deyil, bütün karyerası boyu pul qazana bilər. Yaxşı oyunçu pul dalınca qaçmır, pul özü onu tapır!.

 

Emin ABBASOV   

Xəbər xətti