“Qalatasaray” – “Fənərbağça” matçının ləğvinin gizlinləri – SENSASİON DETALLAR

18:26 - 1 Yanvar 2024

“Qalatasaray” və “Fənərbağça”nın Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan oyununun təxirə salınması səbəbindən sosial şəbəkələrdə başladılan sistemli təbliğat kampaniyasının bircə məqsədi var: Ərəb-türk millətçiliyini və qarşıdurmasını yenidən körükləməklə Fələstin mövzusunda islam ölkələrinin vahid mövqedən çıxış etməsinin qarşısını almaq, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında son illər yaxınlaşma üçün aparılan danışıqları ictimai nifrət və etirazlarla pozmaq!”

Sportal.az istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman son vaxtlar tədricən ABŞ-dan uzaqlaşaraq Rusiya, Türkiyə və Çinlə yaxınlaşmaq xətti seçib:

“O, hətta Səudiyyənin rəsmi məzhəbi olan sələfilikdə islahatların aparılmasının tərəfdarı kimi də çıxış edir. 7 oktyabrda başlayan HƏMAS-İsrail savaşı isə Ərəb dünyasının ABŞ-İsrail ittifaqından uzaqlaşması prosesini daha da sürətləndirmişdi. Türkiyə Ərəb dünyasının vahid müqavimət cəbhəsinin yaradılmasında ən fəal oyunçu kimi çıxış edirdi.

HƏMAS-a, Fələstin xalqına verdiyi dəstəklə Türkiyənin Ərəb dünyasında, o cümlədən Səudiyyə Ərəbistanında nüfuzu xeyli yüksəlmiş və onun İslam dünyasına liderlik imkanlarını xeyli artırmışdı.

Görünür, Qərb bu dəfə də həm Türkiyə, həm də Səudiyyə Ərəbistanındakı şəbəkəsini hərəkətə gətirməklə köhnə ərəb-türk düşmənçiliyi üzərində İslam dünyasında yeni bir fitnə ocağını alovlandıracağına əmindir.

“Vaşinqton Post”un məşhur jurnalisti Camal Qaşıqçının 2018-ci ildə Türkiyədə qətlə yetirilməsindən sonra Türkiyə ilə Səudiyyə arasında gərginliklər yaşansa da, hər iki ölkənin rəhbərliyi bu hadisədən bir-birinə qarşı istifadə cəhdlərinin qarşısını ala bilmişdi.

Böyük ehtimalla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman bu olayın həm də hər iki liderə qarşı təşkil edilmiş bir təxribat olduğunun yaxşı fərqindədirlər və sağlam düşüncə bu dəfə də qalib gələcək.

Bizim coğrafiyamızda yaşananlar bir daha sübut edir ki, İslam dünyasında birləşdirici ümmətçilik düşüncəsi bölücü millətçilik düşüncəsini üstələmədikcə, hələ belə fitnələrə çox şahidlik edəcəyik”.

Turan Rzayev

Globalinfo.az

Xəbər xətti