“Qəbələ”nin I Divizionda iştirakdan imtina etməsi gözlənilməz oldu. Yalnız ictimaiyyət üçün yox, elə federasiyanın özüyçün də. Çünki federasiyanın qərarlarına qarşı açıq etirazlara alışmamışıq, federasiyada da alışmayıblar. Doğrudu, hərdənbir belə hallar baş verir. Son illərin xronologiyasına diqqət yetirsək, əvvəllər də federasiyanın eksperimental qərarlarına qarşı çıxan elə “Qəbələ” olub.
Bu, bir tərəfdən yaxşıdırsa, digər tərəfdən də pisdi. Çünki “Qəbələ” təklənmiş duruma düşüb. Onsuz da Premyer Liqada “Qəbələ” və “Qarabağ”dan başqa digərlərinin birbaşa və ya dolayısıyla AFFA ilə bağlılığı var. Yəni nəyəsə etiraz edəsi deyillər. Qalır bir “Qarabağ”. Lakin “Qəbələ” ilə müqayisədə “Qarabağ” daha siyasətcil davranır və işi getsin deyə düşmənə dost münasibəti göstərməyi bacarır yeri gələndə. “Qəbələ” isə dirəşir, geri çəkilmək istəmir. Və görünən budur ki, fikirlərində qətidilər, AFFA-ya güzəştə getməyəcəklər.
Məsələnin ən acınacaqlı tərəfi odur ki, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin hələ may ayındakı iclasında əvəzedicilərin divizion klubları ilə birləşməsinə etiraz eləyib. Lakin onun fikrinə/etirazına məhəl qoyan olmayıb. Niyə? Axı necə ola bilər ki, ölkənin iki ən güclü klubundan birinin rəhbərliyi ortaya mövqe qoyur, onu isə görməzdən gəlirlər. Bu nə saymazyana münasibətdi? Elə münasibətin cavabı belə də olmalıydı...
“Qəbələ” haqlıdı! Əvvəla, əvəzedicilərin Diviziona birləşməsi çox absurd qərardı. Əgər divizion klublarına yaş limiti tətbiq olunmasaydı, əvəzedicilərin özlərindən böyüklərlə oynayıb bərkiməsini nəzərə alıb bu qərarı dəstəkləmək olardı. İndiki halda isə mənasızdı bu qərar. Nədi-nədi Elxan Məmmədov bəy qumarın qabağını ala bilmir deyə, onun Divizion ekperimentinə “Qəbələ” qol qoymaq məcburiyyətində deyil. Bu günə qədər baş katibin onlarla uğrusuz layihəsinə şahidlik eləmişik. Başqaları onun hər qərarına baş əyirsə, “Qəbələ” də hamı kimi olmaq məcburiyyətində deyil.
Hadisələrin bundan sonrakı axarı da maraq doğurur. Çünki “Qəbələ”nin imtinası bir növ Elxan Məmmədovun səhvini ictmai şəkildə üzünə vurmaq kimi çıxdı. Bunun bir cavabı olacaq böyük ehtimal. Ağır olacaq “Qəbələ” üçün. Çünki tək qalıblar, qalanları hamısı yığışıb AFFA-nın başına...
Elçin
saytlarin hazirlanmasi