Ağasəlim Mircavadov: Cavan oğlana saqqal yaraşmır MÜSAHİBƏ

20:15 - 11 Noyabr 2014

"Oyuna 1-2 gün qalmış heç vaxt üzümü qırxmıram"

 

Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

 

“Detektiv janrda yazılan kitabları oxumağı sevirəm”

 

- Siz adətən futbolla bağlı sualları cavablandırırsınız. Bəs futboldan başqa, daha hansı mövzular ətrafında söhbət etməyi xoşlayırsınız?

- Həyatımızın hər bir sahəsinə maraq göstərirəm. Muğamı daha çox sevirəm. Xüsusilə, əvvəlki nəsil oxuyanda zövq alırdım. Bu gün muğamın yenidən yaşamasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əməyi böyükdü. O, muğama “ikinci nəfəs” verdi. Görün, 1990-cı illərdə muğam hansı səviyyədə idi, 2000-ci illərdə hara yüksəldi. Gənc və istedadlı ifaçılar üzə çıxdı. Onlardan Ehtiram Hüseynov, Təyyar Bayramov, Güllü Muradov kimi istedadlı gənclərin adlarını çəkə bilərəm. Muğam müsabiqəsini çox, hətta imkan olanda zaldan izləyirdim. Mütaliəyə də yer ayırıram. Xüsusilə, detektiv janrda yazılan kitabları oxumağı sevirəm.

 

- Hansı yazıçıların əsərləri sizin üçün daha maraqlıdı?

- Cingiz Abdullayevin əsərlərini daha çox oxuyuram. Yaxşı yazır. Real hadisələrdən bəhs edir. Məsələn, SSRİ-nin necə dağıldığını bilmirdik. Amma o, tam təfərrüatı ilə yazıb. Təbii ki, idman nəşrlərini də daim diqqət mərkəzində saxlayır, hər gün baş verənlərdən məlumatlı olmağa çalışıram.

 

- Muğam ifaçıları arasında dostluq elədiyiniz insanlar varmı?

- Dahilərlə dostluğumuz olub. Hacıbaba Hüseynovla çox görüşmüşəm, xeyli söhbətimiz olub. Arif Babayevlə də əlaqələrimiz var. Əlibaba Məmmədov isə oğlumun qonşusudu, onunla da tez-tez görüşürük. Gənclərdən Ehtiramı, Təyyarı görürəm. Tale elə gətirib ki, həmin sevdiyim insanlar evimin yanında yaşayırlar. “Qarqar” adlı çayxana var, ora yığışırıq, söhbət edirik. Əlbəttə, əsas mövzu futbolla bağlı olur, çünki işimiz budu.

 

“Deyəcəklər ki, buna bax, indi də kitab yazır”

 

- Mütaliəni xoşladığınızı dediniz. Bəs niyə kitab yazıb, təcrübənizi sizdən sonrakı nəsillə bölüşmək istəmirsiniz?

- Bu haqda mənə deyiblər, hətta kömək eləməyə hazır olduqlarını da bildiriblər. Ancaq kitab yazmağı sevmirəm. Düzdü, lazımdı. Bu yaxınlarda Nazim Süleymanovun 50 illik yubileyi olacaq. Onun haqqında kitab yazılır. Mənim də fikirlərimi bölüşdülər. Yaxşı fikirdi. Ancaq bu işdən uzağam. Sonra da deyəcəklər ki, buna bax, indi də kitab yazır.

İş prosesinə gəldikdə, hamısını “konspekt” şəklində hazırlamışam. Onu proqram formasına salmışam, demək olar, qurtarmışam. 7-8 ilə yığmışam.  

 

- Mübahisə eləməklə aranız necədi?

- Xoşlamıram. Mən faktla danışıram. İndiki dövrdə istər böyüyü, istərsə də kiçiyi, nə bilim, qız-gəlin hamısı iki mövzunu “yaxşı” bilir: futbol və siyasət. Mən siyasətdən uzağam. Amma futbolla bağlı mübahisə eləyən olanda, sevmirəm. Mübahisəni futbol adamı ilə eləmək olar ki, ondan nəsə öyrənəsən.

