İdman direktorları qorxurlar
Bir ay əvvəl AFFA-nın aşağı yaşlı futbolçular arasında keçirdiyi respublika birinciliyində baş verən neqativ hallardan, çempionatın reqlamentindəki çatışmazlıqlara toxunmuş, “Uşaq futbolunda “Dalğa” mərəzi” başlıqlı həmin yazıda paytaxt regionunda oyunların keçirildiyi “Dalğa” stadionundakı acınacaqlı və təhlükəli vəziyyətdən, reqlamentdəki boşluqlardan, elit-məşqlərdən bəhs etmişdim. Bu dəfə isə həmin problemləri bir qədər ətraflı qabartmağa çalışacam.
İdman direktorları qorxurlar
Bir müddət əvvəl AFFA rəsmi saytını yeni dizaynda oxuculara təqdim etdi. Saytda bir çox yeniliklərlə yanaşı, aşağı liqalarda yarşlıran keçirilməsinin əsasnaməsi də öz əksini tapmışdı. Hər bir oxucu və jurnalistin hansısa yarışın əsasnaməsi ilə tanış olmaq hüququ var. Bu mənada AFFA-nın bu addımını alqışlamaq lazımdır. Amma tənqid olunası məqamlar da az deyil. Başlayım aşağı yaşlı futbolçuların respublika birinciliyinin keçirilməsi qaydasından. Təbii ki, bununla əsasnamədəki diqqətsizlikdən çox orada göstərilən KÜTLƏVİLİK və USTALIQ SƏVİYYƏSİNİN ARTILIRMASI hissəsinin üzərində dayanmaq istəyirəm.
Bundan əvvəl isə yarışların keçirilmə sistemi ilə bağlı olan 5-ci bölümə diqqət yetirək. U-14 liqasına kimi bütün birinciliklərdə ilk mərhələdən sonra 4 komanda yarışlardan kənarlaşdırılır. Bu paytaxt regionuna aiddir. Digər regionlarda da bu tip çatışmazlıqlar mövcuddur. İmkan dairəsində onlar haqqında da növbəti araşdırmalarda bəhs edəcəm. Paytaxt regionundakı neqativ hallar haqqında əvvəlki yazıda geniş bəhs etmişdim və qısaca xatırladım ki, artıq cari mövsümdə ilk dövrə başa çatıb. U-10 liqasında AZAL, “Rəvan” və “Bakı”, U-12 liqasında “Sərhədçi”, “Laçın”, “Rəvan” və “Bakı kəndləri”, U-13 liqasında “Binə”, RİOEUGİM, “Rəvan” və U-14 liqasında “Qarabağ”, AZAL, “Sərhədçi” və “Bakı kəndləri” ilk səkkizliyə düşə bilmədiklərindən çempionatdan kənarda qalıblar. Daha doğrusu kənarlaşdırılıblar.
Adıçəkilən komandalar bir də 8-9 aydan sonra yarışlara qoşulacaqlar. Bu halda KÜTLƏVİLİK və futbolçuların USTALIQ SƏVİYYƏSİNİN ARTILIRMASIndan danışmaq yersizdir.
Məsələ ilə bağlı klublarda uşaq futboluna cavabdeh olan şəxslərin bir neçəsi ilə əlaqə saxladım. Məqsədim anormal reqlamentə onların münasibətini öyrənməklə yanaşı, 8-9 ay müddətində yarşsız qalan futbolçuların nə işlə məşğul olmaları ilə maraqlanmaq idi. Təəssüf ki, AFFA-nın klublara təyin etdiyi əcnəbi idman direktorlarından heç biri yaranan vəziyyətə münasibət bildirmək istəmədi. Etika xatirinə adlarını çəkmirəm.
Sadəcə, dolayısı yolla AFFA-dan təyinat aldıqlarını söyləməklə, işverən qurumun fəaliyyəti haqqında nəsə deməkdən çəkindilər. Maraqlandığım digər məsələ ilə bağlı isə mövqe öyrənmək o qədər də çətin olmadı. Məlum oldu ki, çempionatda 2-ci mərhələyə keçə bilməyən komandalar futbolçuları əsasən yoxlama oyunlarında sınamaqla kifayətlənirlər. Bundan başqa perspektivli uşaqlar özlərindən bir yaş böyük komandaların heyətinə qatılmaqla yarışlarda iştirak və ustalıqlarını artıqmaq imkanı qazanırlar. Burada da ziddiyətlə qarşılaşırıq. Məsələn, “Rəvan” FK-nun 12 yaşlı futbolçuları U-13 komandasının heyətinə cəlb edilsə də, onlar da yarışlardan kənar qalıblar.
Deməli, bu da çıxış yolu deyil. Çıxış yolu yenidən əsasnaməyə əl gəzdirməkdədir. Bu barədə bir neçə yerli mütəxəssislə də əlaqə saxlayıb yaranmış vəziyyətə münasibətlərini öyrəndim. Onların hər biri gənc futbolçunun 9 ay futbolsuz qalmasının doğru olmadığı bildirməklə yanaşı, qısa zamanda bu çatışmazlığı aradan qaldırmağın vacibliyini söylədilər.
Aut necə atılır?
