"Jurnalist üçün isə bunun bir çərçivəsi olmalıdır"
ATV kanalının İdman Departamentinin rəhbəri Ilkin Fikrətoğlu Qol.az-a müsahibə verib. Uzun illərdir jurnalistika sahəsində fəaliyyət göstərən teleaparıcı həm də “Qəbələ” və AZAL-ın ev oyunlarında diktorluq edir. Çoxlarının ancaq efirdən tanıdığı İlkin Fikrətoğlu ilə söhbət onun jurnalistikaya gəlişi, idman jurnalistikasının indiki vəziyyəti və digər məsələlər ətrafında oldu.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Gəlin, əvvəlcə 16 il öncəni xatırlayaq. Necə oldu ki, hüquq fakültəsində təhsil aldığınız halda jurnalistikanı seçdiniz?
- Uşaqlıqdan futbola çox həvəsim var idi. Jurnalistikaya da məni məhz bu həvəs gətirib. Unversitetdə təhsil aldığım vaxtlarda biz müntəzəm olaraq “Futbol+” qəzetini oxuyurduq. Bir dəfə həmin qəzetdə reportyor seçimi ilə bağlı müsabiqə elanı gördüm. İlk öncə özümə inamsızlıq olduğu üçün getmək istəmirdim. Tələbə yoldaşımın təkidi ilə özümü bu sahədə sınamaq qərarına gəldim. Elə oldu ki, müsabiqə üçün yazı verdim və bəyənildi. Bir ay sınaq müddətində işlədikdən sonra 1999-cu il aprelin 1-dən rəsmi olaraq “Futbol+” qəzetində işə başladım. Jurnalist kimi fəaliyyət göstərdikdən sonra bu sahə məni özünə daha çox çəkməyə başladı. Jurnalistikadan həyata tamam başqa gözlə baxmağa başladım. Dərk etdim ki, həyat heç də mənim düşündüyüm kimi deyil. O filimlərdə gördüyüm obraz, həyat nümunələri gerçəkdə tamam fərqlidir. Həmin vaxtlar hiss etdim ki, hüquqşunaslıq mənim sadəcə uşaqlıq arzum olub. Hüquqşunas olmaq fikrindən təhsil aldığım müddətdə yayındım və jurnalistikaya bağlandım. Düzdü, hüquqşünas diplomumu aldım, amma özümü jurnalistikada tapdım.
- Bəs, televizyaya gəlişiniz necə oldu?
- Televizyaya gəlişim 2002-ci ildə “525-ci qəzet”də işlədiyim vaxtlara təsadüf edir. Həmin vaxtlar ATV telekanalında “Xəbərlər” departamentini formalaşdırmaq üçün Rüstəm Əbülfətoğlunun rəhbərliyi altında jurnalist seçirdilər. Həmkarım Aydın Bağırov mənə təklif etdi ki, bu seçimlərdə iştirak edim. Mən də müsabiqədə özümü sınamaq qərarına gəldim. Əvvəlcə məni Altay Əliyev suallar verib yoxladı. Daha sonra Rüstəm Əbülfətoğlunun sınağından uğurla keçdim və işə qəbul olundum. İlk vaxtlar Altay Əliyevin ATV-də yayımlanan “Futbol+Qol” verlişində fəaliyyət göstərdim. 2003-cü ildə isə ATV-də “Son Xəbər” informasiya proqramı yaradıldı. Həmin vaxtdan 12 ildir ki, mən bu departamentdə işləyirəm.
- Sizcə, bu gün Azərbaycanda idman jurnalistikası hansı səviyyədədir?
