"Bunu uyduranlar şərəfsiz və vicdansız adamlardır" MÜSAHİBƏ

03:14 - 26 Avqust 2014

Tamerlan Rizvanovun atası: "Məncə, "Qəbələ" rəhbərliyi baş verənlərdən xəbərsizdir"


Tamerlan Rizvanovu hamımız tanıyırıq. “Bakcell”in televiziyada göstərilən reklam çarxlarının birində baş qəhrəmandır. Tamerlan həmçinin “Bakcell” ilə “Mançester Yunayted”in birgə layihəsinin qaliblərindəndir. 12 yaşının olmasına baxmayaraq, Azərbaycan futbolunun gələcək ulduzlarından biri ola bilər. Məqsədimiz Tamerlanı tərifləmək deyil. Məsələ burasındadır ki, bir müddət bundan əvvələ kimi gənc istedad “Qəbələ” Futbol Akademiyasında məşq keçirdi. Amma may ayında keçirilən respublika yarışlarında Tamerlan komandada görünmədi. Əvvəlcə bunun fərqinə varmamışdıq. Sonradan Tamerlanın həmyaşıdlarından ibarət komandada olmamasının səbəblərini eşitdik. Güya atası Elşən Rizvanov oğlunun yeni müqavilə bağlaması üçün akademiya rəhbərliyindən xeyli pul tələb edib. Buna etiraz edən rəhbərlik isə Tamerlanı komandadan qovub. Tamerlan qovulub, yoxsa, komandanı atasının istəyi ilə tərk edib? Doğrudanmı, Elşən müəllimi övladının gələcəyi yox, pul maraqlandırır? Bu məqsədlə Elşən Rizvanovla əlaqə saxlayıb baş verənlərə və Tamerlanın indi harada olmasına aydınlıq gətirdik.

– Tamerlan artıq neçə aydır ki, “Qəbələ”dən ayrılıb. Buna da səbəb akademiya rəhbərliyi ilə aramızda olan narazılıq idi. Hələ aprel ayında komanda Türkiyəyə getməli idi. Mən də etibarnamə vermək üçün Qəbələdəydim. Mühasibatlıqda işləyən bir nəfər yaxınlaşaraq akademiya rəhbərliyinin mənimlə görüşmək istəməsini dedi. Etiraz etmədim. Akademiyanın rəhbəri Stenli Berard və köməkçisi Halim Fıçıcı Tameranla 3 illik yeni müqavilə bağlamaq istədiklərini bildirdilər. Oğlumun klubla sentyabra kimi müqaviləsi var. Bu üzdən təklif bir qədər qaranlıq qaldı. Əslində, başa düşməməli bir şey yox idi. Əslən Qəbələdənik və Tamerlanın “Qəbələ”də oynaması normal haldır. Səhhətimlə əlaqədar Bakıya köçməli idik və oğlumu da özümlə paytaxta gətirmək istəyirdim. Bu barədə onların məlumatı var idi. Fikrimcə, məhz uşağın əldən çıxmaması üçün bu addımı atdılar, müqavilə bağlamağı qarşıma şərt kimi qoydular. Dedim ki, bir qədər gözləyin, uşaqlar Türkiyəyə gedib-qayıtsınlar. Həm də bir qədər götür-qoy edim. May ayında məsələni həll edərik. Dedilər ki, yox, ya müqaviləyə indi imza atmalısan, ya da uşağı komanda ilə səfərə aparmayacağıq. Bundan başqa birincilikdə, final mərhələsində də oynatmayacaqlar, ancaq akademiyada qalıb məşq edə bilər. Təbii ki, belə söhbət heç kimə xoş gələ bilməzdi. Məcbur olub oğlumu da götürüb Bakıya qayıtdım.

– Tez-bazar müqavilə bağlamaq istəyinin səbəbi nə idi?
– Səbəbini sonradan bildim. Öz maraqlarını güdürdülər. Eşitdiyimə görə Tamerlana Ukraynadan təklif var idi və yeni müqavilə onlara çox lazım idi. Fikirləşirdilər ki, birdən uşaq əllərindən çıxar.

