AFFA ilə bağlı qalmaqallı hadisələr bitmək bilmir.
Sportal.az "Sport1.az"a istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərdən biri assosasiyanı məhkəməyə verməyə hazırlaşır. Söhbət “Liv Bona Dea Hospital”dan gedir.
Tərəflər arasında 2024-cü il fevralın 23-də 4 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, Mərdəkandakı “Dalğa Arena”nın adı “Liv Bona Dea Arena” ilə əvəzlənib. Şirkət bunun müqabilində AFFA-ya rəsmi açıqlanmayan məbləğdə ödəniş edib. Bundan başqa, Premyer Liqa oyunlarında tibbi xidmətin göstərilməsini də üzərinə götürüb.
Bu ilin iyulunda isə mətbuatda “Sabah”ın stadionu 12 milyon manata aldığı barədə məlumatlar yayılıb. Klubun prezidenti Maqsud Adəgözəlov da bu xəbəri mediaya açıqlamasında təsdiqləyib.
Bundan sonra arenada təmir işləri aparıldı və obyektin adı “Sabah Arena” olaraq dəyişdirilib. Girişdəki “Liv Bona Dea Arena” yazısı da götürülüb. “Sabah” oktyabrın 25-də “Qarabağ”ı bu stadionda qəbul edəcək.
Məlumata görə, baş verənlər “Liv Bona Dea Hospital”ın rəhbərliyinin narazılığına səbəb olub. Şirkət müqavilənin şərtlərinin pozulduğunu iddia edir və AFFA-dan 3 milyon manat tələb edir. Tərəflər arasında razılıq əldə olunmasa, məsələnin məhkəməyə daşınacağı bildirilir.
saytlarin hazirlanmasi