- Mənim üçün jurnalistikaya qiymət vermək bir az çətindir. Çünki bu sahədə çalışanlar - yaxşı da, pis də olsa onlar mənim həmkarlarımdır. Özümü yuxarıda tutub kimlərinsə işinə mənfi qiymət vermək istəmirəm. Amma 15-20 il öncə ilə müqayisədə deyə bilərəm ki, jurnalistin işə götürülməsi qaydalarında dəyişikliklər var. Əvvəllər jurnalistikaya gələndə hansısa sınaqdan keçməli idin. İstər qəzet, istərsə də televiziyada sənin qarşında redaktor olurdu və onun çətin sınağından keçməli idin. İndi isə “Facebook”da adi şərh yazanlar da fikirləşir ki, yəqin elə jurnalistika belə olur. Bir də görürsən ki, dünən “Facebook”da şərh yazan bu gün olub sayt redaktoru, jurnalist. Bir yazı hazırlayanda da kimsə ona demir ki, sən səhv yazmısan. Belə olduqda isə jurnalistikaya axın artır. Ona görə də keyfiyyətli yazı yazanların sayı azdır. Hətta elələri var ki, öz adını, soyadını düzgün yaza bilmir. İndi sosial media çox inkişaf edib. Orada insanın başının hara qədər işlədiyini müəyyən etmək olur. Nə qədər çürük fikirlərə, qrammatik səhvlərlə rast gəlirsən. Başqaları da belə şeyləri görəndə jurnalistikaya ümumi baxışı mənfi olur.
- Ümumiyyətlə, bu gün jurnalistikaya yeni gələn gənclər kimdən örnək götürməlidir? Elə adam varmı?
- Konkret bir etalon yoxdur ki, kiməsə baxıb nəyisə öyrənəsən. Jurnalistika yaradıcılıq sahəsidir. Üslubu və yanaşması müxtəlifdir. Jurnalistika həqiqətən istedad, qabiliyyət tələb edən sahədir. Biz ATV-yə müsabiqəyə gedəndə adi bir qələmi verib, onun haqda yazı yazmağımızı istədilər. Elə adam var idi fikirləşirdi ki, qələm haqda nə yazmaq olar? Yaza bilməyənlər jurnalist ola bilmədilər. Amma onu qeyd etməliyəm ki, təcrübəli redaktorun olması vacib şərtdi. Mən jurnalistikanın incəliklərini qəzetdə işləyəndə Mahir Rüstəmli, rəhmətlik Adil Qaçayoğlu, Aydın Bağırovdan, televiziya sahəsində isə Altay Əliyev və Rüstəm Əbülfətoğlundan öyrənmişəm.
- Jurnalist olmaq üçün jurnalistika fakültəsini bitirmək nə dərəcədə önəmlidir?
- Əsas şərt yaradıcılıqdır. İkincisi də jurnalistin yaxşı söz bazası və intellekti olmalıdır. Bütün bunlar varsa, demək ki, ondan nəsə alınacaq. Çünki ancaq bu zaman sən fikrini dolğun ifadə edə bilərsən. Hazırkı idman jurnalistikamızda kitab oxuyanların sayı çox azalıb. Burada internetin də rolu böyükdür. İnsanlar ancaq başlarını qatmaq üçün internetdən istifadə edir, həm də məlumat almaq vasitəsi indi əsasən internetdir. Mən bu gün yaxşı jurnailst olmağı bacarmışamsa, bunu kitablara borcluyam. Çünki anam kitabxanaçı, atam isə müəllim olub. Uşaqlıqdan kitabların əhatəsində böyümüşəm və hər şeyi mütaliələr sayəsində qazanmışam.
- Türkiyə və Avropada idman jurnalistikasında olan köşə yazarları, xüsusən də teleaparıcılar, şərhçilər şou-biznesdəkilər kimi ünlü olur. Bizdə niyə belə deyil?
- Konkret səbəbini deyə bilmərəm. Məncə, bizim o səviyyəyə çatmağımıza hələ çox var. Türkiyə ilə Azərbaycan arasında oxşar xüsusiyyətlərlə yanaşı fərqliliklər də çoxdur. Bu gün Azərbaycanda qəzet oxuyan yoxdur, amma Türkiyədə qəzetlər 1 milyon tirajla çıxır. Ola bilsin bizim futbolumuz inkişaf etmədiyi üçün şərhçilərimiz də ünlü deyil. Bir neçə il əvvələ qədər “İdman Azərbaycan” telekanalını qəbul etmək istəmirdilər, şərhçiləri tənqid edirdilər. Son vaxtlar sevindirici haldır ki, artıq bizim şərhçilər barədə müsbət fikirlərə rast gəlirsən. Çünki içlərində həqiqətən bacarığı, istedadı olanları var. Düzdü, Türkiyədə və digər ölkələrdə olduğu səviyyədə deyillər. Amma şərhçilərimiz cəmiyyət içərisində tanınırlar. Məncə, hər şey futbolun inkişafından aslıdır. “Qarabağ”, “Neftçi” və digər klublarımız hər il Avropada yaxşı oyun sərgiləsə, həmin klublar kimi jurnalistlər də tanınacaq. Komandalar futbol oynaya bilməyəndən sonra şərhçi kimi və nəyi şərh etsin? Azərbaycanda çoxları futbola baxmaq istəmir. Onları necə yadda saxlasın? Türkiyədə “Qalatasaray”-“Fənərbaxça” derbisini şərh edən jurnalist oyunun tempinə uyğun ifadə işlədir və yadda qalır. Bizdə belə şanslar az-az düşür.
