"O, zarafatı çox xoşlayır"
“Neftçi”nin futbolçusu Emil Balayevin Almaniya Bundesliqasında çıxış edən “Ayntraxt”a keçidi son illər Azərbaycan futbolunun qazandığı nadir uğurlardan biridir. Gənc qolkiperin yeni klubunda necə çıxış edəcəyini zaman göstərəck. Emil Balayevin istedadını bələd olan şəxslər onun Avropada da yüksək səviyyədə oyun sərgiləyəcəyini əminliklə söyləyirlər. Onlardan biri də Emilin ilk məşqçisi Vaqif Hidayətovdur. Gənc qapıçı 7 yaşından Vaqif müəllimin rəhbərliyi ilə futbolda ilk addımlarını atıb. Onun bu səviyyəyə çatmasında bir çox məşqçilərin əməyi olub. Amma ilk məşqçinin yeri və adı tamam başqadır. Vaqif müəllimlə görüşüb Emil Balayev haqqında söhbətləşdik.
Əvvəlcə istedadlı futbolçunun yetişməsində əziyyət çəkən məşqçi haqqında qısa məlumat verim. Vaqif Hidayətov 1975-ci il avqustun 9-da Buzovna qəsəbəsində anadan olub. Futbolda ilk addımlarını Boris Tibilovun rəhbərliyi altında atıb. Milli çempionatlar tarixində ilk komandası “Xəzri” olub. Daha sonra “Polis Akademiyası”nda çıxış edib. Peşəkar futbolla yanaşı məşqçiliklə də məşğul olan Vaqif Hidayətov bu sahəyə olan həvəsi və zədələr səbəbindən futbolla erkən vidalaşıb. Məşqçi kimi müxtəlif vaxtlarda Buzovna UGİM, “Neftçibaza” kimi tanınan Olimpiya növləri üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzi, “Neftçi”, “Rəvan”, AZAL klublarında işləyib. Hazırda “İnter” PİK-nun 2001-ci il təvəllüdlü futbolçularından ibarət komandanın baş məşqçisi və AFFA-nın elit məşqçisidir. Vaqif müəllim söhbətə Emillə ilk tanışlıqdan başladı.
– 2003-cü ildə “Neftçibaza” məşqçi təyin olunmuşdum. Orada 1994-cü il təvəllüdlü 4-5 uşaq var idi. Onların arasında Emil Balayev də var idi. İlk günlərdən Emilin istedadlı uşaq olduğunu gördüm. Ondan başqa həmin uşaqlar arasında digər perspektivli gənclər də var idi. Məsələn, “Neftçi”də oynayan Elnur Abdullayevin adını çəkə bilərəm. O vaxt komandada qapıçılarla işləyən məşqçi yox idi və məcbur olub bildiklərimi ona öyrətməyə başladım. Buna baxmayaraq, Emil qapıçılarla işləyən məşqçinin yanında məşq keçməli idi. Bir müddət sonra tələbəm, hazırda “İnter”in əvəzedici və U-19 komandasının qapıçılarla işləyən məşqçisi Üzeyir İbrahimovu komandaya dəvət etdim. Üzeyir uzun müddət Emilə fərdi məşqlər keçdi. Emilin bu səviyyəyə çatmasında onun da əməyi böyükdür. 2007-ci ildə məni “İnter”ə dəvət etdilər. “İnter”in əvəzedici komandası ilə paralel köhnə işimdə də çalışırdım. Elnur mənimlə “İnter”ə gəldi. Emil isə əvvəlki komandasında qaldı.
– Emilin 13 yaşında U-17 yığmamıza dəvət alması doğru idi?
– U-17 yığma komandamızın baş məşqçisi Yaşar Vahabzadə Emilin istedadından xəbər tutmuşdu. Onun oyununu izlədikdən sonra komandaya dəvət elədi. Emilin 13 yaşı təzə tamam olmuşdu. Düzü, ilk vaxtlar Yaşar müəllimə Emilin hələ uşaq olduğunu əsas gətirərək U-17-ə gəvət olunmasına qarşı çıxmışdım. Məsləhətləşdikdən sonra belə qərara gəldik ki, 1 il də klubda məşq eləsin, “artırsın”. “Sabahın ulduzları” Bakı birinciliyində Emil bacarığını bir daha ortaya qoydu, “Vətən”in heyətində dəfələrlə turun ulduzu seçildi, iki il ardıcıl turnirin ən yaxşı qapıçısı adına layiq görüldü, “Sabahın ulduzları”nın yığma komandasının əsas qapıçısı oldu. Təbii ki, bu, yığmanın məşqçilərinin diqqətindən yayına bilməzdi. Bernhart Lippert Emili U-15 yığmasına dəvət elədi. Bundan bir qədər əvvəl isə Berti Foqts onu əsas yığmanın təlim-məşq toplanışına çağırmışdı. Onda Emilin heç 15 yaşı yox idi. Buna görə Foqtsu qınayanlar da oldu. Hətta mətbuatda “Berti Foqtsun uşaq bağçası” başlıqlı yazılar da dərc olunmuşdu. Mən də Emilin həmin yaşda böyüklərlə bir yedə oynamasına qarşı idim. Amma Foqts Emili yığmanın düşərgəsinə dəvət eləməklə bir növ onu nəzarətə götürdü.
