Kaş ki, gəlməyəydi
İdman mediasında uşaq futbolundakı problemlərdən çox yazılıb. Azərbaycan futbolunun gələcəyini müəyyən edən bu sahədə çatışmazlıqlar həddən artıq çoxdur. Onların aradan qaldırılması təkcə jurnalistlərin apardıqları araşdırmalarla həll olunmur. Problemlərin vaxtında çözülməsi üçün AFFA-nın bu sahəyə cavabdehlik daşıyan sahəsi əməli iş görməlidir.
Ötən ilin iyulunda AFFA-nın baş katibi Elxan Məmmədov mətbuat günündə jurnalistlərlə təşkil olunan görüşdə idman medaisını diqqətlə izlədiklərini bildirmiş və futbolumuzun hər bir sahəsinə aid problemləri qabartdığımıza görə hətta bizə təşəkkür də etmişdi. Bununla baş katib göstərilən problemlərdən xəbərdar olduqlarını və çatışmazlıqların tez bir zamanda aradan qaldırmağa çalışdıqlarını söyləmişdi.
“Het-trik news” mütəmadi olaraq bu sahəni diqqətdə saxlamağa çalışır. Uşaq futbolunda vacib olan təhsil, sağlamlıq, fiziki hazırlıq, tərbiyə və s. ilə bağlı yazılarla yanaşı oyunların keçirilməsi və təşkili, stadionlar, şəraitsizlik və digər problemlərdən dəfələrlə bəhs etmişik. Əlbəttə, həmin məqalələrdə gedən subyektiv fikirlərlə AFFA-nın müvafiq şöbələri razılaşmaya bilərlər. Bu üzdən onların mövqeyini də öyrənməyə çalışdıq. Yarışların keçirilməsi şöbəsinin rəisi Yusif Vəliyevlə əlaqə saxladıq. Lakin Yusif müəllim görüşdən imtina etdi və sualları yazılı şəkildə ona gödərməyimizi istədi. Təəssüf ki, 3 həftədən sonra gələn cavablar əhatəli deyildi. Bir növ başdangəldi təsiri bağışlayan həmin cavabların bir çoxu əslində özündə həqiqəti əks etdirmədiyindən onlara şərh yazmaq məcbüriyyətindəyik. Yusif Vəliyevin cavablarını olduğu kimi, nöqtəsinə, vergülünə toxunmadan dərc edirik.
Sual: U-11, U-12, U-13, U-14 liqalarında paytaxt regionunda 1-ci mərhələdən sonra 9-12-ci yerləri tutan komandalar mübarizədən kənarlaşdırılır. 1-ci mərhələ dekabrın əvvəlində başa çatır. Növbəti mövsüm isə sentyabrın ortasında başlayır. 9-12-ci yeri tutmuş həmin komandaların futbolçularının futbolun kütləviliyinə çalışdığınız bir vaxtda 9 ay yarışlardan kənar qalması nə dərəcədə düzgündür? Xahiş edirəm kubok oyunlarını bəhanə etməyin. Orada komandalar qısa zamanda az sayda oyun keçirirlər.
Cavab: Qeyd etdiyiniz liqalarda ümumi 460 komanda iştirak edir. Təbii ki, hər bir liqa reqlament üzrə keçirilir. Sonda hər bir liqanın bir qalibi olur. Liqaların sentyabr ayında başlayıb, may ayında başa çatdığını nəzərə alsaq, reqlamentlə hər dövrədən sonra axrıncı yerdə olan komandaların çıxması sistem üzrədir. Çempionatın sonuna gədər 460 komanda ilə davam etmək mümkünsüzdür. Çünki liqaların bir qalibi olur. Liqalarda ümumilikdə 460 komandanın iştirak etməsi, 7494 oyunçunun oynaması ən böyük kütləvilik nümunəsidir.
