Ukraynanın “Polessye” klubu futbolçusu Andres Arauxoya Venesuela yığmasının heyətində Rusiya millisinə qarşı yoldaşlıq görüşündə iştirak etmək üçün icazə verməyib.
Sportal.az xəbər verir ki, bu barədə Jitomir təmsilçisinin mətbuat xidməti klubun rəsmi saytı vasitəsilə məlumat yayıb.
Məlumata görə, Venesuela Futbol Federasiyası 26 yaşlı legioneri noyabr ayında keçiriləcək iki yoxlama oyununa dəvət edib. Venesuela millisi noyabrın 14-də İspaniyanın Bilbao şəhərində Basklar ölkəsinin, noyabrın 17-də isə Krasnodarda Rusiya yığmasının qonağı olacaq.
“Polessye” rəhbərliyi Venesuela tərəfinə Andres Arauxonun yalnız ilk matçda iştirak edə biləcəyini bildirib.
Ukrayna klubu rəsmi açıqlamasında futbolçunun Rusiyaya səfərinə və bu ölkənin yığması ilə görüşdə iştirakına icazə verilmədiyini vurğulayıb. Qadağa həmin qarşılaşma ilə əlaqəli məşqlərə, hazırlıq tədbirlərinə və digər fəaliyyətlərə də şamil olunur. Klubun açıqlamasında bildirilib ki, futbolçunun milli komandanın düşərgəsində qalma müddəti və sonrakı səfər marşrutu Rusiyaya hər hansı səfəri və Rusiya yığması ilə matça aid tədbirlərdə iştirakını istisna etməlidir. Əgər bu baş verərsə, futbolçu klubdan uzaqlaşdırılması da mümkündür. Bununla yanaşı, “Polessye” Andres Arauxonun İspaniyada Basklar ölkəsinin millisinə qarşı keçiriləcək oyunda iştirakına etiraz etmədiyini də vurğulayıb.
saytlarin hazirlanmasi
