Milli komandanın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb. Siyahıda yenə Pavel Paşayevin adı var. Bu qədər tənqidlərdən sonra Robert Prosineçkinin onu yenə milliyə dəvət etməsi onu göstərir ki, bu Pavelin “dayday”ı hər kimdisə, çox güclü, qüdrətli adamdı.
Bilməyənlər üçün deyək ki, Pavel Paşayev Ukraynanın “Stal” klubunda çıxış eləyir. Bir ara onu “Qəbələ”yə urcah eləmişdilər. Amma ayağı top tutmayan futbolçunu Roman Qriqorçuk tez itirdi komandadan. Robert Prosineçki isə canını heç cür qurtara bilmir ondan.
Millidə belə hallara Berti Foqtsun da vaxtında tez-tez rast gəlirdik. Elə bir Daniel Axtyamovun adını çəksək, kifayətdir. Görünən odur ki, yığmada məşqçi dəyişsə də, iş metodikası dəyişməyib. Yenə “dayday”lı futbolçular, yenə sifarişlər...
Maraqlıdır, Pavel Paşayevin himayədarı kimdir? Futbol kluarlarında gəzən söhbətlərə görə, Robert Prosineçkini məcbur edirlər ki, Pavel Paşayevi milliyə çağırsın. Yəni, ondan asılı məsələ deyil. Bəs, Paşayevin arxasında dayanan kimdir? Bəlkə Rövnəq Abdullayev? Bir az inandırıcı deyil. Çünki Abdullayev AFFA-nın prezidenti olsa da, demək olar ki, federasiyanın işinə qarışmır. Digər tərəfdən hara Pavel Paşayev, hara Rövnəq Abdullayev? Böyük ehtimalla, ya Elşad Nəsirovdu, ya da Elxan Məmmədov. Əslində, onlar elə eyni adamdı, eyni klandı Azərbaycan futbolunda. Amma bu tapşırığın birbaşa Nəsirovdan gəldiyi də inandırıcı deyil. Qalır Elxan Məmmədov. Deyilənə görə, Daniel Axtyamovu da milliyə o çağırtdırırdı.
Yaxşı, deyək ki, bu sifariş onların heç birindən gəlmir. O zaman niyə Prosineçkidən hesab sormurlar? Axı, futboldan anlayışı olmayan da görür ki, Paşayev milliyə layiq futbolçu deyil. Paşayev millidə oyunlara çıxmır, amma mükafat alır. Bütün bu şou da o pulun başındadı. Onu milliyə cəlb etməkdənsə, Slavik Alxasov, Tural Axundov və ya Premyer Liqada çıxış eləyən digər cinah müdafiəçisinə dəvət göndərmək olardı.
Pavel Paşayev biabırçılığına biri son qoymalıdır. Ya Prosineçki xarakter göstərib əlini masaya çırpmalıdır, ya da onu himayə eləyənlər inadından əl çəkməlidir. Robert Prosineçki kimi dünya futbolunda ad qazanmış adamı gülüş obyektinə çevirmək lazım deyil...
Sportal.az
saytlarin hazirlanmasi