"Telekanal sahibi olsam, belə çempionatın işıqlandırılmasına pul xərcləməzdim" MÜSAHİBƏ

13:36 - 16 Fevral 2015

Tural Əsgərov KK ilə futbolçuları “topa tutdu”
 
Sabiq “Futbol+”çi Tural Əsgərov artıq neçə ildi ki, menecer fəaliyyəti ilə məşğul olur. Yerli futbolçuların ölkə daxilində bir klubdan digərinə keçməsinə, Amit Quluzadənin Portuqaliyaya üz tutmasına, həmçinin Leroy Corc, İbrahim Şehiç, İnnosent Emeqara, Danilo Dias, Franko Nildo kimi legionerlərin ölkəmizə ayaq açmasına vasitəçilik edib. Klublar Komitəsinin (KK) sonuncu iclasından sonra Əsgərovla başqa bir məsələ ilə bağlı telefon danışığı zamanı ürəyinin dolu olduğunu hiss etmək çətin deyildi. “Düşündüklərinizi qəzet səhifəsi üçün səsləndirə bilərsiz” sualına “əlbəttə” cavabını aldıqdan sonra söhbətə başladıq.
 
- Komitənin sonuncu iclasında gənc futbolçuların əmək haqqına limit qoyulması məsələsi birmənalı qarşılanmayıb. Klublar bunu futbolumuzun, futbolçularımızın inkişafına təkan verəcək addım kimi qələmə verirsə, bəzi mütəxəssislər və futbolçular bu addımla heç bir problemin həll olunmayacağını iddia edir...
- Açıq danışsaq, bu qərar ciddi məntiqə söykənmir və əslində klublar bununla futbolun inkişafına təkan vermək deyil, büdcələrinə qənaət etmək niyyəti güdür. Amma doğrusu büdcəyə qənaət etməyin daha savadlı yolları var ki, onlardan yararlanmaq lazımdı. Eyni zamanda Klublar Komitəsindən soruşmaq lazımdı ki, verilmiş qərarın həyata keçirilmə mexanizmi barədə nə düşünürlər. Fikrimcə, bu qayda elə kağız üzərində qalacaq və heç vaxt ciddi əhəmiyyət kəsb etməyəcək.
 
- Həqiqətən də gənc futbolçular böyük pullar görəndə özlərini itirir, inkifaşdan geri qalırlar. Siz niyə fərqli düşünürsüz?
- Mən demədim ki, futbolçulara böyük pullar verilməlidi. Mənə qalsa, hesab edirəm ki, hər yerindən duran idmançı və ya futbolçu alimdən, müəllimdən qat-qat çox maaş almamalıdı. Amma bunun qarşısını almaq üçün süni yola əl atmaq və bunu inkişaf naminə atılan addım kimi qələmə vermək düzgün deyil... Gəncləri bir kənara qoyaq, məgər yaşı 23-dən artıq olanların bir çoxu layiq olduğu pulu qazanır? KK-nin sədri Tuyqun Nadirov deyib ki, gələcəkdə yaşlı futbolçuların əmək haqqına limitin qoyulması istisna edilmir. Elədisə, niyə indidən qoyulmur? Qərar veriləndə 100 ölçülüb, 1 biçilməli və bütün işlər kompleks şəkildə görülməlidi. Məsələn, hazırda müqaviləsi qüvvədə olan və illik əmək haqqısı təxminən 100 min olan 22 yaşlı futbolçunun işi necə olacaq? Həmin futbolçu pulunu almağa davam edəcək, amma sabah ondan daha səviyyəli olan birisi 50 minə oynamalıdı. 
 
- Bölgə və paytaxt klubları arasında fərq qoyulması ilə necə, razısız?
- Burda heç bir məntiq yoxdu. Sabah “Qəbələ”nin akademiyasında yetişən uşaq “Neftçi”yə keçmək istəsə, 5-10 min manat itirmək məcburiyyətində qalır. Ona görə də karyerasını daha çox məvacib aldığı bölgə təmsilçisində davam etdirəcək. Başa düşürəm, əcnəbini Qəbələyə və ya Lənkərana gətirmək çətindi və bu səbəbdən bölgələri təmsil edən klublar daha çox xərcləməli olurlar. Amma bunun gənc Azərbaycanlı uşağa nə aidiyyatı? Guya 22 yaşlı gənc ilinə 50 min manat qazansa ağlı başında olacaq, 70-80 min qazansa ağlını itirəcək? Məntiq yoxdu...
 