Şərh: Sual verərkən paytaxt regionunu nəzərdə tutmuşduq. Adıçəkilən liqalarda paytaxt regionunda cavabda göstərildiyi kimi 460 deyil, cəmi 56 komanda iştirak edir. İkinci mərhələdə U-11 liqasını çıxmaq şərtilə qalan liqaların hər birində 4 komanda 2-ci dövrəyə buraxılmır. 7494 uşağın 460 komandada oynadığını göstərmisiniz. Bu, orta hesabla hər komandada 16 futbolçunun olması deməkdir. Bu minalla hesablasaq, paytaxt regionunda 16 komandanın 256 futboçusu 8 ay yarışlardan kənarlaşdırılır. Sizin göstərdiyiniz 460 komanda 5 liqada respublika üzrə mübarizə aparır. Paytaxtdakı məqamla digər regionlarda da rastlaşırıq. Həmin 460 komandanın 350-i 1-ci dövrədən sonra mübarizəni davam etdirir. Qalan 90 komanda reqlamentə görə növbəti mövsümü gözləyir. Bu da təxminən 1440 futbolçu deməkdir. Başqa sözlə hər 5 uşaqdan 1-i sizin rəhbəri olduğunuz şöbənin “sayəsində” 9 aya yaxın müddətdə futbolsuz qalır. Bundan başqa hər bir komandanın sifariş ərizəsində 16 deyil daha çox futbolçu olur. Haradasa, orta hesabla 20-22 nəfər. Bu isə futbolsuzluq aqibətini yaşayan uşaqların sayının daha çox olması deməkdir. Əgər 1440 uşağı futbolsuz qoymağı kütləvilik hesab edirsinizsə, onda işiniz avand olsun. Bir də ki, xahiş edirəm, çempionatın sonuna kimi 460 komanda ilə mübarizənin mümkünsüz olmasını bəhanə etməyin. Həmin komandaların hər biri final mərhələsinə kimi mübarizə aparmalıdırlar. Yəni, aprel ayına kimi. Final mərhələsində isə bu qədər komandanın iştirakı təbii ki, siz dediyiniz kimi mümkün deyil.
Sual: U-10, U-11, U-12 və U-13 liqalarının reqlamentində göstərilib – “meydanda 2 qapı olmalıdır”. Nəsə, indiyə kimi təkqapı və ya 3 qapılı futbol görməmişəm. Qapiların sayınının əvəzinə ölçülərini göstərmək daha yaxşı olmazdı? Etiraf edək ki, U-10 il U-13 arasındakı fərqi nəzərə alınmayıb və hər iki yaş qrupunda eyni qapılardan istifadə edilir. Hər yaş qrupuna uyğun qapı ölçülərinin olması pis deyilmi?
Cavab: Əsasnamədə qeyd olunan 2 qapı olmalıdır FİFA-nın standartlarına əsasən yazılıb. FİFA yarışlarındakı əsasnamədə bu tip bir çox qaydalar görə bilərsiniz. Bunu oxuyan hər bir kəs də normal olaraq başa düşür. Bu ümumi standartdı. Əsasnamədə bu qaydaların qeyd olunması standartdır.
Şərh: Əsasnamədə “meydanda 2 qapı olmalıdır” fikrinin FİFA standartlarına əsasən yazılması haqqında etirazım yoxdur. Etirazım hər yaş qrupu üzrə uyğun ölçülü qapılardan istifadə edilməməsi ilə bağlıdır. Yəni, U-14 liqasında istifadə olunan qapı U-10 liqasında istifadə edilə bilməz. Çünki buna həm uşaqların fiziki göstəriciləri, həm də meydanın ölçüləri uyğun gəlmir. Heç olmasa, əsasnamədə istifadə olunan standart ölçülü qapıların ölçüləri barədə rəqəmləri yerləşdirərdiniz. Axı, FİFA-nın standartlarında futbol qapılarının ölçüləri qeyd olunur.
Sual: Bizdə U-11, U-12, U-13 liqalarında meydanda 9 futbolçu oynayır. 8 oyunçu + 1 qapıçı. Avropanın aparıcı futbol akademiyalarının məşqləri və oyunlarını izlədikdə bu halla rastlaşmamışam. 7 futbolçu ilə oynamaq daha yaxşı deyilmi? Bu, uşaqların futbolu daha yaxşı qavramalarına və texnikalarının artmasına nədən olur.
Cavab: Yəqin ki, liqalar haqqında ətraflı məlumata malik deyilsiz, liqaları izləməmisiz. Nəzərinizə çatdırmaq istərdim ki, U-10 və U-11 liqalarında meydanda 9 deyil, 7 futbolçu iştirak edir.