 

“Oyuna 1-2 gün qalmış heç vaxt üzümü qırxmıram”

 

- Adətən məşqçilər nəyinsə düşər-düşməzliyinə çox inanırlar. Bu nədən irəli gəlir?

- Mənim də öz inanclarım var. Məsələn, oyuna 1-2 gün qalmış heç vaxt üzümü qırxmıram.

 

- Bunu sınamısınız?

- Bəli. 1980-ci ildə Moskvada, Ali Məşqçilər Məktəbində oxuyan zamanı bir serbiyalı vardı. Məşqçi işləməyib, menecer idi. Ona bununla bağlı sual verdilər ki, hər məşqçinin sevdiyi şalvar, nə bilim başqa paltarları var. O da təsdiqlədi ki, belə şeylər düzdü. Dedi ki, bunu ingilislər “kəşf edib”. Yəni, hər bir məşqçinin öz şərti var. Məsələn, oyunqabağı avtobusdan kim birinci düşəcək, və ya avtobusa kim minəcək, paltardəyişmə otağından kim birinci çıxacaq və s.

 

“Gecəyarısı otağına girəndə gördüm ki...”

 

- Keçən günlərinizi necə, xatırlayırsınızmı?

- Son illərdə işləmədiyim üçün evdə çox oluram. Hər gün axşamlar 15 dəqiqə gözümü yumub, təhlillər aparıram. İşləyəndə isə 10-15 dəqiqə yox, ən azı 1 saat vaxt lazım olurdu. Nə iş görəcəyimi müəyyənləşdirirdim. Hər bir məşqin də təhlilini aparırdım. Hər məşqdən 10-15 dəqiqə əvvəl futbolçuları bir yerə yığıb, bir gün əvvəlki məşqi təhlil edirdik və növbəti dəfə nələr üzərində işləyəcəyimizi müəyyənləşdirirdik. Uşaqlar nəyin nəyə xidmət elədiyini bilməlidirlər. SSRİ dövründə mənim üçün daha asan idi. Çünki futbolçuların əksəriyyəti savadlı idilər. Təəssüf ki, indiki uşaqların savadı yoxdu.

 

- İndiki nəsil niyə bu qədər savadsızdı?

- Çünki kitab oxumurlar. Günlərini kompüter və telefona sərf edirlər. Kompüter və telefon hansısa bir işi görmək üçün yaxşı əşyadı. Amma insana ziyanlıdı.

Bilirsiz, futbolçu ömrü çox azdı. Hər günün, dəqiqənin öz hökmü var. Gərək gününü elə qurasan ki, şən, maraqlı keçsin. Çünki hər gün ömründən gedir. Futbolçular olub, gecəyarısı otağına girəndə gördüm ki, kitab oxuyur.

 

- Belə futbolçulardan kimlərin adını çəkə bilərsiniz?

- Dmitri Kramarenko. Onun atası da çox kitab oxuyan idi.

 

- Heç olubmu ki, hansısa futbolçunun adı yadınızda qalmadığı üçün ona ləqəb qoyasınız?

- Bu məsələdə həssasam. Uzağa getməyək, “Xəzər Lənkəran”da Juninyo adlı futbolçu çıxış edirdi. Əslində, onun adı çox uzun idi. Sadəcə, özü razılaşdı ki, məni “Juninyo” kimi çağırın. Yəni, öz razılığı ilə belə edirdik. Çünki ola bilər bu addımın həmin futbolçunun xətrinə dəysin. Bir də, ad günlərinə xüsusi diqqət yetirirdim. Sürücüdən, inzibatçıdan tutmuş hamının siyahısı məndə olurdu. Həmin günü xüsusi qeyd edirdik. Hətta ailələrini də həmin ad gününə gətirmələrinə şərait yaradırdım. Ayda bir dəfə isə komanda şəklində “piknikə” gedirdi. Elə edirdim ki, günlər darıxdırıcı keçməsin.

