Amneziya və ya quru təbrik YAZI

00:33 - 10 Fevral 2015

"AFFA isə… "Nazim müəllim, 50 yaşınız mübarək"
 
Həyatda ən çox zövq aldığım nəsnələrdən biri, bəlkə də birincisi uşaqların məşqini izləməkdi. İnsanı problemlərdən 1-2 saatlıq da olsa uzaqlaşdırır. Uşaqlığını, yarımçıq qalmış futbolçu karyeranı yada salırsan, qayğısız, həyatın ədalətsiziklərindən, çətinliklərindən bixəbər balacalara baxıb köks ötürürsən, hərdən də məşqçinin icazəsi ilə onlara qoşulub futbol oynayırsan. Mənim kimiləri həyatda çoxdur. Lap çox. Biz valideynlərin arzusu övladlarımızın böyüyüb məşhur futbolçu olmaları, onların arzuları isə… Onların arzuları da bizim arzularla üst-üstə düşür. Amma kim kimi futbolçu olmaq? Ronaldo, Messi, Özil, Buffon… Lap yaxşı. Heç olmasa, bu kumirlərin arasında özümüzünkülər də varmı?
 
3-4 ay əvvəlin söhbətidi. 50 yaşın bir addımlığında olan Nazim Süleymanovla “İnter Arena”da qarşılaşdım. Həmişə olduğu kimi uşaqların məşqini izləyirdim. Nazim müəllim isə oraya işlə əlaqədar gəlmişdi. Bir xeyli söhbət elədik. Fürsət tapan kimi “İnter”in gənc futbolçularından Nazim müəllimi tanıyıb-tanımadıqlarını soruşdum. İnanırsız, 24 uşaqdan heç biri, o cümlədən övladlarım da onu tanımadı. Nazim müəllimdən utandım. İndiyə kimi heç olmasa, öz övladlarıma Nazim müəllimin kim, necə futbolçu olduğunu danışmalıydım. Utandım. Ona görə ki, uşaqlardan kimsə bir nəfər veteran futbolçumuzun adını çəkə bilmədi. Həm də özümdən utandım. Bu gedişlə övladlarımızın gələcəyini məhv etdiyimi, futbolu can verən ölkədə futbolçu yetişdirmək adı ilə min bir hoqqadan çıxan futbol başbilənlərinin əməllərindən xəbərdar ola-ola balacaları onların yolunda qurban verdiyimi bilə-bilə.
 
“İnter Arena”da keçmişdə Azərbaycan futbolunun “qaymaq”larından hesab edilən çoxları ilə rastlaşmaq mümkündür. Azər İsayev, Şahin Diniyev… Şahin Diniyevi tanımayan uşaqlar onun oğlu Coşqunu özlərinə kumir hesab edirlər.
 
“İnterArena”nın daimi sakinlərindən biri də Samir Ələkbərovdur. “Samir Ələkbərov kimdir?” Bilirsiniz bu sualı nə qədər uşaqdan, böyükdən eşitmişəm. Deyim, bilin! Samir bir vaxtlar texnikası, sərgilədiyi oyunla milyonların sevimlisinə çevrilmiş futbolçu idi. Samir bir vaxtlar haqsızlıqlara görə karyerasını oda atan insan idi. Samir müasir Azərbaycan futbolunun “son mogikan”ıdır…  Doğrudan Samiri unutmuşuq? Samir biz jurnalistlərin, azarkeşlərin yadından çıxmayıb. Samiri unudan futbola cavabdeh olan şəxslərdir. Samiri unudan bir vaxtlar formasını geyindiyi “Neftçi” rəhbərliyidir.
 
Azərbaycan futbolunda Samir Ələkbərov kimi yaddan çıxan, kimsəyə lazım olmadığı düşünülən onlarla futbolçu, futbol mütəxəssisi var. Çünki, onlarsız ötüşməyi mümkün sayan AFFA kimi qurum fəaliyyət göstərir. Düz 1 həftə əvvəl Yunis Hüseynov 50 yaşını qeyd etdi. Bəlkə AFFA-dan kimsə yada saldı? Nazim Süleymanovun 50 yaşını vaxtilə şərəfini qoruduğu “Alaniya” təmtəraqlı surətdə qeyd etməyə hazırlaşır. AFFA isə… “Nazim müəllim, 50 yaşınız mübarək!”
 
İlqar TAĞIYEV
 
“Het-trik news” qəzeti
 
P.S. Deyəsən AFFA mətbuatda gedən tənqidlərdən nəticə çıxarmaq istəyir. Bir neçə gün əvvəl Nazim müəllimin yubileyi ilə bağlı hər hansı tədbirin keçirilməyəcəyi bildirilsə də, qurum “daşı ətəyindən töküb”.

Xəbər xətti