– Yeni müqavilə bağlamaq üçün akademiya rəhbərliyindən pul tələb etməyiniz şayiədir, yoxsa, həqiqətən belə bir hal baş verib?
– Bu xəbəri də sonradan eşitdim. Güya mən onlardan 30-40 min manat pul tələb etmişəm. Bunu uyduranlar şərəfsiz və vicdansız adamlardır. Sözləri varsa, gəlib üzümə desinlər. Mənə uşağımın gələcəyi maraqlıdır, pul yox.

– Tamerlan indi haradadır?
– O söhbətdən sonra dərhal Bakıya qayıtdıq. Oğlum hazırda “Fortuna” da məşq edir. Doğrudur, həmin vaxt bir çox klublardan təklif var idi. Məsələn, “İnter”dən. Amma uşağın məşqlərə gedib-gəlməsi bir qədər çətin olduğundan “Fortuna”nı seçdik.

– Eşitdiyimə görə, Tamerlana əcnəbi klublardan da təklif var.
– Düzü, oğlumun tezliklə xarici klubların birində oynamasının tərəfdarıyım. Burada saxlamaq istəmirəm. Hələ ki, “Fortuna”dadır. Ölkə xaricinə də məhz “Fortuna”dan çıxmasını istəyirəm. Təkliflərə gəlincə, var. Məsələn, Türkiyənin “Beşiktaş” klubunun adını çəkə bilərəm.

– Elşən müəllim, baş verənlərdən “Qəbələ” rəhbərliyinin xəbəri var?
– Bildiyimə görə, yox. Amma nə vaxtsa xəbərləri olacaq. Bayaq da qeyd etdiyim kimi, əliləm. Əlil arabasına məhkumam. Bu üzdən çoxları elə bilir ki, məni tapdalaya bilərlər. Əsla. Kifayət qədər əlaqələrim var. Klub rəhbərliyinə yaxın olan dostlarım təklif etdilər ki, bu barədə onları məlumatlandırsınlar. Razı olmadım. Oğlumun yaxşı futbolçu olmasını, əsl vətəndaş kimi böyüməsini istəyirəm. Məncə, “Qəbələ” rəhbərliyi baş verənlərdən xəbərsizdir. Onların bu haqda məlumatları olsaydı, halimkimilər öz məqsədlərini güdməzdilər.

– Yəqin ki, bu müsahibədən sonra xəbərləri olacaq. Tamerlan yenidən “Qəbələ”yə qayıda bilərmi?
– Yenə də akademiya rəhbərliyi ilə söhbətə qayıdım. Onlar mənə müqavilə bağlamasam, Tamerlanı Türkiyəyə aparmayacaqlarını dedilər. Halbuki, komanda xeyli vaxt idi bu səfərə hazırlaşırdı. Bütün uşaqlar, o cümlədən Tamerlan Türkiyə səfərini səbirsizliklə gözləyirdi. Ona bildirəndə ki, səfərə getməyəcək... Hönkür-hönkür ağlamısı hələ də gözlərimin qarşısından getmir. Psixoloji cəhətdən ona çox pis təsir etmişdi. Məgər 12 yaşlı uşağı belə “sındırmaq” olar. Övladının bu vəziyyətini görmək hansı valideynə pis təsir eləməz? Bundan başqa “Qəbələ”də olduğu müddətdə Mançesterə getdi, “Bakcell”in reklamında çəkildi. Bunlar hamısı klubun adına ucalıq gətirirdi. Amma adi bir alqışı, “sağ ol”u da onu çox gördülər. Orada Tamerlanı uşaqlar yox, rəhbərlikdə bəziləri qısqanırdılar. Bunu görməmək üçün kor olmaq lazımdır. Tamerlan bu dəqiqə “Qəbələ”dən küsgün düşüb. İnanmıram yenidən oraya qayıtması üçün həvəsi ola. Digər tərəfdən, “Fortuna” rəhbərliyi Tamerlan üçün hər cür şərait yaradıb. Biz mikrorayonda qalırıq. “Fortuna”nın məşqləri isə Səbaeldə keçirilir. Oğlum üçün avtomobil ayırıblar, məşqə aparıb-gətirirlər. Demirəm, Tamerlan digər uşaqlardan artıqdır. Söhbət ondan gedir ki, Mançesterə getdikdən və reklam çarxlarında çəkildikdən sonra hamı onu tanıyır. Bu da uşağa əlavə problem yarada bilər. İndi çox pis zəmanədir. Həm də Tamerlan tək övladımdır. Bakı kimi böyük şəhərdə  hər cür insanla qarşılaşa bilər. Özüm əlil olduğumdan məşqlərə aparıb-gətirə bilmirəm. Buna görə avtomobilin ayrılması lap yerinə düşdü. Bir sözlə “Fortuna” rəhbərliyi onun normal məşq keçməsi üçün hər bir şəraiti yaradıb. Yəqin ki, sentyabrda bu klubla müqavilə imzalayacağıq.

Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrəndik. “Qəbələ” Futbol Akadeymiyasının direktor müavini Nail Kərimov Tamerlan Rizvanovun akademiyadan ayrılmasının səbəblərini belə izah elədi: “Tamerlan neçə ildir ki, bizdə məşq edirdi. Bu ilin sentyabrında klubla müqaviləsi başa çatır və ona görə futbolçu ilə müqaviləni yeniləmək istəyirdik. Amma atası Elşən Rizvanov Bakıya köçmələri ilə əlaqədar yeni müqavilədən imtina etdi və biz də bunu anlaşyışla qarşıladıq. Artıq AFFA-ya Tamerlanın başqa kluba keçə biləcəyi ilə bağlı sənəd də təqdim etmişik. İstədiyi klubla müqavilə bağlaya bilər”.

Nail Kərimov müqavilə qarşılığında Elşən Rizvanovun onlardan müəyyən məbləğ tələb etməsinin şayiə olduğunu söylədi: “Bu söhbətin haradan qaynaqlandığını bilmirəm. Elşən müəllimi yaxşı tanıyırıq, münasibətlərimiz normaldır, ona hörmətimiz var. Bizdən pul tələb etməsi yalandır. Ümumiyyətlə, “Qəbələ”də valideynin klubdan, klubun valideyndən pul tələb etməsi halları olmayıb və heç vaxt da olmayacaq”.

Sonda Nail müəllim Tamerlanın Türkiyə səfərinə aparılmamasına və oyunlarda meydana çıxmamasına da aydınlıq gətirdi: “Atası onun klubdan ayrılmasını istədi. Tamerlan istedadlı futbolçudur, bayaq da qeyd etdiyim kimi neçə ildir ki, bizdə məşq edir, yerli uşaqdır. Buna görə istəməzdik ki, başqa kluba keçsin. Hətta Elşən müəllimlə problemləri ilə maraqlandıq ki, bəlkə həll edə bilərik. İstəmədi. Yenə də valideynin fikrinə hörmətlə yanaşırıq və Tamerlanı akademiya üçün itki hesab etmirik. Bir futbolçu bizim üçün itki deyil. O ki qaldı Tamerlanın Türkiyə səfərinə aparılmamasına, bunun çox sadə və məntiqi izahı var. Əgər biz biliriksə, uşaq 4-5 aydan sonra başqa kluba keçəcək, ona əlavə xərc çəkib harasa aparmağın nə mənası var? Tamerlanın yerinə klubda olan başqa uşağı aparmaq daha məqsədəuyğun deyilmi? Oyunlarda iştirakına gəlincə, kimin oynayıb-oynamayacağını məşqçi müəyyən edir”.

 “Het-trik news” qəzeti

Xəbər xətti