Şərh: Doğrudur, U-10 və U-11 liqalarında meydanda 7 futbolçu olur. Bəs, sualda göstərildiyi kimi U-12 və U-13 liqaları haqqında niyə fikir bildirməmisiniz? Üstəlik, bizi məlumatsız olmaqda və liqaların oyunlarını izləməməkdə ittiham edirsiniz. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, hələ heç bir Avropa ölkəsinin U-12 və U-13 liqasında meydanda 9 futbolçunun olması ilə rastlaşmamışam. Yalnız Azərbaycandan başqa. Həmin yaş qrupunda meydanda 7 futbolçunun olması uşaqların daha sərbəst oynamaları, texnikalarını artırmaları, əlavə boş sahə qazanmaları və s. üçün atılan addımdır. O ki qaldı, bizə qarşı ittihamınıza, bildirirəm ki, ötən mövsüm U-10 liqası təşkil olunmamışdı, U-11 liqasında isə oyunlar 9 futbolçu ilə keçirilirdi. Sualı ünvanlayanda diqqətsizlik etdiyimi boynuma alıram. Oyunları izləməməyə gəldikdə, yanılırsınız. Hamısı olmasa da, imkan tapdıqca paytaxt regionunda bütün liqaların oyununu izləyirəm. Nəsə, indiyə kimi sizinlə “Dalğa Arena”da rastlaşmamışam.
Sual: “Dalğa Arena”da aparılan tikinti işləri Liqaların oyunlarının keçirildiyi vaxt uşaqlar üçün təhlükə mənbəyidir. Orada təhlükəsizlik qaydalarına riayət olunmur.
Cavab: Bildirmək istərdim ki, “Dalğa Arena”da meydançanın kənarında olan tikinti işləri liqaların oyunları zamanı dayandırılır. Bütün təhlükəsizlik təmin olunur.
Şərh: Yalandır. Oyunlar zamanı tikinti işləri dayandırılmır. Ötən mövsüm sportal.az saytı oyunlarda çəkiliş aparırdı. Güman ki, onların arxivlərində kadrlar qalır. Həmin kadrlara baxsaq, bir neçə oyunda tikinti işlərinin aparıldığını sübut edən görüntüləri, o cümlədən hərəkətdə olan texnikanı izləmək mümkündür. Bundan başqa, təhlükəsizlik qaydalarına tam riayət olunmur. Üstəlik, oyunlar küləkli havada keçirildikdə ətrafı toz-torpaq bürüyür. Bu bir yana, külək əsdikdə yuxarı mərtəbələrdən taxta parçalarının yerə, hətta meydana düşdüyünün şahidi olan onlarla insan var.
Sual: “Dalğa Arena”dakı şəraitsizliyə (içməli su tapılmır, soyunub-geyinmə otaqları soyuq və təmirsizdir, həkim otağı yoxdur) nə vaxt son qoyulacaq?
Cavab: “Dalğa Arena”dakı hər hansısa bir şəraitsiz halla bağlı bizə heç bir komandadan şikayət olunmayıb. Uşaq komandaları olmaları, həftə sonu 56 komandanın gəlməsini nəzərə alaraq, oyun üçün bütün şərait yaradılmışdır. Oyunlar 1-ci dövrənin sonundan etibarən “Bakı baza” və “Dalğa Arena”da təşkil olunur.
Şərh: Həqiqətən komandaların oyunlarının keçirilməsi üçün tərəfinizdən bütün şərait yaradılıb. Amma şərait dedikdə, təkcə oyunu nəzərdə tutmuruq. Bir daha təkrar edirik, soyunub-geyinmə otaqları bərbad vəziyyətdədir, təmirsizdir, soyuqdur, su gəlmir. Yalnız ayaqyolunda su tapmaq mümkündür. Əgər bunu şərait adlandırırsınızsa...
