"Dani ilə 2013-cü ilin dekabrından maraqlanmağa başlamışdıq"
“Qarabağ”ın oyununa rəng qatan, yaşıl meydanlarda kreativliyi ilə seçilən Dani də bu mövsümün qəhrəmanlarından hesab olunur. Hərçənd, “Qarabağ”a yeni gələndə onun uğursuz transfer olduğunu düşünənlər az deyildi. Ancaq zaman bütün suallara cavab verdi...
Əslində, Dani “Qarabağ”a hələ ötən mövsümün gedişində gəlmişdi. Lakin debütü bu mövsümə təsadüf etdi. Onun keçidində vasitəçilik edən agent Tural Əsgərov Daninin transferinin təfərrüatları ilə bağlı maraqlı məqamları paylaşdı:
“Dani ilə 2013-cü ilin dekabrından maraqlanmağa başlamışdıq. Onu İspaniyadan Polşaya transfer eləyən agent mənim tanışımdı, uzun müddət tanıdığım adamdı. İlk olaraq da, Dani barədə ondan maraqlandım və o adam mənə dedi ki, “Yagelloniya” Daniyə görə təxminən 1 milyon avro istəyəcək. Bundan əlavə Daninin özünə də ciddi məbləğ təklif etmək lazım idi. Çünki Polşadakı uğurlu mövsümdən sonra ona başqa təkliflər də var idi. Buna baxmayaraq, Daninin özü ilə əlaqə qurdum. Maraqlıdır ki, elə ilk söhbətimiz zamanı Azərbaycana gəlməyə razılıq verdi, hətta “Yagelloniya” klubunun rəhbərliyi ilə özünün də danışacağını dedi. Sonra elə oldu ki, mən özüm də “Yagelloniya”nın prezidenti ilə söhbət etdim və o mənə dedi ki, Daniyə görə 500 min avroluq təklif alıb, lakin bu məbləğə razı deyil. Açığı deyək, nə o vaxt, nə də indi Azərbaycanda heç bir klub transferə görə belə böyük məbləğ təklif edər. Çünki qeyd etdiyim kimi həmin pul kluba çatacaqdı, bundan əlavə Daninin özünə də kifayət qədər ciddi təklif etmək gərəkirdi. Ona görə də, o vaxt bu məsələni “dondurduq”. “Yagelloniya”nın prezidenti ilə söhbətimiz belə oldu ki, Daniyə görə yaxşı təklif olmasa, yenidən bu məsələyə qayıdaq. Yenidən onunla əlaqə saxlayanda öyrəndim ki, Danini Səudiyyə Ərəbistanı klubuna satıblar. Klub bu transferə görə ya 800 min, ya da 1 milyon avro qazanc əldə etmişdi.
Hələ danışıqlar apardığımız ilk vaxtlardan “Qarabağ”ın məşqçisi Elçin Rəhmənov nə vaxt məni görürdüsə, Dani ilə maraqlanırdı. Lakin ispan futbolçunun 2014-cü ilin sentyabrında “Əl-Əhli”yə keçməsindən sonra bu məsələ arxa plana keçdi. Lakin 2015-ci ilin qışında əməkdaşlıq etdiyimiz agent Çinar Məmməd bizimlə əlaqə saxladı ki, Danini Azərbaycana gətirmək variantı var. Çox təəccübləndim və Dani ilə əlaqə saxladım. İspan futbolçu onu “Əl-Əhli”də qane etməyən məqamlardan danışdı və ordan çıxa biləcəyini dedi. Ondan soruşanda ki, bəs belə məsələ var idisə, niyə özü bizimlə əlaqə saxlamadı, Dani dedi ki, onu Polşadan Ərəbistana aparan Horst Zangl adlı avstriyalı agent var və onun həmin agentlə müqaviləsi mövcuddur. Danini Çinara da həmin Horst Zangl təklif etmişdi. Horstla danışdıq və bu keçidi həll etdik.
Ortada bir problem var idi ki, Dani 2014/15 mövsümünə “Yagelloniya”da başlamışdı, sonra “Əl-Əhli”də çıxış etmişdi. FİFA-nın qaydalarına görə isə, bir futbolçu mövsüm ərzində üç klub dəyişə bilər, ancaq onlardan yalnız ikisində oynaya bilər. Qurban Qurbanovla danışdıq və onun cavabı bu oldu ki, Dani “Qarabağ”a qoşulsun, ancaq müqaviləsi yeni mövsümdən qüvvəyə minsin. Yəni, təxminən 4 ay komanda ilə məşqlərə qatılmalı, uyğunlaşmağa çalışmalı idi. Dani bu təklifi qəbul etdi.
İlk vaxtlar onun uğursuz transfer olduğunu deyənlər çox idi. Lakin vaxt keçdikcə Dani öz oyununu tapdı. Zənnimcə onu mövsümün uğurlu transferlərindən hesab etmək olar”.
saytlarin hazirlanmasi