"Aman Tanrım, hələ 70 dəqiqə oynamalıyıq?!" MÜSAHİBƏ

14:08 - 27 Avqust 2014

"Öz adımdan deyirəm ki hansısa arxayınçılıqdan söhbət gedə bilməz"
 
“Neftçi”nin müdafiəçisi Denis Silva Avropa Liqasında “Partizan”la oyunlarla bağlı futbolxeber.az-a müsahibə verib.
 
Sportal.az müsahibəni təqdim edir.

- Səfərdə “Partizan”a 2:3 hesabı ilə uduzdunuz. Serbiyada qeydə alınan nəticəni necə dəyərləndirirsən?

- Bu, bizim üçün yaxşı nəticədir. Səfərdə 2 qol vurmaq çox yaxşıdır.

- Amma oyunun artıq 17-ci dəqiqəsində hesabda 2:0 öndə idiniz…

- Düzdür, orada da qələbə qazana bilərdik. Amma cavab oyunu üçün bizə cəmi 1 qol lazımdı. Sabah həmin qolu vursaq, artıq qrup mərhələsinə vəsiqə qazanacağıq. Məgər, Serbiyada qazandığımız nəticə pisdir?

- Pis deyil. Rəqib meydanında 2 qol vurmaq yaxşı nəticədir. Lakin səfərdə də qələbə qazanmaq olardı.

- Əlbəttə, qalib gələ bilərdik. Lakin öz səhvlərimiz ucbatından, heç nədən uduzduq.

- Əvvəlcə rəqibin qapısına 2 dəfə yol tapdın. Daha sonra isə topu “Neftçi”nin qapısına göndərdin. Avtoqol vurduğun anda hansı hisslər keçirdin?

- Təbii ki, topu öz qapıma göndərməyim yaxşı hal deyil. Həmin anda yalnız onu düşünürdüm ki, daha top buraxmayaq. Düşünürdüm ki, bundan sonra da rəqib qapısına yol tapa bilərik.

- Oyundan sonra baş məşqçi Böyükağa Hacıyev bildirdi ki, 2:0-dan sonra “Neftçi”nin bütün oyunçuları arxayınlaşdı. Həqiqətənmi 2 qoldan sonra artıq cütün taleyinin həll olunduğunu düşünürdüz?

- Yox, Mən özüm barədə danışa bilərəm yalnız. Belə fikri qətiyyən özümə yaxın buraxmırdım. Hətta 2:0 önə keçdikdən sonra tabloya baxıb, “Aman Tanrım, hələ 70 dəqiqə oynamalıyıq?!” deyə, düşündüm. Yenə deyirəm, öz adımdan deyirəm ki hansısa arxayınçılıqdan söhbət gedə bilməz.

- Sabah cavab oyunudur. “Neftçi” istəyinə nail ola biləcək?

- Evdə oynadığımız üçün çox yaxşı şansımız var. İnanıram ki, bütün gücümüzü meydanda qoysaq, istəyimizə çatacağıq.

Xəbər xətti