– Emilin “Neftçi”yə gedişi nə vaxta təsadüf edir?
– 2009-cu ildə məni “Neftçi”yə dəvət elədilər. 15 yaşlı futbolçularla işləyirdim. Emili də komandaya gətirdim. O vaxt respublika birinciliyində derbi oyunlar olurdu. Məsələn, “Neftçi” – “İnter” qarşılaşması. Emillə futbola bir yerdə qədəm qoyan, uşaqlıq dostu Elşən Abdullayev “İnter”də idi. Onu da öz yanıma gətirmək istəyirdim. Amma “İnter”lə müqaviləsi olduğuna görə alınmadı. Bu iki komandanın oyununa maraq həddən artıq çox idi. Emil Elşəndən təcrübəsinə, qol vurmaq bacarığına görə bir qədər çəkinirdi. Söhbət təkcə qələbə qazanmaqdan getmirdi. Emil qol buraxmamaq, Elşən isə uşaqlıq dostuna qol vurmaq istəyirdi.
– Həmin oyunda hansı komanda qalib gəlmişdi?
– “İnter” 1:0 hesabı ilə qalib gəlmişdi. Topu da elə Elşən Abdullayev vurmuşdu.
– Emil gözününüz qarşısında böyüyüb. Necə uşaq idi?
– Çox tərbiyəli, gözüaçıq və zehinli uşaq idi. Bir dəfə babası gəldi ki, Emili futboldan ayırmaq qərarına gəlib. Onu liseyə qoymaq istəyirdilər. Savadlı, zehinli uşaq olduğuna görə ailəsi onu daha yaxşı təhsil vermək fikrində idi. Çox pis olmuşdum. Perspektivli bir futbolçunu itirirdik. Bəxtimizdən lisey məsələsi alınmadı və Emil futbolda qalası oldu. Mən “Rəvan”a keçəndə Emil “Neftçi”də qaldı. Ayrılmağımıza baxmayaraq, tez-tez əlaqə saxlayır, məşqləri ilə maraqlanırdım.
Emil haqqında başqa onu deyə bilərəm ki, zarafatı çox xoşlayır. Hamı onun xətrini çox istəyirdi. Onda yaxşı texnika və qol vurmaq bacarığı da var idi. Məşqlərdə adətən, topu komanda yoldaşlarının ayaqları arasından atmağı xoşlayırdı. Hətta arada mənə də “mejdunoq” atmaq istəyirdi. “Neftçi”də işlədiyim vaxtlar bir dəfə müəyyən səbəblərdən komandada meydan oyunçuları çatışmırdı. Xahiş elədi ki, ona hücumda oynamağa imkan verim. Rəqib o qədər də güclü deyildi. Razılaşdım. Həmin oyunda bir qol vurdu, bir dənə də məhsuldar ötürmə verdi.
– “Ayntraxt”a keçəndən sonra çoxları onun ilk məşqçisi olduqlarını deyə bilərlər...
– Bir söz demirəm. Emil ilk məşqçisinin kim olğunu televiziya vasitəsilə söyləyib. Həmin verilişi izləməmişəm. Amma Emilin atası ilə söhbət zamanı o mənə bildirdi ki, həmin verilişdə oğlu 2 dəfə ilk məşqçisinin Vaqif Hidayətov olduğunu deyib. Əlbəttə, bu məni sevindirir. Bu gün çoxları Emil Balayevin bir qapıçı kimi yetişməsində onların əməyinin olduğunu deyə bilərlər. Həqiqətən də belədir. Amma əminliklə deyə bilərəm ki, ilk məşqçisi mənəm.
– Vaqif Hidayətovun ilk müəllimi olduğu başqa futbolçular da var? Elşən Abdullayevin adını çəkmisiniz.
