Azərbaycanlı futbolçularun müqaviləsi - "kişi sözü" YAZI

13:25 - 22 Yanvar 2015

Vergilərdən yayınmaq üçün...

 

Son 10 llikdə ölkəmizdə futbola yatırılan milyonlar göz qamaşdırırdı. Dünyanın və Avropanın bir çox ölkələrində Azərbaycanda “idmanın şahı”na qoyulan investisyalar müzakirə olunurdu. Elə qitənin ortabab klublarında çıxış edən futbolçular da karyerasının sonuna yaxın yaxşı maliyyə əldə etmək üçün  Topaz Premyer Liqasının klublarında oynamaq istədiklərini dəfərlərlə açıqlayıblar. Məhz bu səbəbdən də onların menecerləri bu oyunçuları klublarımıza təklif edir, adı-sanı olsa da, “qoca” olub əlindən bir şey gəlməyənlər üz tuturlar ölkəmizə. Lakin artıq son 2 ildə klublarımızda maliyyə problemləri hökm sürür. Madrid “Atletiko”sunu, Fransanın “Lans” klubuna sponsorluq edən Hafiz Məmmədovun sahibi olduğu “Bakı”nın çöküşü ilə futbolumuzda pul problemləri başladı. Elə ardınca ən köklü klubumuz olan “Neftçi” futbolçulara az maaş qarşılığında komandada qalmağı təklif etdi. Gəncləşdirmə siyasətinə keçən “ağ-qaralar” bəzi yüksək maaş alan futbolçuları ilə yollarını ayırdılar.

 

Bu problemlərin sonuncusu isə “Xəzər Lənkəran”da yaşandı. Ölkənin ən varlı və iddialı klublarından olan cənubluların heyətində ciddi islahatlar aparıldı. Komandanın büdcəsi azaldıldı və bir çox yüksək maaşa oynayan futbolçularla yollar ayrıldı. Səbəb isə bu qədər pulların xərclənməsinə baxmayaraq uğurun olmaması idi.

 

Maraqlısı odur ki, hər 3 komandada əsas məsələ yüksək ödənişli futbolçularla yolların ayrılmasında idi. Amma burda diqqət olunası əsas məqam yerli futbolçularla xaricilər arasındakı fərqdir. İkincilər gedərkən klublardan maaşlarını FİFA-ya şikayət bahasına olsa belə, alırlar. Yerli futbolçular bunu bacarmır. Səbəb isə odur ki, legionerlər FİFA müqaviləsi imzalayır, azərbaycanlı futbolçular “kişi sözü” müqaviləsi.

 

Vergilərdən yayınmaq üçün həm futbolçularımıza, həm də klublara bu müqavilə sərf edir. Böyük pullar qarşılığında top qovanlar rəsmi şəkildə 400, 500 manat maaş alır kimi göstərilir və beləcə həm klublar, həm də futbolçular vərgilərdən yayınırlar. Nəticədə klublarda yaranan maliyyə problemləri nəticəsində həmin oyunçular komandalardan şikayət edib öz haqlarını tələb edə bilmirlər. Çünki klub yazdığı 400-500 manat maaşı bir ay ərzində futbolçuya ödəyir. Məsələn, hər hansı oyunçu klubla qeyri-rəsmi şəkildə 1 il ərzində 200 min manat almağa razılaşır və bir ay üçün 20 min manat qazanır (futbolçuların müqaviləsində 1 il -10 ay hesablanır).  Sənədlərlə yazılan maaşı 500  manat olduğu halda aldığı 20 min manat onun 2 illik rəsmən almalı olduğu məbləğdir. Belə olanda futbolçular heç bir halda klubdan şikayət edə bilmirlər. Məsələn, ötən mövsümün sonunda “Bakı”dan “Xəzər Lənkəran”a keçən Əfran İsmayılov, Rauf Əliyev, “Qarabağ”a keçən Şəhriyar Əliyev, Namiq Əlsəgərov kimi oyunçular 6 aylıq maaşlarını paytaxt klubunda qoyub digər komandalara keçdilər.

 

AFFA bu işdə onlara kömək etdi. Lakin əgər “Bakı” klubu həmin futbolçulardan şikayət etsəydi, o zaman vəziyyət başqa cür olacaqdı. Bütün bu problemlərin qarşısını isə federasiya aldı. Məhz komandadan maliyyə problemlərinə görə gedən futbolçulara azad agent statusunu da AFFA verdi.

 

Əcnəbi futbolçular isə ölkəmizə gələrkən UEFA müqaviləsi imzalayır və pulunu almadığı halda FİFA-ya şikayət edirlər. Və nəticədə həm futbolçuya problem yaratdığına görə klub cəzalanır, həm də futbolçu qalan bütün məbləği alır. Biz bunu “Bakı”nın 78 min dollar borclu olduğu Aleksandr Tamovski və Ruslan Leviqanın timsalında gördük.

 

Elə bu səbəbdən də istər, xarici klublarla, istərsə də legioner futbolçularla səviyyə fərqi ortadadır. Dünyanın nəhəng klubları heç biri bu cür vergilərdən yayınmır və büdcələri haqqında daimi hesabat verirlər. Azərbaycan klubları isə əksinə...

 

Növbəti yazım klubların büdcələri haqqında olacaq...

 

Elsevər Məmmədov. Qafqazinfo.az

Xəbər xətti