U-10 və U-11 liqalarının əsasnamələrinin “Oyun qaydaları” bölümündə göstərilib ki, top qapı xəttindən kənara çıxarsa, meydana əl və ayaq ilə daxil edilə bilər. Bundan başqa əsasnamədə aut atışının necə yerinə yetirlməsi göstərilməyib. Gülməli bilirsiniz nədir? Əsasnamə AFFA-nın saytında dərc edildikdən sonra hakimlər biliblər ki, aut və qapıdan zərbə əslində təkcə əllə deyil, ayaqla da yerinə yetirilə bilər. Belə çıxır ki, ilk mərhələdə hakimlər oyunun qaydalarından xəbərsiz olublar. Bu hələ harasıdır? Əsasnamənin “Meydança” bölümünün 7.3 bəndində göstərilib: “Meydançada iki qapı olmalıdır”. Görəsən, məhəllə futbolunu çıxmaq şərtilə indiyə kimi kimsə təkqapı və ya üçqapılı futbolun şahidi olub?
Qapıların sayı əvəzinə onların ölçülərini göstərmək daha yaxşı olmazdımı? Maraq üçün qeyd edim ki, U-13 liqası da daxil olmaqla bütün birinciliklərdə istifadə olunan qapıların ölçüləri 6x2 metrdir. U-10 liqasında meydanın ölçüləri 45-50x30-32 metr, U-13 liqasında isə 60-65x45-50 m olduğunu nəzərə alsaq, müxtəlif ölçülün meydanlarda eyni ölçülü qapıların istifadəsi də düzgün deyil. 10 yaşlı uşağın 2 metr hündürlüyə əlinin çatdığının nadir hallarda şahidi olmuşam. Belədə onların oynadıqları futbol yox, reqbidir.
Daha bir dodaqqaçıran məqam. Bütün liqaların əsasnamələri bir mənbədən hazırlanıb və bu 2-ci maddədə özünü qabarıq şəkildə biruzə verir. Həmin bənddə yarışların keçirlməsində məqsəd kimi uşaq və yeniyetmələrin arasında futbolun təbliği və kütləviliyini artırmaq, futbolçuların ustalığını yüksəltmək, onların klublarda hazırlayıb yığmaya cəlb etmək göstərilib. Sual olunur: U-10 liqasında yeniyetmə, U-14 liqasında isə uşaq necə oynaya bilər?
Qeyri-adilik bununla bitmir. Onlardan biri U-12 və U-13 liqaları ilə bağlıdır. Burada oyun zamanı meydanda hər komandada 1-i qapıçı olmaqla 9 futbolçu yer alır. İndiyə kimi bir çox dünyasəviyyəli klublarda uşaq futbolunun vəziyyəti ilə bağlı araşdırmalar aparmışam. Amma heç yerdə 9 nəfərin futbol oynadığının şahidi olmamışam. Yaxınlarda “Barselona”nın futbol akademiyasının müəllimləri Bakıda kommersiya xarakterli məşğələlər keçirdilər. Söhbət zamanı bizim bəzi liqalarda komandalar meydana 9 futbolçu ilə çıxdıqlarını biləndə, çox təəccübləndilər. Əslində 12 və 13 yaşlı futbolçular 60-65x45-50m ölçülü meydanlarda 1-i qapıçı olmaqla 7 nəfərlə oynamalıdırlar. Bu, gənc futbolçuların həm texniki, həm də taktiki cəhətdən daha yaxşı inkişaf etmələrinə səbəb olur. Bunu təkcə mən demirəm. Dünyanın əksər futbol akademiyalarında bu yaşda futbolu məhz belə oynayırlar.
UGYKŞ-dən ayrıseçkilik
Liqalarda yarışların dayandığı bir vaxtda Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsi (UGYTŞ) kubok turniri təşkil edir. U-14 liqasında ənənəvi “Bakcell U-14 Elit Kuboku” keçirilir. Digər liqa komandaları da kubok yarışlarında qüvvələrini sınayırlar. Əlbəttə, bu yaranmış fasilədə futbolçuların boş qalmamalı üçün atılan ən doğru addımlardan biridir və alqışa layiqdir. Amma... Əmması isə kubok oyunlarında heç də bütün komandaların iştirak etməməsidir. Məsələn, U-12 liqasında “İnter” PİK-nuna kubokda iştirakla bağlı dəvət göndərilməyib. Halbuki, “İnter”in 12 yaşlı futbolçuları arasında xeyli istedadlı uşaqlar var və böyük perspektiv vəd edirlər.
Üstəlik, bu komanda U-12 liqasında “Neftçi” PFK ilə eyni xal toplayaraq 1-2-ci yerləri bölüşdürür. Səbəbi ilə maraqlananda gözlənilməz arqumentlə qarşılaşdım. Demə, kubokda ancaq AFFA tərəfindən hansı kluba idman direktoru təyin olunubsa, həmin klubun komandaları iştirak edə bilər. “İnter” PİK-də AFFA-nın təyinat etdiyi belə direktor olmadığından “İnter”in U-12 komandası yarışlara buraxılmayıb. Bununla UGYTŞ-nin “İnter”i cəzalandırıb-cəzalandırmadığını deyə bilmərəm. Bildiyim isə odur ki, sözügedən qərar heç bir məntiqə sığmır və bəzi cavabdeh şəxslərin uşaq futbolundan anlayışlarının ümumiyyətlə olmaması deməkdir.
Yazıda və daha əvvəl “Uşaq futbolunda “Dalğa” mərəzi” sərlövhəli məqalədə göstərilənlərlə bağlı AFFA-nın UGYTŞ-nin rəisi Yusif Vəliyevin fikirlərini də öyrənməyə çalışdım. Yusif müəllim müsahibə vermək istəmədiyi, ona ünvanlanan sualları cavablandırmaq üçünsə AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinə müraciət etməli olduğumu bildirdi. Suallarımı yazılı surətdə departamentin rəhbəri Mikayıl Nərimanoğluna göndərdim. Təəssüf ki, sualla hələ də cavablarını gözləyir. AFFA-nın mövqeyini dərc etməyə hazırıq.
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti
saytlarin hazirlanmasi