Bakıda keçirilən COP29 çərçivəsində "Qarabağ"ın təşəbbüsü ilə yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansını dəstəkləmək üçün ölkəmizə təşrif buyuran Fatih Terimin jurnalistlər üçün brifinqi təşkil olunub.
Sportal.az xəbər verir ki, "Qalatasaray" və Türkiyə millisinin sabiq çalışdırıcısı tədbirdə çıxış edib və "Qarabağ" haqda da danışıb:
“Azərbaycan dünyanın ən böyük tədbirlərindən birinə – COP-29-a ev sahibliyi edir. Mən şadam ki, bu, sizin ölkədə baş verir. Bununla bağlı Bakıda yaxşı ab-hava yaradılıb. Dəvətlərə və qonaqpərvərliyə görə “Qarabağ”a minnətdaram. “Qarabağ”ın bazasında oldum. Qurban Qurbanovu sevirəm və onun fəaliyyətini izləyirəm. Onunla da danışdım. Burada mənə çox böyük diqqət var. Mən bunu yüksək qiymətləndirirəm. Azərbaycana və onun xalqına minnətdaram. 1996-cı ildə Türkiyə millisinin baş məşqçisi kimi burada yoldaşlıq görüşündə olmuşdum. 2000-ci illərdə biz artıq rəsmi matçın bir hissəsi kimi burada idik.
Ümid edirəm ki, “Qarabağ”ın təşəbbüsü ilə yaradılan bu təşkilatçılıq Avropanın digər klubları sayəsində genişlənəcək və öz çəkisi olacaq. Burada sizinlə olmaqdan şadam”.