- Jurnalist azarkeş ola bilər?
- Bu suala birmənalı cavab verə bilməyəcəm. Azarkeşlik elə bir şeydir ki, onun ölçüsünü, dərəcəsini bilməlisən. Milli komandanın oyunlarında təbii ki, azarkeş olmalısan. Jurnalist üçün isə bunun bir çərçivəsi olmalıdır. Azarkeşlik daxildən gələn hisdir və bunu hər bir insan fərqli qaydada cilovlaya bilir. Amma bu, jurnalistlərdə ən azı fanatlıqdan bir az aşağı olmalıdır.
- Sizcə, çətin müsahib kimdir?
- Ümumiyyətlə, idmançılarla müsahibə çox çətin olur. İdmançılarımızın böyük əksəriyyətinin intellektual səviyyəsi aşağıdır. Amma onlar azlıq təşkil edir. Onlar arasında savadlı və danışıq qabiliyyəti yaxşı olanlar var.
- Bildiyimə görə, “Qəbələ” və AZAL-ın ev oyunlarında diktorluq edirsiniz. Bu təklif hardan gəlib?
- Hər iki klubda mənim dostlarım işləyir. Dəvət də onlardan gəlib. Yeri gəlmişkən, onlara təşəkkürümü bildirirəm. İlk günlərdə işim bir az çətin idi. Zaman keçdikcə öyrəşməyə başladım.
- Diktorluq zamanı hansısa maraqlı hadisə ilə qarşılaşmısınız?
- Belə hadisələr çox olub. Diktorluğa təzə başladığım vaxtlar idi. AZAL-la “Xəzər Lənkaran” oynayırdı. Oyun “Şəfa” (indiki “İnter Arena”) stadionunda keçirilirdi və tribunada çoxsaylı “Xəzər Lənkəran” azarkeşi var idi. Matçda ilk qolu “Xəzər Lənkaran” vurdu. Həmin vaxt azarkeşlərin meydanda sevinc sədaları ucalmağa başladı. Bir anlıq hansı komandanın diktoru olduğumu unutdum və qolu vuran Zaur Ramazanovun adını təmtəraqla çəkdim. Azarkeşlər də mənə qoşulub qışqırmağa başladılar. Bir də gördüm, AZAL-ın bütün rəhbər heyəti çönüb mənə tərəf baxır.
- Hansı idman növünü şərh etmək daha asandır?
- Mənə elə gəlir ki, futbola nisbətən digər idman növləri çətindir. Jurnalist şərh etdiyi idman növünü yaxşı bilməlidir. Bu mənada Fikrət Adıgözəllini qeyd edərdim. İstənilən idman növündə ətraflı məlumatı var və həmin idman növü haqqında saatlarla danışa bilər.
- Şərhçilər bəzən dilimizə əcnəni sözlər gətirirlər ki, bu da çox vaxt tənqidlə qarşılanır. Buna sizin münasibət necədir?
- Azərbaycan dilində həmin sözlərin qarşılığı varsa, onlardan istifadə etmək daha yaxşıdır. Belə sözlər olduğu halda onu tapa bilmirlərsə, bu, artıq şərhçilərin söz bazasının zəngin olmadığından xəbər verir.
- Və sonda müsahib olmaq daha asandır, yoxsa müsahibə almaq?
- Hər ikisinin özünə görə məsuliyyəti var. Amma müsahibə almaq daha asandır. Ona görə ki, müsahib olanda sənə veriləcək sualları əvvəlcədən bilmirsən və hər şeyə hazır olmalısan. Çoxlu müsahibə almışam. Bilirəm ki, bu peşə maraqlı və çətindir. Çünki müsahibini ətraflı araşdırıb, öyrənməlisən.
saytlarin hazirlanmasi