Gəncə şəhər stadionunda “Kəpəz” PFK-nın rəhbərliyi ilə azarkeşlər arasında görüş keçirilib.
Sportal.az xəbər verir ki, əsas komandanın baş məşqçisi Şahin Diniyevin də iştirak etdiyi toplantıya üçfanklubun üzvləri qatılıb.
Futbolun azarkeşlər üçün olduğunu söyləyən klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Gəncə azarkeşlərinin ötən mövsüm tamaşaçı sayında rekorda imza atdığını bildirib. O, bu çempionat üçün də azarkeş sayında yüksək göstərici gözlədiklərini vurğulayıb. Elmar Əliyevin klubda fanklublarla əlaqələndirici vəzifəsinə gətirilməsindən də danışan Mikayıl Nərimanğlu bu təyinatın klub-azarkeş münasibətlərinin nizamlanmasında rol oynayacağını əlavə edib.
Görüşdə çıxış edən Şahin Diniyev də azarkeş amilinə diqqət çəkib və fanatların komandanın gücünə güc verdiyini deyib. Təcrübəli məşqçi yetirmələrinin dolu tribunalar önündə oynamasının əlavə məsuliyyət yaratdığını və ötən mövsümkü nəticəni yaxşılaşdırmağa çalışacaqlarını söyləyib.
Azarkeşlərin çoxsaylı sualları ilə davam edən bir saatlıq görüş qızğın müzakirələrə yol açıb. Klub rəsmiləri onları maraqlandıran mövzular haqda fikirlərini bölüşüb, müəyyən məsələlərə aydınlıq gətiriblər. (klub saytı)
saytlarin hazirlanmasi