"Hazırda onun oyunu göz qabağındadır"
Bu mövsüm Premyer Liqamızda gerçəkləşən ən uğurlu transferlərlə bağlı yazılarımızı davam etdiririk. Sırada “Kəpəz”nin vuran ayağı Julien Ebahdır. Kamerunlu hücumçu bu mövsüm sərgilədiyi oyunla "Kəpəz"in Avropa Lİqasına vəsiqə qazanmasında pay sahibi oldu. 26 yaşlı forvard Gəncə klubuna yeni nəfəs gətirdi.
Onun transferinə vasitəçilik edən, agent Vaqif Heydərli Ebahın keçidi ilə bağlı təfərrüatları Sportal.az-a danışıb:
“Afrika ölkələrində bombardir olan futbolçularla yaxından maraqlanıram. Ebahın Kamerun çempionatında 15 qolla bombardir olduğu diqqətimdən yayınmadı. Daha sonra Ebahla daha da yaxından maraqlandım və onunla əlaqə yaratdım. Bildiyiniz kimi, Afrikada futbolçuların videolarını əldə etmək bir qədər çətindir. Ebahın oyunlarınının videoyazısını çətinliklə olsa da, tapdım. Həmin videoları məşqçiyə də göstərdim və xoşuna gəldi. Ebah təzə gələndə adaptasiya olmaqda çətinlik çəkirdi. Daha sonra isə hər şey qaydasına düşdü və o, öz oyununu tapdı. Hazırda onun oyunu göz qabağındadır".
Vaqif Heydərli Ebaha transfer təkliflərinin olduğunu da bildirib:
"Ebaha təkliflər var. Amma klubu da nəzərə almaq lazımdır. Mən bu futbolçunu gətirəndə “Kəpəz” mənə şans vermişdi. İndi isə mənim Ebahı daha çox pul qarşılığında başqa komandaya aparmağım düz olmaz. Bu, mənim iş prinsiplərimə yaddır. Böyük ehtimalla, Ebah daha bir mövsüm “Kəpəz”də qalacaq".
saytlarin hazirlanmasi