O ki qaldı şikayətə, əvvəlki araşdırmaların birində klubların AFFA tərəfindən təyin olunmuş direktorlarından müxtəlif yaşlı komandaların Yarışların Keçirilməsi Şöbəsinin “zəhməti” sayəsində 9 aya yaxın futbolsuz qalmalarına münasibət öyrənmək istəmişdik. Ad çəkməyəcəm, bəzi direktorlar qeyri-rəsmi narazılıqlarını gizlətməsələr də, rəsmi münasibət bildirməkdən QORXDULAR. Cavabları təxminən belə oldu – Bizi bu vəzifəyə AFFA təyin edib və onlar haqqında hansısa tənqidi fikir söyləyə bilmərik. Məşqçilərə gəlincə, onlar da şikayət etməyə cürət etmirlər. Çünki bu, direktorların və AFFA-nın xoşuna gəlməyəcək. Nəticədə həmin məşqçilər işsiz qala bilərlər.
Sual: Yarışların təşkili zamanı uşaqların təhsili diqqətdən yayınıb. Final mərhələsinin məktəblərdə summativ imtahanlarla eyni vaxta düşməsi uşaqların təhsildən yayınmalarına səbəb olur.
Cavab: Hər bir liqanın final mərhələsi 1 həftə ərzində keçirilir.
Şərh: Ətraflı cavaba görə minnətdaram. Xatırladaq ki, final mərhələlərində 16 komanda 4 qrupda mübarizə aparır. Finala çıxan komandalar 1 həftə ərzində 6 oyun keçirirlər (?!) Vaxt azlığını nəzərə alaraq oyunların həftə ərzində keçirilməsini başa düşmək olar. Hər halda şagirdin 1 həftə dərslərdən kənar qalması yolverilməzdir. Üstəlik, həmin bir həftənin dərs ilinin sonuna təsadüf etdiyini nəzərə alsaq, uşaqların illik summativ testlər və imtahanlardan kənar qaldıqlarını görürük. Vaxtilə final mərhələsinin oyunlarının mart ayının sonunda – Novruz bayramı və ya yaz tətili zamanı keçirilməsini təklif etmişdik. Sual oluna bilər – çempionat martda başa çatarsa, aprel və may aylarında uşaqlar nə edəcəklər? Bu boşluğu yanvar, fevral aylarında keçirilən kubok oyunları ilə doldurmaq mümkündür.
Həmin vaxt təklif etmişdik ki, liqalar üzrə yarışlar sentyabrda başlasın. 2 dövrəli çempionatda heç bir komanda mübarizədən kənarlaşdırılmasın. Bu halda ilk dövrə dekabra kimi başa çatacaq. Dekabrın əvvəlləri ikinci dövrə start götürərsə, qış tətilini nəzərə almaqla yanvar-mart aylarında yekunlaşdırıla bilər. Final mərhələsi isə mart ayının sonunda şagirdlərin dərslərdən azad olunduğu vaxt təşkil edilsə, onların təhsildən uzaq düşmələrinə səbəb olmazsınız.
Daha 2 sual elit-məşqlər ilə bağlı idi. Bu suallar Yusif Vəliyevin sahəsinə aid olmadığından onları AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu cavablandırdı.
Sual: Elit-məşqlər niyə “İnter Arena”da təşkil edilmir? “İnter”in səlahiyyətlisi Valentin Xodukin bu barədə razılığını bildirib. “Dalğa Arena” həm hava, həm də yol baxımında əlverişsizdir.
Cavab: AFFA-nın özünün stadionu ola-ola, elit-məşqlər nəyə görə başqa yerdə keçirilməlidir?
Şərh: Çox hörmətli Mikayıl müəllim sualımıza sualla cavab verdi. Mən də şərhimi sualla bildirirəm – AFFA-nın stadionu ola-ola, nəyə görə bəzi liqaların oyunları “Bakı Baza”da təşkil olunur? “Bakı Baza”dan söz düşmüşkən, ötən il müxtəlif liqaların oyunları müəyyən səbəblərdən məhz bu stadionda keçirilib. Əslində, bu, bizim fikirlərimiz ilə üst-üstə düşür. Amma ciddi qayda pozuntuları olmasa. Adi bir misal gətirim. U-12 liqasının 2-ci dövrədəki oyunları “Bakı Baza”da keçiriləcək. Həmin liqanın əsasnaməsində meydançanın ölçüləri eni 45-50, uzunluğu 60-65 metr göstərilib. “Bakı Baza”nın üstüörtülü meydanının ölçüləri isə 45x75 metrdir. Yəni, meydanın eni qaydalara uyğun gəlsə də, uzunluq 10 metr artıqdır. Üstəlik, tavanın 12-13 metr olması tez-tez topun ora dəyməsinə səbəb olacaq ki, bu da oyunun gedişinə təsirsiz ötüşməyəcək. Hansı ki, yaxınlarda orada keçirilən yoldaşlıq oyununda oxşar halla tez-tez rastlaşdım.