- Sizcə, bu qərarın heç bir faydası olmayacaq?
- Qərarın xeyir və ya ziyanından danışmağın özü mənasızdı. Çünki bu qərarı həyata keçirmək mümkünsüzdü. 
 
- Niyə?
- Əvvəla, heç bir mexanizm hazırlanmayıb, ikincisi də, hazırlanması mümkün belə deyil. Sabah “Xəzər Lənkəran” yenə çempionluq iddiasına düşsə, məşqçi postunu bu dəfə Fatih Terimə həvalə edəcək. Və Terim gələrkən gözü mənim “Sumqayıt”da oynayan 21 yaşlı müştərimə düşəcək. Maaş məsələsi müzakirə olunarkən, mən “Xəzər Lənkəran”dan minimum 100 min maaş istəyəcəm və klubun vitse-prezidenti, eyni zamanda haqqında danışdığımız qərarın “xaç atası” Tuyğun Nadirov ortada “60 minlik” qərarın olmasını vurğulayacaq. Mən illik maaşın 60 min olması ilə razılaşacam, amma təklif edəcəm ki, “Xəzər Lənkəran” yerdə qalan 40 mini başqa şəkildə ödəsin, məsələn, maşın hədiyyə etsin və ya alış-veriş etmək üçün 40 minlik çek bağışlasın. Beləcə, 100 min qazanacağıq... Avropada, futbolu inkişaf etmiş və ya inkişaf edən ölkələrdə belə limitlər yoxdu. Bilirsiz niyə? Çünki bu yollları çoxdan keçiblər və mənasız olduğunu bilirlər.
 
- Nadirov növbəti iclasda futbolçuların bir klubdan digərinə keçidi üçün nəzərdə tutulmuş kompensasiya məsələsini müzakirəyə çıxaracaqlarını deyib. 
- Bilirsiz, futbolçunun müqavilə müddəti bitməyibsə, klublar onsuz da ürəkləri istədiyi qiyməti qoyurlar. Hətta görürsən ki, əsas heyətə yaxın düşməyən futbolçuya görə 100 min pul istəyirlər. 23 yaşı tamam olmamış futbolçunun müqavilə müddəti başa çatıbsa və ölkə daxilində bir klubdan digərinə keçirsə, kompensasiyanın ödənilməsi yalnız ilk peşəkar müqavilə imzalanarkən nəzərdə tutulub. Bu FİFA-nın qaydaları ilə tənzimlənir. Bu isə o deməkdi ki, Klublar Komitəsinin verəcəyi istənilən qərar futbolçu ölkə xaricinə yollanarkən heç bir mahiyyət daşımayacaq. Söhbət sadəcə, daxili transferlərdən gedir və belə görünür ki, klublar futbolçuları “əsir” etmək üçün razılığa gəlmək və daha sərt qaydalarla gənc futbolçuların mümkün keçidlərini əngəlləmək istəyirlər. Ümid edirəm ki, AFFA klublara keflərinin istədiyini etməyə imkan verməyəcək. Çünki müqaviləsi bitmiş futbolçu üçün kompensasiya məbləği klubun ona çəkdiyi xərcdən çox ola bilməz. Bu isə o deməkdi ki, klublar ya qəpik-quruş kompensasiyanın ümidinə qalmalıdılar, ya da uşaqlara doğrudan da xərc çəkməlidilər. Daha indiki kimi xala-xətrin qalmasın deyə, keyfiyyətsiz forma, iki-üç top və əyri-üyrü meydança verməklə işlərini bitmiş saymamalıdılar.
 
- FİFA bununla bağlı qaydalar tətbiq edibsə, KK buna necə qarşı çıxa bilər?
- FİFA yerli assosiasiyalara ölkə daxilində müəyyən qərarlar tətbiq etmək ixtiyarı verir. Bu isə o deməkdi ki, AFFA-nın dəstəyi olarsa, klubların istəyi təmin oluna bilər. Belə məqamda ortaya başqa sual çıxır? Qərarla razılaşmayanlardan kimsə özündə ali quruma müraciət etmək cəzarəti tapacaq, ya yox? 
 
