BATE-nin futbolçusu: "Qarabağ"ın bu seriyasını dayandıracağımıza inanıram"

00:31 - 7 Avqust 2018

"Komandamızda müsbət ab-hava hökm sürür. "Qarabağ"ın tarixi və oyunçuları barədə kifayət qədər məlumat toplamışıq. Nəzəri məlumatların bir hissəsi barədə bizə məlumat verilib. Məşqçilər rəqibin güclü və zəif cəhətlərini analiz ediblər. Çempionlar Liqasının pley-off mərhələsi üçün hansı rəqiblə mübarizə aparacağımızı başa düşürük".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan BATE klubunun futbolçusu Stanislav Draqun deyib. 30 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın ötən il Çempionlar Liqasının qrup mərhələsində oynadığını və bunun onları narahat etmədiyini bildirib: "Ciddi rəqiblə üz-üzə gəlmək məcburiyyətindəyik. "Qarabağ" Çempionlar Liqasında keçirdiyi 4 yoxlama oyununda qol buraxmayıb.  Bu, çətin rəqiblə qarşılaşacağımızı göstərir. Buna baxmayaraq, inanıram ki, bu mərhələni keçə bilərik. "Qarabağ"ın ötən mövsüm ÇL-in qrupunda oynaması bizi narahat etmir. Başa düşürük ki, çox ciddi rəqiblə qarşılaşmaq məcburiyyətindəyik. Rəqibimizin bu mövsüm avrokuboklarda qol buraxmaması bir daha işimizin çətin olacağını göstərir. Buna baxmayaraq, bu seriyanı dayandıracağımıza inanıram". 

 

Belarus millisinin üzvü Azərbaycan millisinə qarşı oynadığını da xatırladıb: "Azərbaycan klublarına qarşı oynamamışam, lakin millinin heyətində mart ayında Bakıda Azərbaycan yığması ilə matçda iştirak etdim.  Azərbaycan millisinin heyətində Riçard Almeyda məndə yaxşı təəssürat yaratdı. Onu da bilirəm ki, artıq həmin oyunçu "Qarabağ"ın şərəfini qorumur. Milli komandamıza qarşı oynamış bir neçə oyunçu ilə sabah meydanda olacağıq". 

 

Draqun Azərbaycanda futbolun inkişaf etdiyini və hər iki komandanın güclü olduğunu vurğulayıb: "Düşünürəm ki, BATE və "Qarabağ" sözdə deyil, əməldə ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək". 

Xəbər xətti