Mövsümün uğurlu transferləri – Nelson Bonilla

12:00 - 10 May 2016

"Zirə" onu əldən buraxarmı…"

 

Bu mövsüm Premyer Liqamızda gerçəkləşən ən uğurlu transferlərlə bağlı yazılarımızı davam etdiririk. Sırada “Zirə”nin vuran ayağı, 33 turdan sonra 14 qolla bombardirlər siyahısına başçılıq edən Nelson Bonilladır. Salvadorlu hücumçu bu mövsüm sərgilədiyi oyunla diqqət mərkəzinə düşə bilib.

 

Onun transferinə vasitəçilik edən, agent Tural Əsgərov Bonillanın keçidi ilə bağlı təfərrüatları Sportal.az-a danışıb:

 

“Zirə” yaxşı hücumçu transfer etmək istəyirdi, lakin bu mövqeyə onların istədiyi səviyyədə futbolçu tapa bilmirdik. Bir neçə təklifim olmuşdu, ancaq bəyənməmişdilər. Transfer pəncərəsinin bağlanmasına az vaxt qaldığı məqamda ortaya Bonilla variantı çıxdı. O, son mövsümü “Viitorul”da yaxşı keçirdiyi üçün Bonillaya Rumıniya klublarından da təkliflər var idi. “Zirə”nin maliyyə imkanlarının Rumıniyanın hətta ikinci eşalon klublarından da üstün olmadığını nəzərə alanda, bu transferin gerçəkləşməsi elə də asan deyildi. Lakin Bonillanı razı sala bildik və onunla şifahi razılıq əldə etdik. Danışıqlar zamanı öyrəndik ki, Bonilla transfer pəncərəsinin əvvəlində “Viitorul”dan “Petrolul”a keçib. “Petrolul”la əlaqəyə girdik və onlar böyük olmayan məbləğ qarşılığında Bonillanın transfer vərəqəsini verməyə razı olduqlarını dedilər. “Zirə”nin bu transferə ayırdığı məbləğdən daha çox ödəməyə, yəni, “Petrolul”a da ödəniş etməyə büdcəsi yol vermədiyi üçün Bonilla həmin məbləği özünə çatacaq puldan verməyə razılaşmışdı. Lakin artıq Bonilla Bakıda olanda bizə “Viitorul”dan xəbər gəldi ki, Bonilla hələ də onların klubuna məxsusdur. Araşdırma apardıq, aydınlaşdı ki, “Viitorul” onun “Petrolul”a keçməsinə izin verib, lakin Bonillanın beynəlxalq transfer vərəqəsi hələ də “Viitorul”a məxsusdur. Həmin vərəqəyə yiyələnmək üçün “Petrolul” ödəniş etməliydi. Onlar isə “Viitorul”a pul ödəməmişdilər, sadəcə fırıldaq işlədib “Zirə”dən pul “qoparmaq” istəyirdilər.

 

Bundan sonra “Petrolul”la bütün danışıqlara son qoyub, bu məsələni “Viitorul”la həll etmək üçün hərəkətə keçdik. Lakin “Zirə”nin bu keçiddə israrlı olduğunu görən “Viitorul” böyük məbləğ tələb etdi. Danışıqlara ötənlərin tanınmış futbolçusu, hal-hazırda “Viitorul”un prezidenti olan Georgi Hacı da qatıldı. Xeyli müzakirələrdən sonra razılığa gəldik ki, müəyyən ödəniş edirik və Bonilla növbəti mövsüm də “Zirə”də qalsa, “Viitorul”a əlavə vəsait ödəniləcək.

 

Transfer pəncərəsinin bağlanmasına çox az vaxt qalırdı. Belədə “Viitorul”dan Bonilla ilə müqaviləsini pozmasını istədik. Çünki müqavilə pozulacağı təqdirdə, Bonilla azad agent statusu ilə hətta transfer pəncərəsi bağlandıqdan sonra da başqa kluba keçə bilərdi. Bu prosedur bir qədər vaxt aparsa da, həmin sənədi “Viitorul”dan ala bildik. Sentyabr ayının əvvəllərində onu azad agent status ilə “Zirə”yə transfer etdik.

 

Bonillanın “Zirə” ilə “1+1” prinsipi ilə müqaviləsi var. Yəni, seçim klubdadır. “Zirə” istəsə, may ayında onunla müqaviləsni daha 1 il uzatmaq hüququna malikdir. Şərtlər də əvvəldən müəyyənləşdirilib. Bonilla üçün başqa təkliflər almışıq. Lakin indidən bu məsələ barəsində danışmaq düzgün olmaz. Çünki “Zirə” onunla müqaviləni uzatsa, Bonilla sərbəst olmayacaq. Bu təqdirdə onu istəyən klublar “Zirə”yə müraciət etməli olacaqlar. Başqa məsələ də var ki, “Zirə” onu əldən buraxarmı…”

Xəbər xətti