- KK-nin ideya və təkliflərinə qarşısız. Komitə yenilik etməyəcəksə, futbolun inkifaşı naminə qərar qəbul etməyəcəksə, o zaman fəaliyyətinin faydası nədi?
- Əslində klubların komitə şəklində birlikdə hər hansı məsələni müzakirə etməsi müsbət haldı. Güc birlikdədi və belədə klublar öz maraqlarını qorumaq imkanlarını artırırlar. Sadəcə, bunu futbolçuların hüquqlarını pozmaqla etməyə çalışırlar. Günah isə birmənalı olaraq futbolçulardadı. Çünki onlar komitə və ya birlik halında birləşmirlər. Azərbaycanlı futbolçuların böyük əksəriyyəti hətta klublardan imzaladığı müqaviləsinin bir nüsxəsini tələb edə bilmir. Məsələn, “Xəzər Lənkəran” Rauf Əliyev, Əfran İsmayılov kimi milli üzvləri ilə müqavilə imzalayır, 3-4 ay sonra isə onlara “xoş getdin” deyir. Və ya “Neftçi”nin yollarını ayırdığı Elnur Allahverdiyev klubsuz qalıb karyerasını bitirmək haqda düşünür.
 
- Futbolçular Birliyi mövcuddu axı. 
- Musa Qurbanovun sədri olduğu birlik uzun müddətdi kağız üzərində mövcuddu. Amma nə faydası? Futbolçuların başı nə qədər daşdan-daşa dəysə də, xeyri yoxdu. Musa bəylə bu barədə bir neçə dəfə danışmışam və problemin nədən ibarət olduğunu yaxşı anlayıram. Bu ictimai təşkilatdı və futbolçular bura üzv olmaq üçün üzvlük haqqı ödəməlidi. Azərbaycanda “həmkarlar ittifaqı” mədəniyyəti yoxdu. Bahalı maşınları sığorta edərkən külli miqdarda pul ödəməkdən boyun qaçırmayan futbolçular kiçik  məbləğə öz karyeralarını sığortalamağa simiclik edirlər. Halbuki, birlik fəal şəkildə fəaliyyət göstərsə, futbolçular öz hüquqlarının müdafiəsi istiqamətində böyük üstünlük əldə edə bilərlər. Məsələn, federasiya ilə bütün klublar üçünn keçərli olacaq ümumi Əmək Müqaviləsi forması hazırlansa, bu artıq böyük işdi və klubların futbolçulara qarşı etdiyi fırıldaqların çoxunun qarşısını almaq olar. 
 
- Teleyayın hüququ klubların özünə veriləcək. Belə deyək, klublar “məhsulunu” istədiyi qiymətə satacaq. Bu ideyanı necə, dəstəkləmək olar?
- Xeyr, qətiyyən. Komandaların sərgilədiyi futbol 5 qəpiklik olmasa, teleyayın üçün necə 50 qəpik tələb edə bilərlər? . Məgər Palsüd zorla satılır? İstəyən alır, çünki müəyyən keyfiyyəti var malın. Telekanallar maraq və tələbat olan idman tədbirini işıqlandırmağa həvəs göstərirlər. Premyer-liqaya maraq yoxdusa, telekanalları qınamaq düzgün deyil. Bugün insanlara Azərbaycan çempionatından çox digər verilişlər daha maraqlıdı. Bazarda məhsulunu satan kəndlinin malı keyfiyyətli deyilsə, zorla kiməsə satmalıdı, ya alıcını döyüb-söyməlidi? İki çıxış yolu qalır: ya qiyməti aşağı salmalıdı, ya da malın keyfiyyətini artırmalıdı. KK ilk növbədə bu barədə düşünməlidi. Çürük mal haqda qızıl satırmış kimi danışmaq düzgün deyil. Şəxsən telekanal sahibi olsam, belə çempionatın işıqlandırılmasına pul xərcləməzdim. Klublar özünü reklam etmək, tanıtdmaq üçün pul xərcləmək istəmirsə, o zaman AFFA futbolun kütləviləşdirilməsi, marağın yaradılması üçün xərci üzərinə götürməlidi. Öncə Azərbaycan futbolunu insanlara sevdirmək, tribunaları doldurmaq, daha sonra telekanaldan pul tələb etmək lazımdı. Belə olarsa, tələb etməyə ehtiyac qalmayacaq, telekanal rəhbərlərinin özləri klubların qapısında yatacaq.
 
"Futbol+" qəzeti

Xəbər xətti