Qurban Qurbanov dərs verməliydi, həyat özü ona dərs verdi - "Qarabağ"ı aşağılayan adam barədə

15:42 - 31 İyul 2025

Başına bir iş gəlir, iki iş gəlir və elə bilirsən ki, daha həyatda hər şeyi görmüsən, bundan sonra çətin səni nəsə təəccübləndirsin. Amma sonra görmədiyin yeni bir şeylə qarşılaşırsan, daha sonra yenə nə isə baş verir... Həyat elə bu minvalla addım-addım, öz axarıyla, axıra kimi bizi təəccübləndirə-təəccübləndirə davam edir. 

Rumıniyanın FKSB klubunun prezidenti Cici Bekalinin "Qarbağ"la bağlı açıqlamalarını oxuyanda şokda idim. Rəqibin zəif də ola bilər, güclü də. Amma sayğılı davranmaq, hörmətlə yanaşmaq tək peşəkarlıq yox, həm də insani keyfiyyətlərdən gələn xüsusiyyətdir. 

Lakin həyata 3-5 günlük dünya kimi baxan Bekaliyə nə peşəkarlıq, nə də başqa heç nə maraqlı deyil. Adam fikirləşir ki, ağlına və ağzına gələn hər şeyi danışa bilər. Fikirlərinə sərhəd qoymayan bu adam ÇL-də FKSB-yə potensial rəqib olan "Qarabağ"ı aşağı səviyyəli, zəif komanda adlandırırdı, böyük-böyük fikirlər səsləndirirdi. 

Biz buna gələcəyin varsa, görəcəyin də var təfəkkürüylə yanaşırdıq. Yəni onun dərsini Qurban Qurbanov verəcək düşünürdük. Amma həyat özü Bekalinin dərsini verdi. Nə "Qarabağ"ı rəqib kimi görmək qismət oldu ona, nə də ÇL-in Liqa Mərhələsində oynamaq arzusu çin oldu. Çoxlarımızın gözləmədiyi halda "Şkendiya" FKSB-nı mübarizədən kənarlaşdırdı. 

İndi də deyir ki, danışmağa üzüm yoxdur, biabır olmuşam. Nə adamlar varmış həyatda... Böyük-böyük danışmağın nəydi, indi belə deməyin nədir. 

"Bizim Cəbiş müəllim" filmində Namiqin Makedona sillə vurduğu səhnə var. Cəbiş müəllim Makedona "əgər bir vaxt başa düşsən ki, səni nə üstə vurublar, onda bəlkə səndən adam oldu" deyir. Cici Bekali də nə üçün belə durumla üzləşdiyini başa düşsə, bəlkə ondan futbol adamı olar! Yox, belə davam etsə, həyat hələ ona çox belə dərslər verəcək. 

Həmid

Xəbər xətti