Ramiz Rövşənin "Qocalıq" şeiri var. Oxuduqca düşünmək, düşündükcə də kədərlənmək qalır adama. Böyük şairimizin yaradıcılığında təsirli əsərlər çoxdur, amma bu şeirin yeri xüsusidir. Çünki Allahın uzun ömür verdiyi hər adamı gözləyir qocalıq. Buna nə qədər pozitiv yanaşmaq istəsək də, ən xoşbəxt qocalıqlar belə, hətta çətin cavanlığın yerini vermir təəssüf ki...
Uzun şeirdi, kimə maraqlı gəlsə, tapıb oxuya bilər. Xüsusən orta nəsildən yuxarı yaş adamlara daha çox toxunar zənnimcə. Nədənsə "Qarabağ"ın düşdüyü vəziyyət buna bənzər gəlir mənə.
Qurban Qurbanov hətta güclü komandaların hər 3-4 ildən bir eniş yaşadığını deyir. Belədir, çox əzəmətli kollektivlər də qara zolağa girirlər. Amma bir önəmli məqam da böyük klubların düşdüyü vəziyyətdən çıxmağı necə bacarmasıdır.
"Qarabağ" 5 il əvvəl də çempionluğu əldən vermişdi. O vaxt son turda, son dəqiqələrdə "Neftçi"dən buraxdıqları qolla taxtdan düşmüşdülər. İndi vəziyyət fərqlidir. Sona 5 tur qalmış 13 xal geri düşüblər liderdən. Şəxsi görüşlərdə də "Sabah" "Qarabağ"dan daha yaxşı təsir bağışlayıb.
O vaxt Qurban Qurbanovun komandasıyla çempionluq mübarizəsinə girən "Neftçi"nin baş məşqçisi Samir Abasov demişdi ki, "Qarabağ" sadəcə bir klub deyil, böyük bir sistemdir. Bu fikirdə sətiraltı mənanın olub-olmadığını müəyyənləşdirə bilməsək də, "Qarabağ"ın adının və əzəmətinin bir klubdan daha ötə olduğu hamıya məlumdur.
Samir Abasovun sözü olmasın, "Qarabağ" da bilməlidir ki, "Sabah" sıradan bir klub deyil. Arxasında böyük güclərin, böyük maliyyənin olduğu, işini peşəkər quran bir strukturdur "Sabah". Növbəti mövsüm çempionluğu qaytarmaq asan olmayacaq. "Qarabağ" əvvəllər Premyer Liqanı yarı güclə qazanırdısa, daha belə olmayacaq. "Qocalıq" burdan o yana başlayır.
Həmid
saytlarin hazirlanmasi
