"Qarabağ"ın forvardı Juninyo Vieyra Misli Premyer Liqasının 2-ci turunun "Turan Tovuz"la(3:0) görüşündən sonra jurnalistlərə müsahibə verib. Braziliyalı hücumçu Sportal.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- "Turan Tovuz"u 3:0 hesabı ilə məğlub edə bildiniz. Matçla bağlı nə deyəcəksən?
- Çox isti havada oynadıq. Xüsusən də, ilk dəqiqələrdə belə idi. Bizim üçün oynamaq çətin oldu. Buna baxmayaraq, komanda əvvəlcədən verilən tapşırıqları yerinə yetirdi. Ümumilikdə, hesaba görə sevincliyəm.
- "Helsinki" ilə ilk matçda fərqləndin, “Qarabağ” qalib gəldi. Cavab matçından nə gözləmək olar?
- Hələ bu oyun haqda düşünməmişdik. Çünki “Turan Tovuz”la matçımız var idi. Bundan sonra bütün fikrimizi "Helsinki" ilə qarşılaşmaya yönəldəcəyik. Səfərdən uğurlu nəticə ilə qayıtmağı planlaşdırırıq.
- İlk matçda rəqibinizə qalib gəldiniz. Növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirirsən?
- Hər qələbə çox vacibdir. Ona görə də, indi də hər oyun fərqlidir. Səfərə qələbə ardınca gedəcəyik.
- Tam formaya düşməyin üçün nə qədər vaxta ehtiyacın var?
- Hələ 100 faiz hazır deyiləm. Lakin günü-gündən özümü daha yaxşı hiss edirəm. Komandada hamı daha yaxşı performans göstərməyim, adaptasiyanı keçmək üçün əllərindən gələni edir.
- Premyer Liqanın bombardiri olmağı istəyirsən?
- Mən daha çox komandanın qələbə qazanmasını istəyirəm. Qələbə olanda, qollar gəlir. Fərqi yoxdur, mən vurdum qolu, yoxsa başqası. Mənim üçün prioritet komandanın qələbəsidir. Bombardirlik barədə fikirləşmirəm.
saytlarin hazirlanmasi