"Zədəm olmasaydı, "Dauqavpils"in baş məşqçisi məni əsas heyətdə oynatmağı düşünürdü" - MÜSAHİBƏ

15:17 - 12 Avqust 2023

Latviyanın "Dauqavpils" klubundan ayrılan Nazim Həsənzadə Azərbaycanda oynayacaq. Sportal.az saytına müsahibə verən yarımmüdafiəçi legioner həyatının erkən başa çatmasından və bundan sonra karyerasını hansı komandada davam etdirməsindən söhbət açıb.

- "Dauqavpils"dən ayrılmısan. Niyə Latviya klubunda qalası olmadın?

- Bəli, "Dauqavpils"dən ayrıldım. Zədə səbəbindən orada çox oynaya bilmədim. Yoxsa, ora böyük həvəs və istəklə yollanmışdım. Lakin dediyim kimi şanssızlıqdan zədələndim, belədə, oynamaq imkanım çox olmadı. Həm də, icarə müqaviləm başa çatdı və ora qayıtmadım. 

- Müalicə xərclərini Latviya klubu qarşıladı?

- Əslində, öncə Latviyada müalicə alırdım. Orada klub qarşılayırdı bunu. Amma əsas əməliyyatı və müalicəmi U-21 yığmasının tərkibində ola-ola etdilər. Buna görə Samir Əliyev başda olmaqla AFFA-ya təşəkkür edirəm. Hazırda vəziyyətim yaxşıdır. 

- Latviya təmsilçisi səninlə müqavilə müddətini artırmaq istəyirdi, yoxsa özün qalmadın?

- Danışıqlar var idi. Ancaq sağaldıqdan sonra ora qayıtmağım vaxt alacaqdı. Ona görə də alınmadı. Yekunda Azərbaycanda qalmaq istədim. 

- Legioner həyatının uğursuz alınmasının səbəbini nədə görürsən? Zədə olmasaydı, özünü sübut edəcəkdin?

- Zədəm olmasaydı, "Dauqavpils"in baş məşqçisi məni əsas heyətdə oynatmağı düşünürdü. Latviyaya oynamaq üçün getmişdim. Lakin zədə imkan vermədi. Nə etmək olar, qismət belə imiş. 

- Bəs nəyə görə özünə Avropada komanda axtarmadın, Azərbaycanda qaldın?

- Çünki hələ tam bərpa prosesini bitirməmişəm. Artıq yavaş-yavaş məşqlərə başlamışam. Özümü burada toparlayıb yenidən Avropaya getmək fikrim var. Ümid edirəm ki, legioner həyatı yaşamaq yenə baş tutacaq.

- Necə alındı ki, "Zirə"yə keçdin? Əsas komandaya yüksəlmək şansın olacaq?

- "Zirə"nin təklifi planlarımla üst-üstə düşdü. Hələ ki, ikinci komandada oynayacam. Allah qoysa, əsas komandaya qədər yüksələrəm. Əsas məqsədim də budur. İnanıram ki, reallaşdıra biləcəm.

Mirbağırağa
 

Xəbər xətti