Azərbaycanlı futbol məşqçisi, "Sabah"ın sabiq çalışdırıcısı Ramin Quliyev Sportal.az saytına müsahibə verib. O, Masazır klubu ilə yanaşı, avrokuboklardakı digər təmsilçilərimizin də çıxışını dəyərləndirib.
- "Sabah" Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin üçüncü turunun ilk görüşündə "Partizan"a qalib gəlməyi bacardı. Ümumiyyətlə, oyundan öncə təmsilçimizin rəqibini məğlubiyyətə uğradacağını ehtimal edirdiz?
- "Sabah" "Partizan"a qarşı çox yaxşı mübarizə apardı. Bunun da nəticəsində istədikləri nəticəni qazandılar. Fikrimcə, təmsilçimiz "Partizan" üzərində layiqli qələbə qazandı. Oyunboyu üstün oldular, qollarını vurdular, yekunda da vacib qalibiyyət əldə etdilər.
- "Sabah"ın evdə qazandığı 2:0 hesablı qələbə onların növbəti mərhələyə adlamasına nə qədər kömək olacaq? Yoxsa, hələ bu haqda düşünmək tezdir?
- "Sabah" Bakıdakı qələbə və göstərdiyi oyunla növbəti mərhələni artıq 60-70 faiz həll edib. Təmsilçimizin səfərdə də uğurlu çıxış edəcəyinə inanıram.
- "Sabah" bu mərhələni keçəcəyi təqdirdə, pley-off mərhələsində "Styaua" - "Norşelland" cütünün qalibi ilə qarşılaşacaq. Murad Musayevin komandasının Konfrans Liqasında qruplara düşmək perspektivi var, yoxsa komandaya yeni transferlər yenə lazımdır?
- Əlbəttə ki, "Sabah"ın Konfrans Liqasının qrupuna düşməsi mümkündür. Onlar üç oyunda da qalib gəliblər. Digər məsələyə gəldikdə, hər bir komandanın hər zaman güvlənməyə ehtiyacı var.
- Avrokuboklardakı digər təmsilçimiz "Qarabağ" "Rakuv" uğursuzluğundan sonra "Helsinki" ilə görüşdə qələbə qazanmağı bacardı. "Qarabağ"ın bu qədər çətinlik çəkməsini nə ilə əlaqələndirirsiz?
- "Qarabağ" ilk hissədə yaratdığı qol imkanlarını reallaşdıra bilsəydi, böyük hesabla qalib gələrdi. Sadəcə sonluq alınmırdı. Bu qələbə uşaqlarda əlavə ruh yüksəkliyi yaradacaq. Finlandiyadakı matç çətin olacaq. Amma "Qarabağ"ın öz oyunu var və istənilən rəqiblə matçda bunu tətbiq edə bilir.
- "Qarabağ" "Rakuv" səddini keçə bilmədi, ardınca Premyer Liqanın ilk turunda "Zirə"yə uduzdular. Sizcə, həqiqətən Ağdam klubunda eniş gedir yoxsa, heyət yenilənib deyə, zaman lazımdır?
- Bəli, heyətdə dəyişikliklər var. Yeni oyunçuların da komandaya uyğunlaşma prosesi gedir. Ona görə də, belədir. Amma oyundan-oyuna "Qarabağ"da yüksəliş olacaq. Bunu zamanla görəcəyik.
- Konfrans Liqasında çıxış edən "Neftçi" "Beşiktaş"la görüşdə uğursuz nəticə ilə yadda qaldı. Sizcə, “Neftçi” “Beşiktaş”a niyə bu cür oyun və belə hesabla uduzdu?
- "Beşiktaş" səviyyə baxımından çox üstündür. İlk hissədə hiss olunurdu ki, "Neftçi" futbolçuları çəkinirlər. Sözsüz ki, "Neftçi" yeni qurulmuş komandadır. Onların tam uyğunlaşmasına vaxt lazımdır.
- "Neftçi"də Adrian Mutunun gəlişindən sonra müsbət mənada nəsə dəyişib, yoxsa elə Laurentsiu Regekampfın komandasına bənzəyir?
- Onu zaman göstərəcək. Yeni baş məşqçinin işinə qiymət vermək, bu haqda nəsə demək hələ tezdir. Mənə elə gəlir ki, yaxşı komanda qurulur. Sadəcə zamana ehtiyac var. Müəyyən vaxt keçdikdən sonra hər şeyi görəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi