FİFA prezidenti Canni İnfantinonun 2024-cü il üzrə gəlirləri ilə bağlı hesabatda təxminən 1,5 milyon avro məbləğində əlavə ödəniş barədə məlumat yer almayıb.
Sportal.az “The Times”a istinadən xəbər verir ki, FİFA-nın 2024-cü il üzrə illik hesabatında İnfantinonun gəliri 4,6 milyon avro göstərilib. Lakin 2026-cı il dünya çempionatının təşkili ilə məşğul olan “FWC2026 US Inc” törəmə şirkəti tərəfindən ona ödənildiyi iddia edilən əlavə 1,5 milyon avro barədə məlumat açıqlanmayıb.
“The Times”ın ehtimalına görə, həmin vəsait İnfantinonun Mayamidəki xərclərinin maliyyələşdirilməsinə sərf oluna bilər. FİFA-nın İdarəetmə Komitəsinin sabiq sədri Migel Maduro əlavə ödənişlərin gizlədilməsinin təşkilatın şəffaflıq prinsiplərinə zidd ola biləcəyini bildirib:
“Əgər o, FİFA ilə əlaqəli şirkətlərdən əlavə ödənişlər alırsa və bu barədə məlumat açıqlanmırsa, bu, qaydaların açıq şəkildə pozulmasıdır. FİFA-nın nizamnaməsi tam şəffaflığı təmin etməyi tələb edir”.
Qeyd edək ki, İnfantino ətrafında skandal 2026-cı il dünya çempionatı ilə bağlı qərarlar fonunda da gündəmə gəlib. Belə ki, ABŞ-nin prezidenti Donald Trampın müraciətindən sonra ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqəyə görə aldığı cəzanın ləğv edilməsi ilə bağlı qərar müzakirələrə səbəb olub.
İnfantino 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək FİFA prezident seçkilərində yenidən namizəd olmağı planlaşdırır. Bu arada, UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) FIFA Forward Enterprise layihəsi ilə bağlı onları aldatmaqda ittiham edib və dəstəklərini geri çəkiblər.
saytlarin hazirlanmasi
