Spor Toto 3-cü liqaya yüksələn “Erbaaspor” baş məşqçi postuna bizlərə tanış olan simanı dəvət eləyib. Əvvəllər “Qarabağ”da bütün aşağı yaş qrupları üzrə komandaların koordinatoru olan Sebahattin Tekin bu mövsümün əvvəlində “Erbaaspor”un sükanı arxasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.
“Erbaaspor” klubu 1947-ci ildə yaranıb. Klub 1988-ci ildən 3-cü Liqada oynamağa başlayıb. Lakin 1996-cı ildə həvəskar liqalara enib və o vaxtdan bəri həmin liqalarda çıxış edib. “Erbaaspor” düz 20 ildən sonra yenidən 3-cü liqaya qayıdıb. Amma artıq hədəflər dəyişib. Klubun başqanı Bülent Uzun “Erbaaspor”un 3-cü liqada çıxış etməsi ilə kifayətlənməyəcək. O, komandanın daha yuxarı liqaya yüksəlməsini istəyir. Klub idarəçiləri, futbolçuları, tərəfdarları ilə Türkiyəyə səs salmaq yolunda böyük işlər görür. Elə bunun üçün də kluba Sebahattin Tekin dəvət olunub.
Türkiyədə “Kayseri Erciyesspor”, “Yozqatspor”, “Tokatspor”, “Kayseri Şekerspor”, “Sandıklıspor” və “Mersin İdman Yurdu” klublarında çalışmış təcrübəli mütəxəssis Sebahattin Tekinin rəhbərliyi ilə “Erbaaspor” artıq yeni mövsümə başlayıb. 3-cü liqanın 2-ci qrupunda mübarizə aparan klub ilk 3 matçda 2 heç-heçə edib, 1 məğlubiyyət yaşamışdı. Amma komanda 4-cü turda vacib qələbəni əldə edib. Səfərdə “Kemerspor 2003” klubunu 2:0 hesabıyla məğlub eləyən “Erbaaspor” həm turnir cədvəlində vəziyyətini düzəldib, həm də psixloji cəhətdən üstünlük əldə eləyib.
“Erbaaspor”u qarşıda “Silivrispor”la ev oyunu gözləyir. Oyundan qabaq “Tokat Haber”ə açıqlama verən Sebahattin Tekin qarşıdakı matçla bağlı fikirlərini deyib:
“Bu həftə işimiz daha çətindir. Kəmərdəki 3 xalın önəmli olması üçün bu oyunda da 3 xal qazanmamız şərtdir. Heyətdə iki zədəli futbolçumuz var. Onlar bu həftə də bizə kömək edə bilməyəcəklər. Bizi sevən tərəfdarlarımızın bu çətin oyunda yanımızda olmasını gözləyirəm. Futbolda udsan da, uduzsan da, komandana sahib çıxmalısan. Azarkeşlərdən həmin dəstəyi alsaq, rəqibimizi buradan xalsız göndərəcəyimizə hər kəs inansın”.
Qeyd edək ki, “Erbaaspor” - “Silivrispor” matçı oktyabrın 2-də keçiriləcək.
saytlarin hazirlanmasi