Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Qarabağ" bu gün ilk hazırlıq matçını keçirib. Azərbaycan çempionu bu gün Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə qarşılaşıb. Matç Qurban Qurbanovun yetirmələrinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra Qurban Qurbanov matç haqqında fikirlərini bildirib:
“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.
Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi
