"Qarabağ"a qarşı görüşlərdə biz daha çox istəkli olduq" - MÜSAHİBƏ

14:02 - 19 Aprel 2026

"Kəpəz"in müdafiəçisi Rauf Hüseynli Sportal.az saytına müsahibə verib.

- “Kəpəz” son matçda “Karvan-Yevlax”a məğlub oldu. Həmin matçdakı uğursuz nəticəni necə şərh edərdin?

Çətin oyun alındı. İstəmədiyimiz şəkildə uduzduq. Zədəlilərimiz və cəzalı oyunçuların yoxluğu da hiss edilirdi. Artıq bu oyunu unudub, növbəti görüşə köklənmişik.

- Komandanın bu oyunda hər zaman olduğundan fərqli, çox yaxşı yaxşı performans sərgiləməməsinin səbəbi nə idi? Arxayınçılıq ola bilər?

Xeyr, arxayınçılıq deməzdim. Sadəcə ara-bir belə oyunlar da olur. İstədiyimiz heç nə alınmadı. Rəqibdə isə hər şey fərqli idi. Onlarda istədikləri alınırdı.

- Növbəti görüşünüz “İmişli”yə qarşıdır. Bu matç və rəqib haqda nə düşünürsən?

“İmişli” çətin və döyüşkən rəqibdir. Yaxşı nəticə qazanmaq üçün son dəqiqəyə qədər konsentrasiyanı qoruyub-saxlamaq və vuruşmaq lazımdır. 

- Yəqin ki, Premyer Liqadan düşmək və ya pley off matçı təhlükəsini hiss etmirsiz? Komanda 11-ci pillədən 2 xal uzaqdır..

Xeyr, o haqda düşünmürük. Fikrimizi hər növbəti matçda maksimum xal qazanmağa yönəltmişik. Hər şeyin daha yaxşı alınacağına fokuslanırıq, inanırıq.

- Yəqin ki, bu mövsüm əsas diqqətçəkən məqam "Kəpəz"in "Qarabağ"a 2 oyunda qalib gəlməsi oldu. Maraqlıdır, "Qarabağ"ın qarşısını 2 dəfə almaq necə alındı?

“Qarabağ”ın gücünü təkcə Azərbaycan yox, artıq bütün Avropa bilir. Bu mövsüm çox sıx qrafikdə oynadılar. Həm psixoloji, həm də fiziki yorğunçuluqları digər komandalara baxanda, daha çox oldu. "Qarabağ"a qarşı görüşlərdə biz daha çox istəkli olduq. Fikrimcə, daha çox döyüşdük deyə, sonda da qələbə bizə qismət oldu.

Mirbağırağa
 

Xəbər xətti