Tahir Süleymanov mübahisəli epizodu təhlil etdi: “Hakim bu anı gözdən qaçırır”

Azərbaycan Kubokunun 1/4 finalının “Zirə” – “Səbail” cavab qarşılaşması (1:0) mübahisəli hakim qərarı ilə yadda qaldı. Matça əlavə edilmiş ikinci hissənin sonlarında meydan sahiblərinin qapıçısı Orxan Sadıqlı topu oyuna daxil edərkən top rəqib futbolçu Adil Nağıyevə toxunaraq, qapıdan keçdi. Görüşün baş hakimi Rəhim Həsənov qolu qeydə almadı, “Səbail”in etiraz edən futbolçusunu isə sarı vərəqə ilə cəzalandırdı.

 

Görüşdən sonra geniş müzakirə olunan epizodla bağlı fərqli fikirlər var. Bir qrup qol olduğunu müdafiə edirsə, digərləri Nağıyevin qapıçıya oyunu başlamağa mane olduğu üçün hakimin doğru qərar verdiyini düşünür.

 

Sportal.az xəbər verir ki, sabiq FIFA referisi Tahir Süleymanov “FutbolPress”ə epizodu detallı təhlil etdi. O, baş hakimin vaxtında reaksiya verməməklə səhvə yol verdiyini söylədi:

 

“Kubok oyunlarında ilk görüşün nəticəsindən asılı olaraq cavab qarşılaşmaları öz prinsipiallığı ilə seçilir. “Zirə” – “Səbail” matçı da istisna deyildi. Bu tipli taleyüklü oyunlarda hakimlərdən daha diqqətli, məsuliyyətli olmaları tələb olunur.

 

“Oyun qaydaları”nda təbii boşluqlar çoxdu. Yeni texnologiyaların tətbiqi, VAR sistemi belə, mübahisəli epizodların qarşısını tam ala bilmir. Bu, mümkünsüzdü. Futbol şablonluğu sevmir, qəbul etmir. Belə durumda hakimlərin üzərinə böyük yük düşür. Tək qaydalara güvənmək azdı, oyunun ruhunu oxumaq, obyektivliyi qorumaq şərtilə görüşü tam nəzarətdə saxlamaq gərəkdi. Oyunların birmənalı yozumu üçün hər il müxtəlif seminarlar keçirilir, hakimlərə oyun qaydaları ilə bağlı əlavə izahlar verilir. Burada hakim zəkası, düşüncəsi ön plana çıxır. Hər bir epizod fərdi yanaşma tələb edir. Epizodlar oxşar ola bilər, incələyəndə, təhlil edəndə isə fərqli məqamlar üzə çıxır.

 

Mübahisələrə səbəb olan qol, daha doğrusu qolu gətirən epizodun ardıcıllığına nəzər yetirilməlidi.

 

Top qapıçının nəzarətindədi və komanda yoldaşlarına ötürməsində tam sərbəstdi. Rəqiblər ona doğru hərəkət, müdaxilə etmirlər. Qapıçı fikrində haçalanır, ilk olaraq əllə ötürmə etmək istəyir, sonra fikirini dəyişir. Saniyələr keçdikcə, seytnota düşür, tələskənlik yaranır, səhv etmə ehtimalı çoxalır. Ayaqla topu qabağa vurmaq istəyərkən baş hakimə “rəqib mane olur” əl işarəsi də edilir. Referi bu anı gözdən qaçırır və ya əhəmiyyət vermir. Mütləq tutmalı idi...

 

Hakimin münasibətini görən qapıçı 6 saniləyik limiti keçməmək üçün tələsik, instiktiv olaraq topu ataraq zərbə endirir. Rəqib qapıçıya doğru ayaq hərəkəti etmədən, təhlükəli oynamadan topa zərbə endiriləndən sonra qarşısını alır və qol olur.

 

Baş hakimin reaksiyası gecikmiş addımdı. Qol vurulandan, “mina” partlayandan sonra epizodu dəyərləndirmək gecdir. “Mina” vaxtında zərəsizləşdiriləndə təhlükəsiz olur. Qapıçı kömək, əl işarəsi etdikdə qabaqlayıcı fitlə epizod həmin anda bitə bilərdi. Heç bir narazılıq yaranmadan hakimin qərarı ilə böyük ölçüdə hər kəs razılaşacaqdı və epizod heç diqqət belə çəkməyəcəkdi. Qoldan sonra “geridönüş” mübahisələrə gətirib çıxarmış oldu.

 

Belə epizodlar qaydalara uyğun şablon qərarlardan  daha çox hakimin yanaşmasından asılı olur. Baş hakim zamanında qabaqlayıcı sərbəst zərbəni təyin etməklə indiki qol mübahisələrinə son qoymuş olardı. Epizodu görərək davam etdirilirsə, qolun qeydə alınması da problem yaratmayacaqdı.

 

Baş hakim durduğu yerdə özü özünü oda salmış oldu. Bu tipli epizodlar qoldan daha çox referinin düşüncəsi xətasıdı. Təcrübəli hakimlər buna yol verməməli, oyunun gedişini, təhlükəni oxumalı və anında qərar verməlidilər.

 

Belə epizodlar qaydalarda boşluqlar olduğu üçün ikili xarakter daşıyır. Baş hakim qoldan sonra deyil, vaxtında epizodu sərbəst zərbəylə sığortalasaydı, idarəçilik baxımından daha doğru, məntiqli olardı, nəinki qoldan sonra sayılmaması”.

 

 

 

Tarix: 20 Dekabr [10:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio