"Sabah" Peşəkar Futbol Liqasına və “Sumqayıt” klubuna müraciət edib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən "Sabah" Serbiyanın "Partizan" klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib.
“Sabah”ın rəsmi müraciətini, “Sumqayıt” klubunun rəsmi razılıq məktubunu əsas götürən PFL ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq Misli Premyer Liqasının 13 avqust tarixinə nəzərdə tutulmuş “Sumqayıt” - “Sabah” oyununu təxirə salır. Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in saytında veriləcək. Komandaların əvəzedicilər liqasında çıxış edən təmsilçilərinin oyunları qüvvədə qalır.
Qeyd edək ki, PFL-ə digər avrokubok təmsilçilərimizdən oxşar müraciət daxil olmayıb.
saytlarin hazirlanmasi