– Buzovnada UGİM-də işləyərkən Rəşad Sadiqov, onun rəhmətlik qardaşı Səbuhi, Aftandil Hacıyev, Ayxan Abbasov və digərlərinin məşqçisi olmuşam. Doğrudur, mənə kimi bu uşaqlar bir neçə il İlham Qurbanovun rəhbərliyi altında çıxış ediblər. Amma mənim vaxtımda yığma komandaya və peşəkar klublara keçiblər. Ruslan Abuşovun da adını çəkə bilərəm. Onun ilk məşqçisi Əli müəllim Ruslanı öz əli ilə gətirib mənə təhvil verdi ki, bu uşaqda istedad var, nəzərində olsun.
– Tələbəsi ilk məqçisini yaddan çıxarmayıb ki?
– Bayramlarda, ad günümdə əlaqə saxlayıb tərik edir. İndi Amaniyadadır. Ora gedəndən danışmamışıq. Buna görə Emili qınamıram. Həm də müasir texnologiyadan istifadə etmirəm deyə, hər dəqiqə əlaqə saxlamaq da asan deyil. Amma atası ilə tez-tez danışır və hər dəfə də mənə sözünü çatdırır. Axırıncı dəfə onunla “Ayntraxt”dan baxışdan qayıdarkən görüşdüm. Uşaq vaxtında olduğu kimi yenə də məsləhətimi verdim. Ona həmişə deyirdim ki, Emil çalış, həmişə “1 nömrə” ol. “2 nömrə” olma. Çünki, “2”nin arxasında “3”, “4” gəlir. Emil uşaq deyil. Harada olduğununun məsuliyyətini yaxşı dərk edir. Mənə var gücü ilə çalışacağını və başımızı uca edəcəyini bildirdi. Təki elə olsun!
– Onun “Ayntraxt”a keçidini harada eşitdiniz?
– “İnter Arena”da. Məni təbrik etdilər ki, tələbən “Ayntraxt”a keçir. Emil bir qədər utancaq insandı. Özü haqqında olan çox şeyləri bölüşməyə utanır. Mənə də bu haqda bir söz deməmişdi. Eşidəndə çox sevindim. Perspektivinə bələd olan bir məşqçi kimi bunu ondan gözləyirdim.
– Paxıllıq edənlər var?
– Bəlkə də var. Bəlkə də bəziləri Vaqif Hidayətovun tələbəsinin Almaniya klubunda oynamasına qısqanclıqla yanaşırlar. Amma qısqanmaq, paxıllıq etmək lazım deyil. Emil mənim tələbəm olsa da, Azərbaycana məxsusdur. Hər bir məşqçiyə mənə qismət olan sevinc hisslərini yaşamağı arzulayıram.
– Hazırda “İnter”in 14 yaşlı futbolçularını çalışdırırsınız. İndiki komananızda Emil Balayevin uğurunu təkrarlaya biləcək futbolçular var?
– Komandanın əsas qapıçısı Əkbər Vəliyev gələcəkdə yaxşı qapıçı kimi yetişə bilər. Yeri gəlmişkən, Əkbər “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin yaxın qohumudur. Bu komandanı götürəndə qapıçı problemi var idi. Əkbər Xaçmazdan gələndə problem həllini tapdı. U-14-də olmasına baxmayaraq, “İnter”in əvəzedici komandasının məşqinə də cəlb olunur. Hətta bir dəfə yoxlama oyununda ona qapıda dayanmağa şans da veriblər. Hazırda Üzeyir İbrahimovun nəzarətindədir. Əkbərdən başqa Murad Bağırovun, Orxan Fərəcovun adını çəkə bilərəm. Bu gün Avropa klublarının futbol məktəblərində öz yaşıdları arasında rahat oynamaq gücündədirlər. Digərlərini də misal gətirə bilərəm. İstedadlı uşaqlar çoxdu. Amma hər şey bizdən asılı deyil.
– Vaqif müəllim sonuncu sualım bir qədər fərqli olacaq. Emil Balayev ilk məşqçisinə “görüm-baxım” edir?
– Yox. Bəlkə də utanır (gülür). Hər məşqçi istəyər ki, onun tələbəsinin sorağı daim yüksəklərdən gəlsin. Elə məşqçilər də var ki, tələbələrindən onlara maddi yardım göstərmələrini umurlar. Əlbəttə, onları qınamıram. İndi məşqçilərin maaşları o qədər də yüksək deyil. Həm də atalar yaxşı deyib, uman yerdən küsərlər. Mənə gəlincə, əsas Emilin uğur qazanmasıdır. “Görüm-baxım”sız da keçinərik.
Söhbətləşdi: Azər TAĞIYEV
“Het-trik news” qəzeti
saytlarin hazirlanmasi