"Qarabağ"ın gündəmində olan daha bir futbolçu - "Loryan"ın hücumçusu

12:37 - 26 Avqust 2025

“Qarabağ”ın transfer gündəmində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Sportal.az "Futbolinfo.az"a istinadən xəbər verir ki, Azərbaycan çempionu Fransanın “Loryan” klubunun hücumçusu Sambu Sumano ilə maraqlanır. Lakin seneqallı forvardı heyətə qatmaq o qədər də asan görünmür. Çünki 24 yaşlı oyunçu İngiltərənin “Sanderlend”, “Brentford”, “Bernli” və Şotlandiyanın “Seltik” klubunun da gündəmindədir. İngiltərə Premyer Liqası komandalarından fərqli olaraq, “Seltik” və “Qarabağ” qarşı tərəflə rəsmi danışıqlar aparır.

Həm “Qarabağ”, həm də “Seltik” hazırda Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparır. Bu turnirin Liqa mərhələsində iştirak arzusu Sumanonu seçim qarşısında qoyub. Futbolçu “transfer pəncərəsi” bağlanmamış bu həftə ərzində yeni klubunu dəqiqləşdirməlidir.

“Loryan”in heyətində Fransa Liqa 1-nin ikinci turunda “Renn”lə görüşdə qol vuran Sumanonun klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. Yüksək performans nümayiş etdirən hücumçunun qarşıdakı toplanış üçün ilk dəfə Seneqal millisinə çağırılması gözlənilir. Onun “transfermarkt”da dəyəri 2,5 milyon avrodur.

 

Xəbər xətti