 

“Cavan oğlana saqqal yaraşmır”

 

- Son illərdə futbolçuların dinə marağı artıb. Müxtəlif təriqətlərin nümayəndələri var. Bu, onların oyunlarına necə təsir edir?

- Bəli, cavanların dinə marağı artıb və bu yaxşı haldı. Amma burda da müxtəlif təriqətlər var. Yaxşı olardı ki, şiəliyi seçsinlər. Birincisi, təmizliyə görə. Şiəlikdə saqqal saxlamaq yoxdu. “Sərxətt” saxlamaq olar. Ancaq cavan oğlana saqqal yaraşmır və bundan xoşum gəlmir. Din sənə demir ki, saqqal saxla. Sən namazını qıl, orucunu saxla, təmizliyinə riayət elə. Ən əsası, din idmançıları çox şeydən qoruyur. Ümumiyyətlə, hər bir insanın gündəlik rejimi olmalıdı. Din də buna yardım edir. Lakin fanat olmaq lazım deyil. Bu tamam başqa şeydi. Uşaqlarımız arasında Həcc ziyarətində olanlar da var. Hər bir müsəlman imkan daxilində bu ziyarəti reallaşdırmalıdı. Ancaq sonrasına da diqqət yetirməlisən. Hərəkətlərinə nəzarət etməlisən. Yoxsa ziyarətdən gəldikdən sonra başqa əməllərlə məşğul olasan, bu, yaraşmaz.

 

- Bəzən eşidirik ki, hansısa klubda heyət qurularkən, hansı təriqətin üzvü olmağına diqqət yetirirlər...

- Hansı klubda işləmişəmsə, orada namaz qılanlar, oruc tutanlar olub. Ancaq kimsə deməyib ki, “bu namaz qılır, onu meydana burax”. Belə şey olmayıb.

 

“Bizə belə demokratiya lazım deyil”

 

- Əsəbiləşəndə özünüzü necə sakitləşdirirsiniz?

- Şeytanı söyürəm. Səbrli olmağa çalışıram, dua oxumaqla özümü sakitləşdirirəm. Həmin dua sayəsində Allah bizi sakitləşdirir. Əsəbi şəkildə iş görərsənsə, çox səhvlərə yol vermiş olarsan. Bəzən elə adi səhvlər olur ki, əsəbi olduğuna görə görmürsən.

 

- Bu gün telekanallarımızda daha çox ailə-məişət mövzuları ilə zəngin verilişlər izləyirik. Bizə efir vasitəsilə evlənib və ya boşanmaq doğurdanmı lazımdı?

- Buna çox pis baxıram. SSRİ dövründə ailə məsələsini heç vaxt ictimailəşdirmirdilər. Bununla bağlı televiziyada, radioda heç nə eşitmirdin. Demokratiya budursa, bizə belə demokratiya lazım deyil. Bu gün efirdə ya evlənib-boşanırlar, ya həkim söhbəti gedir, ya da yemək bişirmək. Belə verilişlərə baxmıram. Ailə söhbətini efirə çıxarmağı heç yerdə görməmişəm.

 

- Bəzən insan darıxır, bir boşluq hiss edir. Belə məqamlarda nə edirsiniz?

- Bir-iki dua bilirəm, onları deyirəm. Evdə olanda mütaliə etməklə özümü sakitləşdirirəm. Kompüter məni yorur, ola bilsin istifadə etmirəm. Amma “Qurani-Kərimi” oxumağı bacarıram. Bir vərəqini oxuyub, təhlilini aparıram. Vacib olan onu dərk etməkdi. Fikirləşirsən ki, bunu həyata keçirə bilərəmmi. Bu zaman axtarışda olursan. İnsan da axtarışda olanda inkişaf edir.

 

Xəbər xətti