"Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybullayev Sportal.az saytına müsahibə verib.
- Kişinyovda “Petrokub”a 2:0 qalib gəldikdən sonra yəqin ki, növbəti mərhələyə vəsiqə qazanacağınıza inamınız daha böyük idi?
- Əlbəttə ki, növbəti mərhələyə vəsiqə qazanacağımıza çox inanırdıq. “Petrokub”u Bakıda məğlub edəcəyimizə inamımız yüksək idi. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Sonda da qalib gəldik.
- “Petrokub”u evdə 4:1 məğlub etdiniz. Ötən mövsüm Konfrans Liqasında əsas mərhələyə qədər irəliləyən “Petrokub”a qarşı çətinlik çəkməməyinizin səbəbi nə idi?
- Hesab bizi aldatmamalıdır. Avrokuboklarda asan rəqib olmur. Hər iki görüş də asan deyildi. Hesabın böyük olması isə qoleadorumuz Coy-Lens Mikels və Pavol Şafranko sayəsində reallaşdı.
- Növbəti mərhələdəki rəqibiniz “Levski”(Sofiya) klubudur. Onlar az qalsın, “Braqa”nı keçəcəkdilər, amma sonda uduzdular və sizə rəqib oldular. Sizin üçün “Levski” daha uyğundur?
- Rəqibimiz “Levski”dir. Yaxşı hazırlaşacağıq və oynayacağıq. Əgər “Levski” “Braqa”ya qarşı elə mübarizə aparıb, az qala mərhələni keçirmişsə, demək ki, bizim üçün də uyğun rahat olmayan rəqibdir.
- “Levski” haqda məlumatın var?Onların müsbət və ya mənfi tərəfləri haqda nə deyə bilərsən?
- Məşqçilər korpusu rəqib barədə istənilən məlumatı bizə verəcək. Amma hələ ki “Levski” haqda məlumatımız yoxdur. Qarşıdakı günlərdə məşqçilər tərəfindən lazımı tapşırıqları alacağıq.
- Komandaların ilk görüşü Sofiyada baş tutacaq. Bunun sizin üçün mənfi hal olduğunu düşünürsüz?
- Bu haqda çox danışmağa ehtiyac yoxdur. Sadəcə onu deyə bilərəm ki, ən yaxşısı cavab görüşünü evdə oynamaqdır. Yoxsa, hər iki matçda da ən yaxşısına çalışacağıq.
- “Sabah”ın Konfrans Liqasında əsas mərhələyə qədər irəliləmək potensialı var?
- Əlbəttə ki, potensialımız var. Niyə də olmasın? Biz addım-addım irəliləmək istəyirik. Hər görüşdə mübarizə aparacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi