AZAL-ın sabiq yarımmüdafiəçisi, hazırda isə Albaniya millisində məşqçi kimi çalışan Ervin Bulku ölkəsinin mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Kukesi"nin rəqibi olan "Qarabağ" haqda danışıb: "Son 5-6 ildə "Qarabağ" Azərbaycan futbolunda hegemonluq edir. Əvvəllər isə "Neftçi" bu işi görürdü. "Qarabağ"ın son 3-4 ildə müxtəlif Avropa turnirlərində çıxış edən, hətta Çempionlar Liqasının qrup mərhələsində oynamış yaxşı heyəti var. "Kukesi"yə çox çətin olacaq, amma hər şey mümkündür. Dünya çempionatında da gördük ki, kiçik ölkələr tanınmış milliləri məğlub etdilər. "Qarabağ" favorit sayılsa da, bu onlar üçün asan məsələ olmayacaq".
Veteran futbolçu "Qarabağ"ın üstün tərəflərindən danışıb: "Qarabağ"ın əsas üstünlüyü 5-6 il ərzində eyni futbolçularla oynamasıdır. Onların əksəriyyəti həm də milli komandada çıxış edən azərbaycanlı oyunçulardır. Həmçinin baş məşqçi Azərbaycan futbolunun əsas simalarından biridir. 7 ildir "Qarabağ"ı çalışdıran mütəxəssis millinin tarixində ən sərrast futbolçudur. Maliyyə durumunun yaxşı olması texniki məsələlərin yüksək koordinasiyası və klubun yaxşı idarə olunması ilə müşayiət olunur. Bu uğurlu illər ərzində rəhbərlik, məşqçi, idman direktoru və personal dəyişməyib. Əvvəllər Azərbaycan klubları avrokuboklarda mərhələ keçə və qruplarda oynaya bilmirdilər. Yuxarıda saydığım bütün amillər "Qarabağ"ın uğurlarında həlledici rol oynayır. Eyni sözləri "Kukesi" haqda da demək olar. Klubun prezidenti Safet Ciki kluba xeyli maliyyə ayırır və bunun qarşısında da komanda uğurlu çıxış edir. Yeganə fərq Azərbaycan klubunun heyəti çox az dəyişib. Cəmi 1-2 yeni futbolçu alıblar. "Kukesi" də isə ciddi dəyişikliklər olub. Prezident düşünməlidir ki, komandada bu qədər dəyişiklik düzgün deyil. Dünya futbolunda da bu praktika özünü doğruldur ki, daha az dəyişiklik edənlər daha çox uğur qazanırlar".
Bulku "Kukesi"nin şanslarından danışıb: "Kukesi" birinci təsnifat mərhələsində göstərdiyi oyun komandanın təkcə çempionatdakı deyil, ötən il Çempionlar Liqasında "Şerif"ə qarşı performansından da uzaq olduğunu deməyə əsas verir. "Valletta"ya qarşı bəxtləri gətirdi. Komanda yenidən qurulub, ona görə də vaxt lazımdır. Buna baxmayaraq, komandanın turu keçmək ehtimalı faizlə müəyyənləşdirilmir. Arzu edirik ki, "Laçi" kimi, "Kukesi" də bizə gözəl bir sürpriz etsin".
Sabiq futbolçu "Qarabağ"da çıxış edən albaniyalı müdafiəçi Ansi Aqollidən danışıb: "Ansi ilə bir yerdə böyümüşük və istər "Tirana" olsun, istər millidə, istərsə də Ukraynada uzun illər keçirmişik. Hamı bizim dostluq əlaqələrimizi, ailə münasibətlərimizi yaxşı bilir. "Qarabağ"ın son illər həm Azərbaycan futbolunda hegemonluq etməsində, həm də Avropada uğurlu çıxışında Aqollinin də rolu var".
saytlarin hazirlanmasi