Xatırladım ki, bir müddət əvvəl AFFA klublarda uşaq futbolunun inkişafı məqsədilə idman direktorları təyin etmişdi. Təkcə “İnter” bununla razılaşmamışdı. İdman direktorları olan klublarda gənc futbolçular nəzarətdə olduqlarından “İnter” klubu və bir neçə digər cəmiyyətin futbolçularını daim diqqətdə saxlamaq üçün AFFA elit-məşqlər təşkil edir. Məşqlər “Dalğa Arena”da təşkil olunur. Lakin yol uzaq olduğundan “Əlincə” FK-nın, “Vətən” cəmiyyətinin futbolçuları elit-məşqlərə qatılmırlar. “İnter Arena”nın münasib yerdə yerləşdiyini nəzərə alaraq elit-məşqlərin ora salınmasını daha yaxşı olardı. Bu barədə Valentin Xodukinlə söhbət zamanı o, fikrimi bəyənmişdi və məşqlərin “İnter Arena”da keçirilməsi üçün hər cür şərait olduğunu bildirmişdi.
Sual: Elit-məşqlər zamanı həkimlər olmur. Uşaqlar zədələndiyi və tibbi yardıma ehtiyacları olduğu vaxt köməksiz qalırlar.
Cavab: Buna ehtiyac görmürük. Çünki “Dağla Arena”nın yaxınlığında tibb müəssisəsi olduğundan elit-məşqlər zamanı zədələnən futbolçular ilkin yardım üçün ora müraciət edə bilərlər. Onların tam müalicəsi isə “Modern Hospital”da heç bir xərc tələb olunmadan aparılır.
Şərh: Elit-məşqləri dəfələrlə izləmişəm. Adi məşqlərdə olduğu kimi, burada da müxtəlif təmrinlərin yerinə yetirilməsi və ikitərəfli oyunlarda futbolçuların zədələnməsi qaçılmazdır. Bir neçə dəfə uşaqların zədələnməsi halları ilə rastlaşmışam. Hamısında da məşqləri izləyən valideynlərin və məşqçilərin sayəsində futbolçulara ilkin tibbi yardım göstərilib. Amma zədələr daha ağır formada, məsələn, ətrafların açıq sınığı şəklində də ola bilər. Bu halda uşağın şoka düşməsi, qan itirməsi və s. mümkündür. Təbii ki, bu halda heç bir tibbi savadı olmayan valideyn və ya məşqçi nə edəcəyini bilməyəcək. Zədəlinin xəstəxanaya çatdırılması isə vaxt itkisidir. Əziyyət və xərc çəkib iş görürsünüz, məşqlərin həkim nəzarəti olmadan keçirilməsi gördüyünüz işi urvatsız edir. Bundan başqa nəzərinizə çatdıraq ki, elit-məşqlər zamanı həmişə olmasa da, bəzi hallarda gənc futbolçulara nəzərdə tutulan içməli su verilmir.
Belə. Uşaq futbolu ilə bağlı sonuncu yazımın başlığı “Deməsi bizdən, yozması AFFA-dan” idi. Nə demək istədiyimdən xəbərdar idiniz. AFFA-nın yozması ilə də tanış oldunuz.
Yeri gəlmişkən, AFFA-nın uşaqlar arasında təşkil etdiyi birinciliklərdə hakimliklə da bağlı ciddi problemlər mövcuddur. Onların bir neçəsi ilə bağlı münasibət öyrənmək məqsədilə Hakilmər Komitəsinin sədri Xaqani Məmmədovu çox axtardım. Təəssüf ki, əlaqə saxlaya bilmədim. Eyib etməz, sonraya qalsın. Bu gedişlə uşaq futbolundakı problemlər düzələnə oxşamır. Problemlər də bir deyil, iki deyil.
İlqar TAĞIYEV (“Het-trik news” qəzeti)
saytlarin hazirlanmasi