"Qəbələ"nin yeni transferi: "Dodo klub haqda mənə çox şey danışmışdı"

12:55 - 14 Yanvar 2026

"Qəbələ"nin yeni transferlərindən Seydina Keyta klubun rəsmi saytına açıqlama verib.

Sportal.az xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi təlim-məşq toplanışının ilk günlərindən, Azərbaycan futbolu haqqında məlumatlarından və Dodo ilə tanışlığından danışıb:

"İlk olaraq komanda və buradakı infrastrukturu qeyd edə bilərəm. Gördüyüm qədərilə Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür”.

Təcrübəli futbolçu “Qəbələ”yə gəlməmişdən öncə bu komandanın oyunlarını izlədiyini bildirib:

"Azərbaycan futbolu barədə məlumatım var idi. ‘Qarabağ’ın demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. ‘Qəbələ’ haqqında da məlumatlı idim. Çünki mənim dostum, eyni zamanda komandamızın əfsanəsi olan Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın ‘Liepaya’ klubunda bir yerdə çıxış etmişik. Dodo ‘Qəbələ’ haqqında mənə çox danışıb. Komandanın bir neçə oyununu da izləmişəm. Zənnimcə, çox maraqlı komandadır. Düzü, ‘Qəbələ’dən təklif gəldikdə bunu Dodoyla müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə "Qəbələ" haqqında çox şey danışmışdı. Həmçinin Dodonun "Qəbələ"nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Buna görə də əlavə məlumata ehtiyacım yox idi. Həmçinin futbolçu olaraq gedəcəyim komanda barədə çox soruşmağı xoşlamıram. Əsas odur ki, həmin klubda  özüm yaxşı təəssüratı yaradım”.

Keyta sonda “Qəbələ” azarkeşlərinə müraciət edib: “Azarkeşlərə sözüm odur ki, komandaya dəstək olsunlar. Hazırda "Qəbələ" çətin vəziyyətdədir. Buna görə də onların dəstəyinə xüsusilə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq. Ümid edirəm ki, hamımız birlikdə yaxşı nəticə qazana bilərik".

Xəbər xətti